12 C
Baku
Friday, March 29, 2024

Fərid Səttarov:” Maliyyə bazarlarında 100% gəlir götürmək mümkündür”

Müsahibimiz: Qarantinvest şirkətinin direktoru Fərid Səttarovdur.

 Hazırda Azərbaycanda investisiya şirkətlərinin göstərdikləri xidmətlər aktualdırmı?

Əslində, hal-hazırda Azərbaycanda maliyyə bazarlarına çıxışı təklif edən şirkətlərin sayı az deyil. Amma bir məqamı da vurğulamaq istərdim ki, məhz bu cür xidmətləri təklif edən lisenziyalı şirkətlərin və bankların sayı azdır. Bu biznes müştərilə üçün həm gəlirli, həm də ziyanlı ola bilər, çünki maliyyə bazarlarında təminat yoxdur ki, müştərinin investisiyaları gəlir gətirəcək.

Aktuallığı barəsində desək gərək qeyd edək ki, maliyyə bazarlarında təklif olunan investisiya xidmətləri aktualdır. Əsasən bu bizneslə cavan insanlar məşğul olur, çünki adətən bu sahə üzrə əməliyyatların əksəriyyəti internet vasitəsi ilə həyata keçirilir.

Fərid bəy, bir vətəndaş kimi niyə görə insan vəsaitini bankda depozit şəklində deyil məhz maliyyə bazarlarına yatırım etməyə üstünlük verməlidir? Orta illik gəlirlilik faizi nə qədərdir?

Bank depozit faizləri getdikcə azalacaq və bu tam normal tendensiyadır, çünki kreditə olan tələbatın artım templəri depozitlərin yığılması templəri ilə eyni deyil. Digər tərəfdən isə yerli bankların çoxunda artıq öz vəsaitləri elə bir həcmlərə gəlib çatıb ki, əlavə kapitallara ehtiyac duymurlar. Beləliklə vaxt çatacaq ki, yerli bankların təklif etdiyi faizlər əhalini qane etməyəcək və bu cür situasiya elə bir şərait yaradacaq ki, əhali alternativ investisiyalar etsinlər. Maliyyə bazarları həm böyük gəlir həm də ki, böyük ziyan verə bilər. Amma deyə bilərəm ki, ortalama ilə illik 20%-dan çox qazanmaq mümkündür və hətta adamlar var ki, 100%-dən də çox qazanır. Bizim şirkətin öz müştəriləri arasında keçirilən statistikaya əsasən deyə bilərəm ki, elə bir halla üzləşmişik ki, müştəri bir günün ərzində 100% gəlir əldə etmişdir.

Azərbaycandan xaricdə daha çox səhmləri alınan şirkətlər hansılardır və bu tendensiyalar dünyadakı trendlər ilə üst-üstə düşürmü?

Bu statistika heç kəsdə yoxdur, amma deyə bilərəm ki, əsasən investisiyalar ABŞ və Rusiya şirkətlərinə qoyulur, çünki ABŞ şirkətlərinin maliyyə hesabatları şəffafdır,  Rusiyada isə şirkətlərin fəaliyyəti yerli investorlar üçün tanışdır.

Siz şəxsən Azərbaycanda maliyyə savadlılığının artırılması ilə bağlı çoxlu seminarlarda çıxışlar edirsiniz – iştirakçıların coğrafiyası necədir, daha çox tələbələr iştirak edir ya potensial müştərilər?

Maliyyə bazarları ilə əlaqədar təlimlərin əksəriyyətində iştirak edənlər tələbələrdir. İndiki tələbələr bu bizneslə çox maraqlanır, çünki bu biznes insana çox böyük imkanlar verə bilər. Tələbələrin də əsas hissəsi iqtisad, menecment və s. fakültələrin tələbələridir. Deyə bilərəm ki, iştirak edənlərin 50% oğlanlardır, digər 50% isə qızlardır. Əgər 4-5 il bundan əvvəl bu bizneslə əsasən oğlanlar maraqlanırdısa, indi maraqlanan tərəflər eyni proporsiyadadır.

    Qarant Invest bir şirkət kimi müştərilərinə nələri təqdim edir və digər şirkətlərdən üstün cəhətləri hansılardır?

Qarant Invest lisenziyalı broker şirkəti olaraq öz müştərilərinə birinci növbədə öz şirkətinin adından müqavilə təqdim edir. Ola bilsin ki, bu bir az qəribə səslənsin, amma misal üçün forex xidmətlərini  təklif edən MMC şirkətlərindən heç biri öz şirkətinin adından müştəriyə müqavilə vermir.

Digər üstünlüyümüz odur ki, müştərilərimizə minimum 100 ABŞ dollarından başlayaraq real hesablar açırıq ki, forex bazarında ticarət etsinlər və 50 min ABŞ dollarından aşağı olan hesabları 10-15 dəqiqə ərzində müştərilərimizə təqdim edirik ki, ticarətə dərhal başlaya bilsinlər.

Əlavə olaraq şirkətimiz öz saytında həftəlik “Forex Weekly” adlı analitik bülleteni yerləşdirir. Bu bülleteni şirkətimizin analitiklər komandası hazırlayır və oxucularının sayı hər həftə təqribən 100 nəfərə qədər çatır. Bizim proqnoza görə bir ildən sonra bu bülletenin oxucularının sayı 250 nəfəri də keçə bilər və bu çox gözəl bir nəticə olacaq.

2012-ci ilin iyun ayından etibarən şirkətimiz bir neçə maraqlı layihələrə start verib. Youtube saytında öz kanalımızı yaratmışıq və hər həftə özümüz hazırladığımız video materialları həmin kanalda yerləşdiririk. Video materiallar maarifləndirici, statistik və makroiqtisadi təqvimlərdən ibarət olan çarxlar şəklində yerləşdirilir.

Azərbaycanda son 10 illikdə Forex bazarı demək olar ki, ən güclü inkişaf edən istiqamətdir – niyə görə insanlar Forex-ə daha çox üstünlük verir nəinki digər maliyyə alətlərinə? Bu bazarın tələbidir ya insanların maliyyə savadının azlığı?

Azərbaycanda son 10 il ərzində Forex daha çox təbliğ olunurdu və bunun bir neçə səbəbi var. Forex bazarı daha əl çatandır həm forex xidmətini təklif edən şirkətlər üçün, həm də ki müştərilər, üçün. Forex bazarında kiçik kapitalla (misal üçün 100 ABŞ dolları) əməliyyatlar keçirmək olur. Digər maliyyə bazarlarında kiçik kapitalla investisiyalar etmək demək olar ki, mümkün deyil.

Forex bazarında hər həftənin birinci günündən beşinci gününə qədər 24 saat ərzində ticarət etmək olur, amma fond bazarında bu belə deyil. Fond bazarlarında yalnız fond birjalarının iş vaxtları ərzində ticarət etmək olur, bu da təqribən gün ərzində 6-8 saat təşkil edir.

Forex bazarının bir üstünlüyü də var. Forex bazarının əsaslarını öyrənmək üçün elə də çox vaxt lazım deyil. Əlbətdə ki, uğurlu ticarət etmək üçün təcrübə qazanmaq lazımdır, amma bazarın əsaslarını öyrənmək üçün təqribən 1 ay vaxt lazımdır. Amma fond və derivativ bazarlarını öyrənmək üçün ola bilsin ki, 6 ay və ya daha uzun müddət lazım ola bilər.

Son xəbərlər
Digər xəbərlər