Bu gün Daxili İşlər Nazirliyi özünü 12-ci İmam Mehdi kimi təqdim edib insanlara qarşı külli-miqdarda dələduzluq edən Babayev Aqil Zalış oğlunun həbs edilməsi ilə bağlı məlumat yayıb. Rəsmi açıqlamada onun 2000-2021-ci illər ərzində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə 50-yə yaxın şəxsin külli miqdarda pullarını ələ keçirdiyi bildirilir.
Qeyd olunur ki, Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında dini məclislər keçirib, guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Hətta rəsmi məlumatda deyilir ki, A. Babayev zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaiti ələ keçirib.
Aqil Babayevə elan olunan ittihamlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Müzakirələrdə A. Babayevin “Şaurma N1” restoranlar şəbəkəsinin rəhbəri Natiq Sadıqovun şəriki olduğu, biznesmenin özünün də şəriki tərəfindən dələduzluğa məruz qaldığı iddia edilib. Sosial şəbəkə istifadəçiləri bildirir ki, zərərçəkmiş qismində təqdim olunan şəxslərin kor-koranə şəkildə tanımadıqları adama yarım milyona yaxın pul verməsi real görünmür. Digər tərəfdən isə A. Babayevi tanıdığını iddia edən şəxslər yazır ki, o, həqiqətən təriqət quraraq belə məclislər təşkil edirmiş.
Banker.az xəbər verir ki, “Qafqazinfo” yayılan məlumatlara aydınlıq gətirmək üçün A. Babayevin qardaşı Sərdar Babayevlə əlaqə saxlayıb.
O, qardaşının “ŞaurmaN1” restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqovun şəriki olduğunu təsdiqləyib:
“Qardaşım Natiq Sadıqovun həyat tərzində olan bəzi yanlışlıqları, səhvlərini görərək həm şərik, həm də böyük qardaş kimi ona məsləhət verib və danlayıb. Bildirib ki, belə işlərdən əl çəkməsə qurduğu biznesə maneə yarana bilər. Onu həm də ətrafında puluna göz dikən, adını dost qoyan şəxslərdən uzaqlaşdırmaq istəyirdi. Görünür, bu, Natiq Sadıqova xoş gəlməyib. Halbuki, Aqili öz müəssisəsinə şərikliyə özü dəvət etmişdi. Qardaşımın əvvəlcə bağına soxuldular, onu girov saxlayıb həm bağ, həm də digər evinin açarlarını götürüblər. Telefonlarının yaddaşını siliblər. Telefonundan yoldaşına mesaj göndərərək şəhər evindən 9 milyon manat pul və qızıl zinət əşyalarını götürüblər. Bütün bunlar evdə videokameralara düşüb, əlimizdə də faktlar var”.
A.Babayevin özünü 12-ci İmam Mehdi kimi təqdim etməsinə gəlincə isə S. Babayev bildirib ki, əslində qardaşı incəsənətə bağlı olub və təşkil etdiyi məclislərdə də din xadimləri iştirak etməyib:
“Mən onun qardaşıyam, illər boyu onun ətrafındakı insanların nə işlə məşğul olduğunu bilirəm. Bu insanlar Aqilin mərhəmətli, mömin olmasından istifadə edib onun çörəyini yeyiblər və ona qarşı əsası olmayan ittihamlarla çıxış edirlər. Bizim əlimizdə çoxlu video görüntülər var ki, bu şəxslər onun təşkil etdiyi şənliklərdə iştirak ediblər. Aqil bayramlarda, ad günlərində və müxtəlif günlərdə məclislər təşkil edirdi. Orada bir nəfər də olsun din xadimi iştirak etməyib. Ancaq incəsənət xadimləri, xalq artistləri, muğam ustaları olub. Aqil musiqiyə bağlı idi, qarmonda, dumbulda ifa etməyi bacarırdı. Özü də namazqılan, oructutan biri idi. Həmçinin dünyəvi işlərdə də aktiv iştirak edirdi. Özünü 12 -ci İmam kimi qələmə verən şəxs dünyəvi məclislərdə iştirak edərdimi? Bu, tamamilə yalandır”.
S. Babayevin sözlərinə görə, qardaşının şərikinə və hazırda zərərçəkmiş kimi göstərilən şəxslərə borcu yoxdur:
“Natiq Sadıqovdan tutumuş ən sonuncu şəxsə qədər hər biri Aqil Babayevə borcludur. Yaşadıqları evi də Aqil alıb onlara verib. Elə niyyətləri də odur ki, Aqildən oğurladıqları ört-basdır olunsun”.
Qardaşı A. Babayevin jurnalist kimi çalışması ilə bağlı yayılan məlumatı da təsdiqləyib. Bildirib ki, o, illər əvvəl bu sahədə çalışıb.
Səslənən ittihamlara cavab almaq üçün “ŞaurmaN1” rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Restoranlar şəbəkəsindən sorğumuzla bağlı rəhbərliyə məlumat verildiyi və əlaqə saxlanılacağı bildirilsə də, açıqlama verilmədi.
Xatırladaq ki, Aqil Babayevə qarşı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsin Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.