9 C
Baku
Saturday, December 28, 2024

16 il pulsuz

Bu hekayə 1 may 1996-cı ildən başlamışdı, Dortmundun 54 yaşlı imkanlı və peşəcə pedaqoq-psixoterapevt olan xanımı bir eksperiment keçirmək qərarına gəldi: o, bankdakı hesabını ləğv etdi, öz əmlak və pullarını ehtiyacı olanlara payladı və içində bir neçə şəxsi əşya və şəkil olan çamadanla azad həyatın ağuşuna atıldı.

Ilk əvvəllərdə qadın bir il ərzində pul kisəsi və bank hesabı olmadan yaşamağı nəzərdə tuturdu. Lakin pulsuz həyat daha maraqlı oldu, buna görə də Haydemari Şveymer özünün “heçnəsiz” varlığını davam etdirmək qərarına gəldi.

Şveymer Avropaya səyahət edir, kitablar yazır, mühazirələr deyir, arzu edənlərlə öz təcrübəsini bölüşürdü. Əgər ona nə isə lazım olsa, qadın “barter” formasında öz əməyi ilə haqqını ödəməyə hazırdır.

Məsələn, əgər Haydemarinin başının üstündə dama ehtiyacı varsa, o təsərrüfat işləri görməklə qarşılığını ödəyəcək. Cəsarətli təqaüdçü supermarketdə təmizlik işləri görməklə qida təminatını qarşılayır. Saç ustasının xidmətini onun itini gəzdirməklə ödəmək olar. Əgər hər hansı bir universitet və ya assosiasiya cəmiyyəti onu mühazirə deməyə dəvət edirsə, dəvətlə yanaşı ona nəqliyyat bileti də göndərirlər.

Geyimi də mübadilə yolu ilə əldə edir – hər şey elə doğma Dortmund şəhərində yerləşən barter klubundan başlamışdı. Bu sosial təşəbbüsün inkişafı Haydemarini pulsuz yaşamağın mümkünlüyü qənaətinə gətirdi.

800 avroluq aylıq dövlət təqaüdünü isə ondan daha çox bu pula ehtiyacı olanlara paylayır. Şveymar ilk kitabın qonorarını da kasıblara vermişdi.
Hər ehtimala qarşı təqaüdçünün üstündə çantasında saxladığı 200 avro olur. Düzü, Şveymer 16 il ərzində bu pul heç vaxt lazım olmayıb.

Xarici görünüşündən heç də bəlli olmur ki, onun evi yoxdur və kasıbdır: qadın sağlam, eleqant və baxımlı görünür. Onun üzündə daima təbəssüm olur.

Təqaüdçü ümid edir ki, o ömrünün axırına qədər bu formada qalacaq, lakin əgər taqətdən düşsə analarının azadlıq sevgisinə hörmətlə yanaşan sevimli uşaqları ona kömək edəcəklər. Yeri gəlmişkən, o evə görə haqqı öz əməyi ilə ödəmək fikrindədir.

Şveymerin eksperimentinin mahiyyəti onu həmişə narahat edən sualla bağlı idi: niyə müasir cəmiyyətdə pul digər qiymətli şeylərin əsas ölçü vahid kimi çıxış edir? Niyə insan ləyaqəti və həyatın özü pulla ölçülür?

Lakin qadın pul iqtisadiyyatının yaratdığı yaxşı şeyləri, onun yaradıcı potensialının yüksəkliyini inkar etmir və hesab edir ki, onun timsalında puldan tamamilə imtina etməyə dəyməz.

Öz eksperimentinin nəticəsində təqaüdçü belə bir nəticəyə gəldi ki, kapitalizm sivilizasiyasının nüvəsini təşkil edən puldan imtina, müvəqqəti natural mübadilə formasına keçid insan şüurunu inkişaf etdirə, onları qeyri-müəyyən qorxu və dərin deformasiyalardan azad edə bilər.

Hələ dörd il əvvəl Doyçe Velle Haydemari haqqında öz boz həyatını maraqlı etməyə çalışan anormal insan kimi qiymətləndirirdi.

Lakin Avropada maliyyə böhranının başlaması və sosial xarakterli etirazların çoxalması ilə Haydemarinin müvəqqəti də olsa puldan imtina etməyə hazır olan tərəfdarlarının sayı getdikcə daha da artdı.

Son xəbərlər
Digər xəbərlər