Bu ilin mart ayının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 17-nin ödənişləri illik müqayisədə artıb, 3-nün ödənişləri azalıb, 1 şirkət (“Xalq Həyat Sığorta” ASC) bu il ödəniş etmədiyi üçün, 1 şirkət (“Naxçıvan Sığorta” ASC) isə 1 il bundan əvvəl ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət “İpək Yolu Sığorta” ASC-dir. Bu şirkət martda 620 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 13 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “A-Qroup Sığorta” ASC-dır. Sığorta şirkətin ödənişləri martda 2,222 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 11% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət “AXA Mbask” ASC-dədir. Bu şirkət ay ərzində 201 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 90% və yaxud 10,4 dəfə azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “Atəşgah Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 8% azalaraq 4,174 milyon manata düşüb.