Banker.az saytı olaraq ABŞ-da baş vermiş ilk maliyyə böhranının tarixçəsinə kiçik bir tarixi ekskursiya etməyi məsləhət görürük:
Aleksandr Hamilton Amerika maliyyə sisteminin inkişafında mərkəzi yerlərdən birini tutur. Hamilton 1789-cu ildə ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun əmri ilə dövlət xəzinəsinin ilk rəhbəri seçilir. Növbəti 5 ildə o ölkənin Mərkəzi bankının (First National Bank), zərbxananın (US Mint) yaradılmasında vacib rol oynayır və bir sıra əhəmiyyətli islahatlar həyata keçirir.
1790-cı ildə ABŞ-ın yeni maliyyə naziri vətəndaş müharibəsi zamanı yığılmış borclarla bağlı problemi həll edir. Hamilton bu borcların restrukturizasiyasını elan edir. Müasir qaydalara əsasən, bu ABŞ-ın ilk defoltlarından biri idi. Bu zaman kreditorlardan mövcud olan borc öhdəliklərini aşağı faiz dərəcələri ilə yeni kağızlarda konvertasiya etmək təklif edilmişdi. Bununla yanaşı, amerikalı kreditorlar üçün faizlər üzrə ödəniş 10 il müddətinə təxirə salındı.
Yeni maliyyə naziri Amerikanın Mərkəzi bankının yaradılması fikrini fəal olaraq irəli sürür. ABŞ-ın əsas təsisçiləri bu ideyaya qarşı çıxsalar da, Hamilton prezidenti öz ideyasının doğruluğuna inandıra bilir. Beləliklə 1791-ci ildə ABŞ konqresi qanun layihəsini ratifikasiya edir və ABŞ-ın ilk bankı yaradılır. ABŞ-ın ilk Mərkəzi bankı şəxsi şirkət idi və burada hökumətin sahib olduğu pay cəmi 20% təşkil edirdi. Onun fəaliyyət lisenziyası isə 20 il müddətində qüvvədə idi.
Hamilton Mərkəzi bank layihəsini hazırlayarkən Britaniya bank sistemindən nümunə götürmüşdü. Britaniya ilə olan əlaqələri səbəbindən Hamilton Britaniya imperiyasının potensial agenti hesab edilirdi. Hamilton həmçinin Rotşildlər ailəsinin maraqlarını təcəssüm etdirməkdə günahlandırılırdı.
4 iyul 1791-ci ildə Amerika tarixində ilk nəhəng IPO həyata keçirilir. Səhmlərin yerləşdirilməsi həcmi 8 milyon dollar idi. “Scrips” adını almış səhm almaq hüququ üçün “qəbz” qiymətləri iliin təyine dilmiş qiymətləri geridə qoyurdu. Bu qəbzlər səhm alarkən ilk ödəniş vasitəsi qismində çıxış edirdi. İnvestorlar geri qalan məbləği növbəti 2 il ərzində ödəyirdilər.
Ajiotaj və həyəcanın yaranması:
Tezliklə “qəbz” qiymətləri bir neçə dəfə yüksəldi. Bir çox insanlar borc pul götürərək “qəbzlər” əldə edir və gələcəkdə onunla səhm almağı planlaşdırırdı. Nəticədə ABŞ dövlət istiqrazlarının qiyməti də artır. Belə ki, investorlar Mərkəzi Bankın səhmlərini almaq üçün ABŞ dövlət istiqrazlarından istifadə etməli idilər.
Faktiki olaraq ABŞ tarixində ilk “sabun köpüyü” yaranmağa başlayırdı. Qiymətlər yüksək sürətlə qalxdıqdan sonra, həmin sürətlə də enir. Hamilton yaxşı başa düşürdü ki, artıq məsələyə qarışmaq vaxtıdır. Əks təqdirdə bank səhmlərinin və dövlət istiqrazlarının qiymətinin enməsi ABŞ maliyyə sistemini də təhlükə altında qoyur. Bu zaman ABŞ Maliyyə nazirliyi vergi ödəyicilərinin hesabına qiymətli kağızların dəyərini dəstəkləmək üçün dövlət öhdəliklərini almağa başlayır.
Hökumət qüvvələri iflası dayandıra bilir. Lakin bu maliyyə böhranının ilk mərhələsi idi. Hökumətin fəallığından sonra investorlar tərəfindən tələbat yenidən yüksəlməyə başlayır: 1791-1792-ci illərin qışında dövlət istiqrazları və qəbzlərin qiyməti yeni maksimuma çatır. Spekulyantlar arasında Hamiltonun yaxın dostlarından biri Duer də var idi. O 1791-ci ildə varlı torpaq sahibi Aleksandr Makomb ilə qarşısına belə bir plan qoymuşdu: mümkün qədər çox ABŞ dövlət istiqrazları almaq və daha sonradan onları maksimum qiymətə satmaq.
Duer dövlət istiqrazları bazarında “oyun” üçün iri həcmdə borc toplamışdı. 1792-ci ildə Mərkəzi bank verilən kreditlərin həcmini azaldır və banknot emissiyasında ixtisarlar edir. Digər banklar da onun ardı ilə gedirlər. ABŞ dövlət istiqrazlarının dəyəri 1792-ci ilin martında ən pik nöqtəyə çatır və sürətlə enməyə başlayır.
Duer hər şeyini itiri və borclarını ödəyə bilmədiyi üçün həbs edilir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, onun əvvəldən də borcu çox idi. İndi bu borclar dəyərdən düşmüşdü. Bu zaman zəncirvari reaksiya başlayır: digər investorlar qiymətli kağızlardan azad olmağa başlayır və digər öhdəliklər üzrə də defoltlar silsiləsi yaşanır.
Böhranın ikinci mərhələsi “1792-ci ilin bank həyəcanı” adını qazanır. Hamilton növbəti dəfə açıq bazarda dövlət istiqrazlarını almaq üçün xəzinə vəsaitlərindən istifadə etmək qərarına gəlir. Və o yenə iflası dayandıra bilir və bazar fəallığını normal vəziyyətə qaytarır. Bu hökumət tərəfindən həyəcanı yatırmaq üçün açıq bazarda qiymətli kağızların alınması üsulundan istifadəyə bir nümunə olur.
Lakin bütün baş verənlər Amerika Mərkəzi bankının nüfuzuna kölgə salır və tənqidçilər Hamiltonun ideyasını tənqid etmək üçün mövzu əldə edirlər. Hamiltonun rəqibləri konqresdə bankın lisenziyasının uzadılması ilə bağlı qanun layihəsini təxirə salırlar. ABŞ-ın ilk bankı 1811-ci ildə öz mövcudluğunu dayandırır.