21 C
Baku
Friday, April 26, 2024

“Harvi” qasırğası neft bazarını da “vurdu”

ABŞ-da şist neft hasilatının “Harvi” qasırğasından zərər çəkməsi səbəbindən qara “qızıl”ın bazar təklifi 15 faiz azalıb. Bu barədə “The Wall Street Journal” yazır.

Qeyd olunur ki, qasırğadan ən çox Cənubi Texasdakı “Eagle Ford” yataqları zərər çəkib. Orada əvvəllər gün ərzində 1,4 milyon barel neft çıxarılırdı. Məlumata görə, istehsal bir neçə həftə ərzində bərpa olunacaq. Tropik qasırğa səbəbindən hazırda Texasda 15 faizdən çox emaledici qurum bağlanıb. Bu, neftin qiymətinin 2,5 faizdən aşağı düşməsinə gətirib çıxarıb. İndi neftin bir bareli 46,44 dollardır.

Bəs görəsən, təbii fəlakət davam edərsə, neftin qiyməti hansı həddə qədər bahalaşa bilər? Bu, özünü dünya enerji bazarında necə göstərər?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov vurğuladı ki, Amerikanın Texas ştatında baş verən bu qasırğa neft istehsalının aşağı düşməsinə səbəb olsa da, hasilatın kəskin azaldığını söyləmək olmaz: “Lakin nəticə etibarilə bazara müəyyən psixoloji təsirlər var. Ancaq bu dünya neft bazarında dəqiq hiss edilən artımlarla müşahidə edilmir. Hazırda ”Brent” markalı neftin qiyməti 51 dollardan bir qədər artıqdır. Texas markalı neftin qiyməti isə 46 dollara çatıb. Neftin qiymətində kəskin dəyişikliklər müşahidə edilmir. Hələlik neftin kəskin bahalaşacağı proqnozlaşdırılmır”.

İqtisadçının sözlərinə görə, bu qasırğanın bazara o dərəcədə də böyük təsiri yoxdur: “Doğrudur, ABŞ-ın neft hasilatı bazara birbaşa təsir göstərir. Amma buna rəğmən hesab edirik ki, Birləşmiş Ştatların neft hasilatındakı dəyişikliklər fonunda biz hələlik ciddi qiymət artımlarını görmürük. Baş verənləri bu kontekstdən qiymətləndirsək, Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcəyini proqnozlaşdırmaq doğru olmazdı. Çünki hər hansı təsirlər yoxdur. Neftin qiyməti faktiki olaraq mövcud səviyyədə qalıb. Bu baxımdan, biz qasırğa nəticəsində neft bazarında baş verənlərin Azərbaycan iqtisadiyyatına və dövlət gəlirlərinə təsirini müşahidə etmirik. Düzdür, Azərbaycan üçün neftin qiyməti çox əhəmiyyətlidir. Hələ də ölkəmizin ixracatının təxminən 90 faizi neft və neft məhsullarının payına düşür. Bu baxımdan, əgər neftin dünya bazarında qiymətində artımlar olsaydı, dövlət gəlirlərinin artmasına təsir göstərə bilərdi. Ancaq hazırda neftin qiymətləri stabildir və bu baxımdan, qasırğa neftdən daxilolmaların həcminə ciddi təsir göstərmir. Azərbaycan orta hesabla əvvəlki aylarda olduğu kimi, neft satışından mövcud gəlir səviyyəsini qoruyub saxlayacaq”.

Bu ilin sonuna doğru neftin qiyməti ilə bağlı proqnozlara gəlincə, V.Bayramov bildirdi ki, bu barədə dəqiq rəqəmlər səsləndirmək vermək mümkün deyil: “Neftin qiyməti ilə bağlı həm ekspertlərin, həm də beynəlxalq təşkilatların proqnozları mütəmadi olaraq dəyişir. Bəzən ay ərzində aparıcı beynəlxalq təşkilatlar öz proqnozlarını bir neçə dəfə dəyişirlər. Eyni zamanda nəzərə alaq ki, bəzi aparıcı şirkətlər belə neftin dünya bazarındakı qiymətini proqnozlaşdırmırlar. BP öz hesabatlarında neftin qiymətini proqnozlaşdırmadığını, amma hesablaşmalar üçün baza qiymətini müəyyənləşdirdiyini bildirir. Bu isə ondan xəbər verir ki, iri neft şirkətləri belə neftin qiymətini proqnozlaşdırmaqda çətinlik çəkirlər. Çünki qiyməti yalnız iqtisadi faktorlar deyil, siyasi faktorlar da müəyyənləşdirir. Ancaq mövcud vəziyyəti nəzərə alsaq, güman olunur ki, ilin birinci yarısındakı qiymət tarazlığı ilin ikinci yarısında da saxlanılacaq. Çünki artıq bazarda ”Brent” markalı neftin qiymətinin 50 dollar ətrafında, “Texas” markalı neftin qiymətinin isə 45 dollar ətrafında dəyişməsi müşahidə olunur. Mövcud qiymət səviyyəsinin növbəti aylarda da qorunub saxlanılması ehtimalı çox yüksəkdir. Hər hansı siyasi səbəblər baş verməzsə, mövcud şərtlər daxilində ilin sonuna qədər “Brent” markalı neftin qiymətinin 50 dollar intervalında dəyişəcəyi güman edilir”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər