“2.2 milyona yaxın vergidən yayınma halı aşkar olunub”: Nazirlik əməkdaşı məhkəmədə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Vergilər Nazirliyinin əməkdaşı Emin Kərimov ifadə verib.

O, S.İbrahimovun rəhbərlik etdiyi şirkətlərdə səyyar yoxlama aparan şəxslərdən biri olduğunu deyib.

E.Kərimov bildirib ki, yoxlama qismən təqdim edilmiş sənədlər və qarşılıqlı əlaqələr əsasında həyata keçirilib: “Yoxlamalar 2012-ci ilin fevral ayının 1-dən 2015-ci ili fevralın 1-dək olan tarixi əhatə edir. Belə ki, Səttar Bəhlulzadədə küçəsində yerləşən bina və “Galaxy Palace”ın Həsən Əliyev küçəsində inşa etdiyi binasındakı yoxlamalarda 2.2 milyona yaxın vergidən yayınma halı aşkar olunub”.

Nazirlik əməkdaşının sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, obyektlər satılıb, amma vergidən yayınma halı baş verib.

S.İbrahimov isə həmin obyektlərin satış üçün nəzərdə tutulmadığını söyləyib: “Sökülən binanın sakinləri həmin obyektlərə köçürülüb. Bu barədə həmin sakinlər istintaq orqanına ifadəsində də bildirib. Sadəcə vətəndaşlara təqdim etdiyimiz obyektlərə qoyduğumuz qiymətlər yüksək idi. Vergi də həmin qiymətlərə görə vergi hesablayıb. Lakin mən həmin obyektləri satmamışam, qazanc da əldə etməmişəm. İnşa etdiyim bina sökülüb, vətəndaşlar narazı qalmasın deyə başqa ünvana köçürmüşəm. Bina söküldüyü halda pul almamışam. Hətta buna görə də 1.5 milyon da vergi ödəməliyəm. Pulumu nə vaxt alsam, ödəyəcəm”.

Məhkəmənin növbəti iclası aprelin 17-nə təyin edilib.

S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları