2003-cü ildən 2022-ci il dekabrın 31-dək Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin ümumi həcmi 131 milyard 413,3 milyon manat təşkil edib. Bu barədə fonddan məlumat verilib.
“2022-ci ildə ARDNF-dən 7 milyard 923 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib”, – deyə məlumatda bildirilir.
ARDNF 2003-cü ildə dövlət büdcəsinə transfert şəklində vəsait köçürməyə başlayıb.
ARDNF Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.