8 C
Baku
Wednesday, October 30, 2024

Manatın aqibətinə dair yekdil rəy var

“Tam üzən məzənnə rejiminə keçid artıq təmin olunub. Çünki bu gün valyuta bazarında formalaşan məzənnə valyutaya tələb və təklif amilləri əsasında formalaşır”.

Bu barədə ötən günlərdə Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev məlumat verib. “Mərkəzi Bankın makroiqtisadi göstəricilərə təsiri pul siyasəti ilə həyata keçirilir. Yəni bizim artıq məzənnəyə təsirimiz bazara birbaşa müdaxilə etmək hesabına deyil, dolayı təsirdir” — o bildirib.

“Pul kütləsi və pul təklifinə təsir etmək mexanizmi ilə biz tam üzən məzənnə rejiminin daha effektiv fəaliyyət göstərməsi üçün iqtisadi sabitliyi təmin etmək üçün bir effektiv alət kimi istifadə edə bilirik” — Əliyev əlavə edib.

Onun sözlərinə görə, yeni tədbirlərdən biri də alternativ lövbərin yaradılmasıdır: “Yəni iqtisadi sabitliyin təmin olunması üçün əsas nəzarət etdiyimiz göstərici əvvəlki illərdən fərqli olaraq pul kütləsinin tam nəzarətə alınmasıdır. Əgər pul kütləsi tam nəzarət altına alınmışsa, Mərkəzi Bankın və Maliyyə Sabitliyi Şurası çərçivəsində razılaşdırılmış göstərici ətrafındadırsa, bu təbii ki, məzənnənin sabitliyini və digər makroiqtisadi göstəricilərin və bütövlükdə iqtisadiyyatın artımını təmin edir”.

Məsələni şərh edən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, bu, yeni fikir deyil: “Bu, Mərkəzi Bank rəsmilərinin son 7 ayda ard-arda səsləndirdiyi fikirlərdir. Yanvar ayından Mərkəzi Bank üzən məzənnə rejiminə keçidlə bağlı mövqeyini açıqlayıb və manatın məzənnəsinin tələb və təklif əsasında formalaşdığını bildirib”.

“Düşünürəm ki, bu açıqlamaya zərurət, məhz sentyabrın 29-da Mərkəzi Bank tərəfindən göndərilmiş bir bildirişin ictimaiyyət arasında nə qədər həssaslıqla qarşılanması və panikaya səbəb olmasından qaynaqlanıb. Bu baxımdan, valyuta bazarlarında yeni nəsə baş verməyib. Mərkəzi Bank öz mövqeyini də dəyişməyib” — Həsənov bildirib.

Onun sözlərinə görə, dünyanın heç bir ölkəsinin Mərkəzi Bankı valyuta bazarlarını tam tərk etmir: “Məzənnə siyasətinə birbaşa cavabdeh qurum kimi ən müxtəlif alətlərdən istifadə edərək valyuta bazarlarını əsas iştirakçısı mövqeyini qoruyub saxlayırlar. Amma üzən məzənnə rejimlərində mərkəzi banklar bazarda müəyyən qədər meylliliyi, istiqaməti müəyyənləşdirməyə çalışırlar. Bu istiqamətdə alış və satış əməliyyatları həyata keçirirlər, pul kütləsinin tənzimlənməsinə müəyyən qədər nəzarət edirlər və s. Amma tənzimlənən məzənnə sistemində məzənnə demək olar ki, diktə olur”.

İqtisadçının fikrincə, ilin əvvəllərində məzənnədə dinamika müşahidə olunurdu, volatilik var idi: “Bu, üzən məzənnə rejiminin bir göstəricisidir. Üzən məzənnə rejimində heç bir halda məzənnələr uzun müddətli dövr üçün tam sabit qala bilməz. Eyni zamanda, müşahidələr göstərir ki, hətta, bazarda ciddi dəyişikliklər olduğu halda, bəzən manatın bu dəyişikliklərə reaksiyası olmayıb”.

“Məsələn, avqust ayında dünyada neftin qiyməti kəskin ucuzlaşıb. Hər kəs bilir ki, Azərbaycanda məzənnənin formalaşmasında neft amilinin gücü nədir. Amma buna baxmayaraq, manatın məzənnəsində neftin ucuzlaşmasına reaksiyanı görmədik. Bundan başqa, dünya bazarlarında aprel ayından başlayaraq dollar ucuzlaşmağa başlayıb və avqust ayına qədər dollar öz dəyərini 13 faiz itirib. Amma bu müddətdə də biz manatın məzənnəsinin reaksiyasını görmədik” — ekspert vurğulayıb.

R. Həsənovun dediyinə görə, bu iki faktor məzənnədə müəyyən volatilik formalaşdırmalıydı, amma, bunlar olmadı: “Əvəzində 0,29 faizlik manatın möhkəmlənməsi baş verib. Bütün bunlar onu deməyə əsas verir ki, ictimaiyyətin məzənnənin formalaşmasında Mərkəzi Bankın əsas oyunçu olduğunu fikirləşməsi haradasa haqlıdır”.

Onun qənaətincə, ötən dövrdə üzən məzənnə rejiminin simptomlarını valyuta bazarlarında hiss etməmişik: “Hərraclarda dollar satılmadığı halda, manatın məzənnəsində möhkəmlənmə getmir. Ötən günün məzənnəsi yeni günə, ötən həftənin məzənnəsi yeni həftəyə transfer edilir. Bu, bazar qanunlarına zidd məsələdir. Əgər tələb təklifi üstələyirsə, bu zaman manatın məzənnəsi ucuzlaşmalıdır”.

“Amma biz bunları bazarlarda hiss etmirik. Düşünürəm ki, bu gün tənzimlənən məzənnə siyasəti hələ də davam etdirilir. Bugünkü manatın tarazlıq məzənnəsi bazar tarazlığı nəticəsində əldə olunmuş məzənnə deyil. Bu, cavabdeh qurumların arasında ümumi razılaşma nəticəsində ortaya çıxıb. Hələlik Azərbaycanda tam üzən məzənnə rejimi mövcud deyil” — Həsənov diqqətə çatdırıb.

“Manatın ucuzlaşmasını şərtləndirən hər hansı bir zərurət yoxdur. Hələlik qısa və uzun müddətli dövrdə əhəmiyyətli məzənnə dəyişikliyi proqnozlaşdırılmır” – deyə o, əlavə edib.

İqtisadçı-ekspert Cəfər İbrahimli isə açıqlamasında deyib ki, Mərkəzi Bankın standart hərraclarla bazarda mövcud olması o deməkdir ki, daha əvvəl Mərkəzi Bankın özünün də qeyd etdiyi kimi tənzimlənən üzən məzənnə mexanizmi davam edir: “Bu da indiki iqtisadi situasiyaya uyğundur”.

“Nəzərə almaq lazımdır ki, digər inkişaf etməkdə olan ölkələrin də mərkəzi bankları, sərt qiymət dəyişikliyi müşahidə olunduğu zaman bazara müdaxilə edir. Dolayısı ilə, Azərbaycan Mərkəzi Bankı manatın digər valyutalara qarşı sərt dəyişikliyini müşahidə etsə, birbaşa hərraclar vasitəsi ilə müdaxilə etməyə davam edəcəyini düşünürəm” — İbrahimli söyləyib.

Mövzunu dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə isə, manata inamın formalaşdırılmasına ehtiyac var və bu, əsas hədəf olmalıdır: “Vətəndaşların manata inamının bərqərar olması olduqca vacibdir. Mərkəzi Bank hələ bu ilin yanvarında tam üzən məzənnəyə keçdiyini bildirmişdi. İndi 9 aydan sonra yenidən tam üzən məzənnənin bərqərar olduğunu və ya keçdiyini bildirməsini də izah etmək çətindir”.

Onun qənaətincə, Mərkəzi Bank düşünür ki, cəmiyyətdə tam üzən məzənnənin tətbiqi ilə bağlı əminlik yoxdur: “Mərkəzi Bankın proseslərə təsir imkanları güclü olaraq qalmaqdadır. Düşünürəm ki, cəmiyyət üçün məzənnə siyasətinin necə adlandırılması deyil, manata inamın tam olaraq formalaşması əsas hədəf olmalıdır. Mərkəzi Bank tərəfindən növbəti dövrlər üçün manatın məzənnəsi ilə bağlı proqnozların hazırlanaraq cəmiyyətə təqdim edilməsinə ehtiyac var”.

Son xəbərlər
Digər xəbərlər