168 saat və suallar

Fəxri Ağayev yazır…

Müvəffəqiyyətli olmaq üçün çoxmu işləmək lazımdır? Hesab edirəm ki, müvəffəqiyyətli olmaq üçün çox və gərgin yox – effektiv işləmək vacibdir. Effektivlik nə deməkdir? Effektivlik = nəticə /xərclənən enerji, zaman və resurslar.

Bizə ayrılan resursların məhdud olduğu zaman effektivlik çox böyük əhəmiyyət daşımağa başlayır. Zaman keçdikcə zamanın əhəmiyyəti artır.

Hər birimizin 168 saatla məhdud həftəmiz var. Biz bu zamanı r bilmərik, biz onun istifadəsinin effektivliyini artıra bilərik.

Bəzən olur ki, bütün həftə boyunca məşğul oluruq, gedirik, gəlirik, işləyirik, yollarda, universitetdə, ofislərdə, görüşlərdə, müzakirələrdə, dərslərdə zaman keçiririk və yoruluruq. Bazar günü axşam geriyə baxanda isə anlayırıq ki, həyatımızda vacib olan bir çox sahələrə – ailə, dostlar, inkişaf, sağlamlıq – zaman ayıra bilməmişik, amma çox da yorulmuşuq. Bəs hara gedib 168 saat? Biz bu saatları hara və nələrə xərcləmişik?

Məhz buna görə həftəsonunda biz özümüzə müəyyən vacib sualları verməliyik ki, bir sonrakı həftə də keçən həftəmiz kimi yorucu və eyni zamanda qeyri-effektiv olmasın.

Hər həftə bitəndə, bazar günü axşam bu beş suala cavab vermək üçün 10 dəqiqə zaman ayırın. Əminəm ki, bu 10 dəqiqəlik zaman dilimi inkişafınız üçün əhəmiyyətli olacaq.

Sual № 1. Bu həftə ərzində məni məqsədlərimə doğru aparan hansı işləri etdim və bu işlərə nə qədər zaman ayırdım?

Nə etməli?

Hər həftə məqsədlərimizə doğru bir addım da olsa, irəliyə getmiş olmalıyıq. Əgər məqsədlərimiz varsa. Yoxdursa – birinci növbədə məqsədlər müəyyən edilməlidir, məqsədlərə görə illik planlar hazırlanmalıdır və sonra da bu planlara görə həftəlik iş planı hazırlamaq lazımdır. Misal, “bu il ingiliscə öyrənəcəm” məqsədinin ilkin addımları kurs tapmaq, hər gün beş söz əzbərləmək və 10 dəqiqə ingiliscə xəbərləri dinləməkdirsə, keçən bir həftədə bunları etməmisinizsə, demək ki, məqsədlərinizə olan məsafəni qısaltmış olmamısınız. Həftə ancaq günlük işlərlə keçib və gələcəkdəki işləriniz, uğurlarınız və nailiyyətiniz üçün daxılınıza heç nə atmamısınız.

Sual № 2. Bu həftə yeni nələr öyrəndim və nələri tətbiq etdim?

Nə etməli?

Hər gün bir addım irəliyə getməlisiniz. İrəli getmək məcburiyyətindəsiniz, çünki elə bir dövrdə yaşayırıq ki, irəli getməyən avtomatik geridə qalmış olur. Dünya, biznes, biliklər, elm böyük sürətlə inkişaf edir. Hər gün bir addım çox görünməsə də, bir il sonra geriyə baxanda 365 addım irəlidə olacaqsınız. Hər gün oxuduğunuz məlumatların heç olmasa bir söz və ya bir cümləsini yadınızda saxlayın. Əgər öyrəndiyiniz yeni texnika və ya alətdirsə – icra etməyə başlayın.

Təsəvvür edin: hər gün cəmi 20 səhifə kitab oxumaq üçün cəmi 30 dəqiqə zaman xərcləsiniz, bu, ayda iki, ildə 24 kitab deməkdir. Və keçən 2019-cu ilinizi dəyərləndirin – neçə kitab oxumusunuz?

Sual № 3. Hansı günlərdə və ya vəziyyətlərdə zamanımı boşa keçirdim?

Nə etməli?

Keçən 168 saatınızı gözdən keçirin və ümumi bir bölgü aparın. Hər gün 1 saat boş və faydasız keçən zamanınız 24 saat içində gözünüzə dəyməyəcək, ancaq bir il ərzində bu 365 saata bərabər olacaq.

Sual № 4. Mənim inkişafımın qarşısını nə aldı və bunları aradan necə qaldıra bilərəm?

Nə etməli?

Ətrafımızda olan insanlar, pis vərdişləriniz kimi, sizi arxaya çəkən nə varsa, onları düşünün və aradan qaldırın. Əgər sizi geri çəkən pis vərdişdirsə və aradan qaldırılması zaman alacaqsa, dərhal bu gün başlayın ki, bir ay sonra bitmiş olsun.

Misal: hər gün iki saat TV-yə baxmışam. Real olaraq bu fəaliyyətim məni hansısa gələcəkdəki məqsədlərimə doğru aparıbmı? Və ya mən bu saatlar ərzində istirahət etmişəm?

Sual № 5. Sağlamlığım, enerjim və gümrahlığım üçün nə etdim?

Nə etməli?

Hər gün idmana ən azı 20 dəqiqə zaman ayırmaq mümkündür. Bunun üçün nə xüsusi məkan, nə də şərtlər və ya avadanlıq lazım deyil. 20 dəqiqə ərzində bir insan yaşadığı binanın pilləkənlərini düşüb-çıxa bilər, yerində 20 dəqiqə ərzində atlana bilər, yerində oturub qalxa bilər. Bunların hamısı çox effektiv, ancaq heç bir xüsusi şərt tələb etməyən və minimum zaman istəyən fəaliyyət növləridir. Bunları etmək üçün isə tək bir şey lazımdır: başlamaq.

Bu günümüzü, həftəmizi, ayımızı elə yaşamalıyıq ki, 20 il sonra geriyə baxanda həyatımızın heç bir sahəsində “kaş ki” deməyək.

Sonda isə sosial şəbəkələrdə bu gün səhər paylaşdığım statusu buraya yazıram:

Bu gün birinci gündür.

Yeni yeddi gün
Yeni 168 saat

Bu birinci gün başlayıram

Uzun zamandır “birinci gündən artıq başlayıram” dediyimiz birinci günlərdən biridir.

Bir il öncə birinci gün xarici dil öyrənməyə başlasaydın, bu gün biləcəkdin.

Bir il öncə birinci gün idmana başlasaydın, bu gün bədən quruluşun, sağlamlığın, qamətin belə dəyişəcəkdi.

Bu gün, bu birinci gün başla ki, bir il sonra böyük yol getmiş və güclənmiş olasan.

Bəzi insanlar üçün birinci gün irəliyə getmək, yüksəlmək və daha da güclü olmaq üçün 168 saatdırsa, kimlər üçün isə növbəti həftəsonu günlərini gözləmə imkanıdır.

Bu da seçimdir.

Hər kəsə gözəl və effektiv həftə arzulayıram!


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları