13 C
Baku
Saturday, November 23, 2024

Puldan necə istifadə etməyi bilənlər üçün kredit

Mikrokreditləşmə dünyanın inkişaf etməkdə olan ölkələrinin əksəriyyətində maliyyə bazarının ayrıca sahəsinə çevrilməkdədir. Bu növ kreditlər aztəminatlı insanlara iş adamı olmaqda və öz maddi vəziyyətini köklü sürətdə düzəltməyə kömək edir.

 Təsadüfi deyil ki, mikrokreditlərin alınmasında maraqlı olanlar da öz biznesini açmaq və ya da onu inkişaf etdirmək istəyənlərdir. Hazırda Azərbaycanda mikrokreditləşmə ilə məşğul olan bir neçə kredit təşkilatı fəaliyyət göstərir. Bu bazarın liderlərindən biri «Unibank»dır.

Məhz bu səbəbdən də ölkəmizdə mikrokreditləşmənin vəziyyəti barədə həmsöhbətimiz, Bankın İdarə Heyəti sədrinin müavini  Faiq Zeynalovdur.

– Faiq müəllim, Azərbaycan sahibkarları getdikcə daha tez-tez mikrokreditlərdən danışırlar. Mümkünsə söyləyin bizə, mikrokreditləşmənin digər kredit növlərindən əsas fərqi nədədir?

– Suala görə təşəkkür edirəm. Yəqin, bilirsiniz ki, bu gün ölkəmizdə hələ də, ənənəvi bank sistemindən kənarda qalan xeyli insanlar var. Onlar əsasən, bacarığı, fərasəti olan, lakin öz biznesini yaratmaq üçün maliyyə imkanları o qədər də geniş olmayan şəxslərdir. Mikrokreditləşmə alətləri sayəsində biz onlara öz gəlirlərini formalaşdırmaqda təkan veririk. Bu, heç də xeyriyyəçilik deyil, sadəcə işgüzar qabiliyyəti olan müştərilər üçün təkandır. Mikrokrediti hər kəsə ayırmaq olmaz və bu bizə heç lazım da deyil. Bunun üçün insanın sahibkarlıq potensialını düzgün qiymətləndirmək vacibdir. Mikrokrediti, müəyyən dərəcədə sosial kredit də hesab etmək olar. Ən azı ona görə ki, bu zaman bank öz risklərini yalnız faiz dərəcədə nəzərə alaraq, kredit proseduralarında müştəriyə xeyli sayda güzəştlərə gedir.

Bu cür kreditlər doğrudan da insanlara öz biznesini qurmağa imkan verir?

– Bəli, amma söhbət şirkətlərin yaradılmasından deyil, fərdi sahibkarlıqdan gedir. Bir qayda olaraq, mikrokredit cəlb edən şəxslər, ya təkbaşına işləyirlər, ya da əlavə 2-3 nəfər muzdlu işçi tuturlar. İstənilən halda, söhbət kiçik biznesdən gedir. Məsələn, əvvəllər xadimə işləmiş bir xanım bizim bankdan mikrokredit alıb. Həmin xanım, şəxsi evlərdə yır-yığışla məşğul olmaq niyyətində idi, lakin, onun tozsoran və digər avadanlıq almaq üçün vəsaiti yox idi. Mikrokredit sayəsində isə, O, bu imkanı artıq əldə etdi. Daha sonra, bir bərbərin də eyni dərəcədə mikrokreditə ehtiyacı var idi. Biz ona bərbər kürsüsü alaraq evində sənəti ilə məşğul olmasında kömək etdik. Bəzən olur ki, kimsə özəl uşaq bağçası açmaq, inək almaq, evdə şirniyyat məmulatları və ya yemək bişirərək sahibkarlıqla məşğul olmaq fikrinə düşür. Bilirsiniz, Azərbaycanda, puldan necə istifadə etməyi bilənlər üçün məşğuliyyət çoxdur.

Bir çox hallarda mikrokreditləri yoxsullar üçün kredit adlandırırlar. Siz də belə hesab edirsiniz?

– Etiraf edək ki, ölkəmizdə əhalinin əmanət yığım səviyyəsi hələ də aşağıdır. Bu halda hər hansı bir şəxs işini itirirsə, yaxud, muzdlu işçilər sırasından sahibkarlar sırasına keçmək istəyirsə, əksər hallarda onun hətta ilkin kapitalı da olmur. Eyni zamanda, yenicə işə başlayan sahibkarın öz biznesinə ilkin yatırım etmək üçün, az da olsa, öz vəsaiti varsa, bu halda bank ona kiçik biznesin maliyyələşdirilməsi proqramlarını təklif edir. Həmin proqramlar dövlət və xarici maliyyə təsisatları tərəfindən yenidən maliyyələşdirilir.

Bu gün “Unibank”ın mikrokredit portfelinin həcmi nə qədərdir?

– Bizim mikrokredit portfelimiz artmaqdadır və sentyabrda onun həcmi 11,6 milyon manat təşkil edib. Son bir il ərzində Bankın mikrokreditlər üzrə portfeli 270% artıb. Bu növ kredit cəlb edən müştərilərin sayı isə 3 dəfə artaraq 5 min nəfəri keçib. Bunun səbəbi odur ki, konkret olaraq bizim Bank üçün mikrokreditlər bazarı geniş marketinq fəaliyyəti üçün əsl meydana çevrilib. Obyektiv olaraq bu ona dəlalət edir ki, ölkəmizdə insanlara hər zaman pul lazımdır, hətta az miqdarda olsa belə, və bizim onlara bu mikro ölçüdə vəsait verməyə hazır olmağımız hamı üçün xoşdur.

Statistikaya görə, mikrokreditlərin orta məbləği çox aşağıdır, təqribən 2-3 min manat təşkil edir. Bu məbləğdə pul ilə hansı biznes yaratmaq mümkündür?

– Bakıda, əlbəttə ki, regionlara nisbətən bu cür kreditlərin orta məbləği 2-3 dəfə yüksəkdir. Kreditlərin alınma müddəti də çoxdur, bir qayda olaraq, bu vəsaitlər 1 il və il yarım müddətə götürülür. Vəsaitlər inkişaf üçün, dövriyyə kapitalının azalmaması üçün bir vasitədir. Bəzən elə olur ki, bankımızdan borc götürən şəxs həmin mikrokrediti qismən bağladıqdan sonra yenidən, lakin daha az məbləğdə kredit cəlb edir. Bu halda müştəri faktiki olaraq bankımızın pullarından bərpa olunan kredit xətti kimi istifadə edir.

Bəs biznesə başlamaq üçün bu məbləğ kifayətdirmi?

– Hər şey biznesdən asılıdır. Əgər bu ciddi, necə deyərlər, stasionar biznesdirsə, o zaman bu cür sahibkara mikromaliyyələşdirmə lazım deyil. O digər kredit alətlərimiz vasitə ilə bankdan lazım olan məbləğdə pul ala bilər. Kiçik biznesin istiqamətlərindən danışırıqsa, bu, təmir-bəzək işləri, İnternet sahəsində xidmətlər, bərbərxanalar, kiçik ticarət köşkləri və s. ola bilər.

Hal-hazırda hansı faiz dərəcəsi ilə mikrokredit əldə etmək mümkündür?

– Mikrokreditlər portfeli üzrə orta ölçülmüş faiz dərəcəsi hazırda aylıq 2-3% arasında dəyişir. Sizə elə gələ bilər ki, bu yüksək rəqəmlərdir. Lakin nəzərə alın ki, mikrobiznesdə də rentabellik orta və iri sahibkarlığa nisbətən xeyli yuxarı olur.

Yaxşı, gəlin nəzərə alaq, amma yəqin digər səbəblər də var ki, faiz dərəcələrinizə təsir göstərir?

Bəli, əsas səbəblərdən biri də odur ki, mikrokreditləşmə idarəetmə nöqteyi-nəzərindən bank üçün kifayət qədər bahalı məhsuldur. Həm də, kreditin həcmi kiçik olduqda, onunla bağlı xərclər yüksək olur. Təəssüf ki, mikrokreditləşmədə hələ ki, 100%-lik skorinq tətbiq etmək mümkün deyil. Buna görə də, onu istənilən digər şablon istehlak krediti səviyyəsinə qədər ucuzlaşdırmaq çətindir. Lakin, qiymətləndirmə prosedurlarında bankın risklərini ölçə bilən skorinqin payını tədricən artırmaq lazımdır. Mikrokreditləşdirmədə texnoloji prosesin inkişafı faiz dərəcələrin aşağı salınması yollarından biridir. Bunun digər bir yolu – daha ucuz pulların cəlb edilməsidir.

Kreditin dəyərini həm bank, həm də müştərilər üçün həssas bir məsələ olduğunu qəbul etsək belə, faiz dərəcələrə hansı amillər necə təsir göstərir?

Faiz dərəcəsi dörd əsas amildən asılıdır. Bunlar – fondlaşmanın dəyəri, digər sözlərlə, cəlb etdiyimiz pulların qiymətidir, idarəetmənin dəyəri, yəni kreditə xidmət göstərilməsi ilə bağlı olan əməliyyat məsrəfləridir, risk haqqı və gəlir normasıdır. Bu gün biz, bank olaraq, illik 11-14% dərəcəsi ilə fondlaşdırma əldə edə bilərik. Bu, sərmayəçilərin, digər bankların və əhalinin bizə verdikləri pullardır. İdarəetmə məsrəflərinə gəlincə isə, beynəlxalq təcrübəyə əsaslanaraq deyə bilərəm ki, onların həcmi mikrokredit portfelinin məcmu məbləğindən ən azı 12% təşkil edir. Kiçik həcmdə borcları vermək iri kreditlərin ayrılmasından daha çətindir. Bunun üçün daha çox kredit mütəxəssisi tələb olunur. Razılaşın ki, korporativ biznesə xidmət göstərən kredit mütəxəssisləri yüz minlərlə, bəzən isə milyonlarla manatlıq portfellərin yükünü daşıyırlar və təbii ki, onlar mikrokreditlər üzrə mütəxəssislərə nisbətən banka daha çox gəlir gətirirlər. Buna baxmayaraq, hər cür kredit mütəxəssisimizə təxminən eyni əmək haqqı ödənilməlidir. Mikrokreditlər üzrə idarəetmə xərclərinin minimallaşdırılması üçün yalnız iki yol var. Birincisi – kredit texnologiyalarının təkmilləşdirilməsi, ikincisi isə kredit portfelinin artırılması. Kreditlərin miqyasında qənaət onların ümumi həcmi artıqca idarəetmə xərclərinin azalmasına imkan verəcək. Axı, bundan başqa hələ Bankın riskləri də var və üstəlik illik minimum 5-6% təşkil edən gəlir norması. Əgər biz bütün bu faizləri üst-üstə gəlsək, o zaman məhz elə illik 35-36%-ə yaxın olan faiz dərəcəsi alarıq. Zənnimcə, mikrokreditləşmə üzrə faiz dərəcələrin aşağı salınmasının əsas istiqaməti – cəlb olunan vəsaitlərin dəyərinin ucuzlaşdırılmasıdır ki, buna da dövlətin dəstəyi olmadan nail olmaq mümkün deyil.

Borcalan elə ilk aydan etibarən mikrokredit üzrə aylıq haqqı ödəməlidir?

Xeyr, heç də həmişə birinci aydan ödəməməlidir. Bəzi hallarda 6 aya qədər güzəştli müddətə yol verilir. Kredit inspektoru və borcalan birlikdə kredit haqqını ödəmək üçün ilkin gəlirin nə vaxt əmələ gələcəyini hesablaya bilərlər.

Hansısa təminat və ya girov tələb olunur?

– Bir qayda olaraq, girovsuz kredit yalnız təcrübəli sahibkara verilir. İlk növbədə bu müsbət kredit tarixçəsinə malik olan və gəlirlərini doğru hesablaya bilənlərə aiddir. Bu amillər xeyli dərəcədə kreditin qaytarılmaması riskini azaldır. Adətən biz kombinasiya edilmiş girov sxemlərindən geniş istifadə edirik. Bu zaman qirov kimi təkcə müştərinin daşınmaz əmlakı və ya qiymətli metalları yox, həmçinin onun aldığı mal-qara, anbarda saxladığı likvid malları da nəzərə alınır. Bu cür sxemlər daha real görsənir və standart girova etibarlı işgüzar alternativ kimi tətbiq olunurlar.

 Mikrokredit cəlb edən müştəri kağız süründürməçiliyindən yaxa qurtarırmı?

– “Unibank”-da tətbiq etdiyimiz mikrokreditləşmə modeli istehlak və sahibkarlıq kreditləşməsində istifadə olunan təhlil üsullarının müəyyən məcmusudur. Məhz bu amil, biznesin ilkin mərhələlərində kreditlərin qaytarılmasının yüksək səviyyəsinə nail olmağa imkan verir. Əlbəttə ki, bu zaman həddən artıq sənədləşmə tələb olunmur, yalnız işlərin faktiki vəziyyəti təhlil edilir. Təcrübəli kredit inspektoruna müştərinin biznesini qiymətləndirərək onun nə dərəcədə işlək olub-olmamasını müəyyən etmək üçün əslində 20-30 dəqiqə də kifayətdir. Bundan əlavə, hər bir şəxsin fərdi kredit tarixçəsi təhlil olunur.

Başqa bir məsələdə var. İstehlak krediti əvvəlcədən şərtlənir və bu şərtlər müştəri tərəfindən ya qəbul oluna bilər, ya da ki qəbul edilmir. Əksər hallarda istehlak kreditlər üzrə ödənişlər də bərabər hissələrdə aparılır. Mikrokreditləşmədə isə xüsusi şərtlər barədə razılığa gəlmək olur. Məsələn, bu, ilkin ödəniş üçün bir neçə ay möhlət alınması ola bilər. Bankımız bazarın bu seqmentində daha çevik model üzrə işləyir və müştərinin, demək olar ki, bütün tələbatları nəzərə almağa çalışır.

Bankdan imtina cavabı alan müştərilərin sayı nə qədərdir? Yəqin bu cür statistikanı da aparırsınız?

Təqribən 50/50-yədir bu nisbət. Amma, buna baxmayaraq, 100 nəfər arasında mikrokredit cəlb edən 50 nəfərin 90%-i krediti problemsiz qaytarır və ən əsası isə banka loyal olan bir sahibkara çevrilir.

Mikrokreditlərə ölkəmizin bölgələrində daha çox tələbat olması ilə razısınız?

– Bəli, bu bazarın əsas trendlərindən biridir. Məsələn, bölgələrdəki müştərilərin cəlb etdiyi kreditlər bizim məcmu mikrokredit portfelinin 70% təşkil edir, halbuki bir il öncə bu göstərici 60% bərabər idi. Əslində, biz kiçik şəhərlərə, kənd yerlərinə üstünlük veririk. Əksər hallarda regionlarda daha çox vətəndaşların daha az məbləğdə pula ehtiyacları olur. Söhbət bəzən 300-400 manatdan gedir və bu vəsait heç də cari xərclərə, toyların təşkilinə, istirahət və ya müalicə haqqının ödənilməsinə getmir. Bu səbəbdən də bölgələrdə bankımız tərəfindən fiziki şəxslərə və işə yeni başlayan sahibkarların kreditləşməsi aktiv surətdə aparılır.

Mikrokredit almaq üçün borcalan hər hansı bir biznes plan təqdim etməlidir?

Biznes-plan, bir qayda olaraq, tələb olunmur. Biznes-planın qiymətləndirilməsi başqa yolla aparılır. Əlbəttə ki, kreditdə maraqlı olan iş adamı və ya sahibkar biznes-plan tərtib edə bilər, onu hətta, xüsusi şirkət tərəfindən yaxşı təsvir etdirə də bilər. Lakin bu, hələ o demək deyil ki, biznes-plan reallığı əks etdirəcək. Unutmayaq ki, söhbət fəaliyyətdə olan mikrobiznesdən gedir. Kiçik biznesin gücü isə onun çevikliyindədir və o cümlədən profilini dəyişə bilməyindədir. Bizim üçün borcalanın şəxsi keyfiyyətləri, onun işgüzar vərdişləri biznes-plandan da vacibdir. Bank həmişə müştərinin işğüzar vərdişlərinə, dəqiqliyinə, qonşular və sifarişçilərı arasında hörmət sahibi olub-olmamasına diqqət yetirir. Bu keyfiyyətlər sahibkarın məşğul olduğu və ya məşğul olmaq istədiyi kiçik biznesin qiymətləndirilməsi ilə eyni zamanda nəzərə alınır. Məsələn, əgər restoran açmaq arzusuna düşən müştəri ixtisasca sənətşünasdırsa, o zaman, güman etmək olar ki, onun biznesi baş tutmayacaq. Buna görə də, biz sahibkarda artıq mövcud olan vərdişləri dəstəkləyirik.

Əgər borcalan ticarətdən baş çıxarırsa, qoy elə ticarətlə də məşğul olsun. Yox, əgər onun musiqi istedadı varsa, o zaman, qoy musiqi ilə əlaqədar olan biznes seçsin, məsələn, musiqi alətlər mağazası və ya musiqi salonu açsın. İstənilən halda, hər bir kiçik biznes sahibi öz fəaliyyət sahəsində səriştəli olmalıdır və bu amil bank üçün həlledici əhəmiyyətə malikdir.

Bir kreditor kimi, “Unibank” borcalana hansı bizneslə məşğul olmağa məsləhət görə bilərmi?

Bəli, lakin həmişə yox. Bəzi hallarda bu mümkündür, amma məncə regionlarda olan sahibkarlığa yardım mərkəzlərinə də müraciət etmək lazımdır. Orada sahibkarlara fəaliyyət üçün hansı bazar seqmentinin daha geniş olduğunu deyə bilərlər. Lakin, adətən bu elə adi gözlə də görünür. Bir qayda olaraq, bankın kredit müfəttişi artıq müəyyən təcrübəyə malik şəxsdir və adətən, O, nəyin real olub-olmadığını yaxşı anlayır. Məsələn, yenicə işə başlayan iş adamı mağaza açmaq istəyir və bizə bildirir ki, bu məqsədlər üçün artıq yer də seçib. Həmin sahəyə kredit mütəxəssisimiz baş çəkdiyi zaman aşkarlansa ki, ən yaxın yaşayış binaya qədər məsafə yarım kilometrdir, bu halda müştəri mikrokredit almayacaq, çünki onun potensial müştəri sayı çox az olacaq.

Deyirlər ki, mikrokreditlərlə məşğul olan banklar, qlobal iqtisadi böhranından daha az ziyan çəkirlər. Sizcə bunun əsas səbəbi nədədir?

Əsas səbəb ondadır ki, bu banklar real iqtisadiyyata daha yaxındırlar. Əgər biz mikrokreditdən danışırıqsa, onun arxasında hansısa real fəaliyyət, satışı, gəliri və ödənişi olan konkret iş adamı dayanır. Borcalanın aldığı inək mütləq süd verəcək, eləcə də, müştəri özü də banka borcunu vaxtında qaytaracaq. Bu halda maliyyə sektoru real sektorla birbaşa ünsiyyətdə olur. İri Qərb bankları ilə yaşanan problemin əsas səbəbi onda idi ki, bəzi maliyyə alətləri vasitəsi ilə xəyallarda qəsrlər ucaldılırdı. Hər şey kağız üzərində idi və həmin kağızların real iqtisadiyyatda bağlı olub-olmaması da aydın deyildi. Bir kağız digəri ilə bağlı idi, o isə öz növbəsində üçüncü sənədlə, bunun sonda hansı bizneslə bağlılığı da bilinmirdi. Elə bu səbəbdən də qlobal böhran zamanı banklar real müştəriyə daha yaxın olmalıdırlar.

Son xəbərlər
Digər xəbərlər