Azərbaycanda “Kredit Zəmanət Fondu” ASC-nin yaradılması “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulub. Məqsəd sahibkarların kredit resurslarına çıxış imkanlarını artırmaqdır.
Bunu açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişafı həm də onların maliyyə vəsaitlərinə, kreditlərə əlçatanlığının təmin edilməsi ilə birbaşa bağlıdır.
“Tədqiqatlar da göstərir ki, Azərbaycanda, xüsusilə kiçik və orta sahibkarların kreditlərə əlçatanlıq səviyyəsi yüksək deyil. Səbəblərdən biri odur ki, həmin kreditlərə zəmanət verilmədiyi üçün kommersiya bankları kiçik və orta sahibkarlarla işləməkdə çox maraqlı deyil. Çünki kiçik və orta sahibkarlıqda risk nisbətən yüksəkdir. O baxımdan zəmanət fondunun yaradılmasına ehtiyac var idi” — Bayramov bildirib.
İqtisadçının deyib ki, Fondun əsas məqsədi kreditlərə zəmanətin verilməsidir: “Kiçik və orta sahibkarlar kredit alan zaman Fondun zəmanətindən istifadə etmək imkanına malik olacaqlar. Çünki Fondun həmin kreditlərə zəmanət vermək səlahiyyəti olacaq. Müraciətlər Fondun əsasnaməsinə uyğun olaraq konkret meyarlar əsasında seçiləcək və qiymətləndiriləcək”.
Onun fikrincə, zəmanətin verilməsi kiçik və orta sahibkarların kredit alma imkanlarını xeyli asanlaşdıracaq: “Artıq bank kiçik və orta sahibkarlarla işləməkdə maraqlı olacaq. Fond birbaşa kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi baxımından vacibdir və Fondun fəaliyyəti kiçik və orta sahibkarların kreditlərə əlçatanlığının artmasına gətirib çıxarda bilər”.
“Azərbaycanda “Kredit Zəmanət Fondu” ASC-nin yaradılması ilə təminatsız sahibkarlar kredit ala biləcək, üstəlik ödəməli olduqları faizlərin bir hissəsindən azad olacaqlar”.
Bunu mətbuata açıqlamasında maliyyə analitiki, “PSG Kapital” investisiya şirkətinin direktor müavini Cəfər İbrahimli deyib. Onun sözlərinə görə, bu da iş adamlarının investisiya xərclərinin azaldacaq.
“Fondun zəmanət verəcəyi kreditlərin parametrələri dəqiq müəyyən olunmalıdır. Yəqin ki, bütün kreditlərə zamin durmaq çətin olacaq. Əgər “Kredit Zəmanət Fondu” ölkədəki digər fondlar kimi gec qərar vermək mexanizmi ilə işləsə, bu, ümumi işə ziyan vura bilər. Amma istənilən halda bu təcrübə qlobal səviyyədə özünü doğruldub, məsələn, Türkiyədə müsbət nəticə verib. Belə fondun təminatı ilə maliyyələşdirmə qonşu ölkədə illik iqtisadi artımı 5%-ə çatdırıb” – deyə C.İbrahimli qeyd edib.
Bununla belə, ekspertin fikrincə, fondun zəmanət verdiyi kreditlərə ciddi nəzarət olunmalıdır: “Buradakı kreditə dövlət zəmanəti verildiyi üçün lazımsız və riskli layihələrin maliyyələşdirilməsinə imkan verilməməlidir. Əks təqdirdə, bu zəmanət mexanizmi gələcəkdə dövlət büdcəsi və maliyyə sistemi üzərində əlavə yük formalaşdıra bilər”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 15-də “Kredit Zəmanət Fondu”nun yaradılması ilə bağlı fərman imzalayıb. “Kredit Zəmanət Fondu” ASC sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxsdir.