Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində önləyici tədbirlər qismində müştəri uyğunluğu tədbirləri müəyyənləşir.
Bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməllərin aşkar edilməsi və qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, hüquqi şəxslər, xarici hüquqi təsisatlar, habelə nəzarət orqanları və digər dövlət orqanları (qurumlar) arasındakı münasibətləri tənzimləyir. Bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar olan və Azərbaycan Respublikasının yurisdiksiyasından kənarda həyata keçirilən fəaliyyətə münasibətdə Azərbaycan Respublikasının götürdüyü beynəlxalq öhdəliklərə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun qaydada tətbiq olunur.
Layihəyə əsasən, maliyyə institutları uydurma adlarla və ya anonim hesablar açmamalı, sənədləri və əmlakı uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca qəbul etməməli (xüsusi otaqlarda və ya seyf qutularında saxlamamalı), anonim depozit sertifikatları buraxmamalı və anonim bank kitabçaları təqdim etməməlidirlər. Öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər:
– işgüzar münasibətlərin yaradılmasından əvvəl;
– İyirmi min manat məbləğində (limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir);
– maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl;
– əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda;
– əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda.
Əməliyyatın ümumi məbləği əməliyyatın icrasından əvvəl məlum deyilsə, müştəri uyğunluğu tədbirlərinin tətbiqi əməliyyatın məbləğinin limitdən artıq olduğu müəyyənləşdiyi anda həyata keçirilir.
Öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirləri çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər:
– Öhdəlik daşıyan şəxslərin müştəri uyğunluğu tədbirləri tətbiq etməli olduqları hallarda
hallarda müştərini eyniləşdirməli (müştərinin xidmətlərdən daimi və ya qeyri-müntəzəm istifadə etməsindən, fiziki və ya hüquqi şəxs, habelə xarici hüquqi təsisat olmasından asılı olmayaraq), müştərinin eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər;
– şəxsin müştərinin və ya digər şəxsin adından fəaliyyət göstərməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş səlahiyyətinin olub-olmamasını müəyyən etməli, həmin şəxsi eyniləşdirməli və eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər;
– benefisiar mülkiyyətçinin kimliyinin müəyyən edilməsinə tam amin olanadək onu eyniləşdirməli və benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatlarının etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verfikasiyası üçün ağlabatan tədbirlər görməlidirlər;
– işgüzar münasibətlərin məqsədini və mahiyyətini aydınlaşdırmalı və bu barədə müştəridən məlumat və sənədlər əldə etməlidirlər;
– Yuxarıda qeyd olunan məlumatlar və sənədlər əsasında müştəri profilini yaratmalıdırlar;
– bu qanunun tələbləri barədə müştərini məlumatlandırmalıdırlar.
Öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərə aşağıdakı müştəri uyğunluğu tədbirlərini davamlı olaraq tətbiq etməlidirlər:
– aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərlə, habelə müştərinin fəaliyyəti və risk profili, o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərlə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatların təhlil edilməsi;
– mövcud olan məlumat və sənədlər nəzərdən keçirilib tətbiq edilərək yüksək riskli müştəriləri prioritetləşdirməklə müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlərin yenilənməsinin və adekvatlığının təmin edilməsi.
Müştərisi hüquqi şəxs və ya xarici hüquqi təsisat olan öhdəlik daşıyan şəxslər əlavə olaraq aşağıdakı müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər:
– müştərilərin fəaliyyətinin xarakterinin, sahiblik, nəzarət və idarəetmə strukturunun müəyyən edilməsi;
– adı, təşkilati-hüquqi forması, mövcudluğuna dair dəlillər, habelə təsis sənədləri, cari fəaliyyətinə rəhbərlik edən vəzifəli şəxslərin adları, hüquqi və faktiki ünvanına dair məlumat və sənədlər əsasında müştərilərin eyniləşdirilməsi və eyniləşdirmə məlumatlarının etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumatlar, sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya edilməsi;
– hüquqi şəxsin və xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisinin kimliyinin müəyyən edilməsinə tam əmin olanadək onun eyniləşdirilməsi və benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatlarının etibarlı müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiyası üçün ağlabatan tədbirlərin görülməsi.
Hüquqi şəxsin (publik hüquqi şəxslər istisna olmaqla) benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi aşağıdakı ardıcıllığa uyğun olaraq həyata keçirilməli və eyniləşdirmə məlumatlarının verifikasiyası aparılmalıdır:
– son nəticədə hüquqi şəxsdə mühüm iştirak payına (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) malik olan fiziki şəxs (şəxslər) müəyyən edilməli;
– mühüm iştirak payına malik olan fiziki şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda və ya iştirak payı əsasında hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) mövcud olmadıqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli;
– əgər hüquqi şəxs üzərində iştirak payı əsasında ve ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli.
Xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi aşağıdakı ardıcıllığa uyğun olaraq həyata keçirilməli və eyniləşdirmə məlumatlarının verifikasiyası aparılmalıdır:
– trastin strukturunda təsisçi, trast idarəçisi, trast təminatçısı (olduğu halda), benefisiar və ya benefisiarlar qrupu, trast üzərində effektiv nəzarəti həyata keçirən hər hansı digər fiziki şəxs (nəzarət və ya sahiblik zənciri də daxil olmaqla) müəyyən edilməli;
– digər növ xarici hüquqi təsisatlarda eyni və ya oxşar hüquq və vəzifə daşıyan şəxslər müəyyən edilməli.
Həyatın yığım sığortası müqaviləsi üzrə müştəri uyğunluğu tədbirlərinə əlavə olaraq faydalanan şəxs müəyyən və ya təyin edilən kimi onun barəsində aşağıdakı tədbirlər həyata keçirilməlidir:
– sığorta müqaviləsi üzrə faydalanan şəxs fiziki, hüquqi şəxs və ya xarici hüquqi təsisat olduqda, həmin şəxsin eyniləşdirmə məlumat və sənədləri əldə edilməli;
– faydalanan şəxs xüsusiyyətlərinə, təsnifatına və ya digər əsaslara görə teyin edildikdə, ödəniş zamanı faydalanan şəxsi eyniləşdirməyə imkan verən yetərli həcmdə məlumat və sənədlər əldə edilməli;
– ödəniş zamanı faydalanan şəxsin barəsində verifikasiya tədbirləri həyata keçirilməli.
Öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Öhdəlik daşıyan şəxslər mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatlar üzrə risk dərəcəsi yüksək olan hallarda, habelə müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı meyarların qiymətləndirilməsi əsasında və risk qiymətləndirmələrinin nəticələrini əsas götürməklə riskin yüksək olduğunu müəyyən etdikdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər. Müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri baxımından yüksək və aşağı risk faktorları, müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydası, habelə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinə dair tələblər maliyyə monitorinq orqanı tərəfindən müəyyən edilir.
Gücləndirilmiş müştəri uyğunluğu tədbirləri çərçivəsində öhdəlik daşıyan şəxslər aşağıdakı tədbirləri görməlidirlər:
– cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri yüksək olan hallarda müəyyən edilmiş risklərə mütənasib
olaraq gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq etməli və işgüzar münasibətlərin monitorinqinin intensivliyini artırmalı;
– həyatın yığım sığortası müqaviləsi üzrə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiqini müəyyənləşdirmək üçün həyatın yığım sığortası şəhadətnaməsi üzrə faydalanan şəxsin risk dərəcəsini qiymətləndirməli, hüquqi şəxs və ya xarici hüquqi təsisat olan faydalanan şəxsin yüksək riskli olduğu müəyyən edilərsə, faydalanan şəxsə, habelə onun benefisiar mülkiyyətçisinə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirləri həyata keçirməli;
– Həyatın yığım sığortası müqaviləsi üzrə müştəri uyğunluğu tədbirlərinə əlavə olaraq müəyyənləşdirilmiş tədbirlərin və risk dərəcəsinin qiymətləndirməsi tələblərinin tətbiqi mümkün deyildirsə, habelə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiqi zamanı şübhəli əsaslar müəyyən edilərsə, bu barədə maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.
Müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün deyilsə, hər hansı əməliyyat həyata keçirilməməli, işgüzar münasibətlər yaradılmamalı, hesab açılmamalı, habelə işgüzar münasibətlərə xitam verilməli və bu barədə maliyyə monitorinqi orqanına məlumat verilməlidir. Müştəri uyğunluğu tədbirlərinin həyata keçirilməsinin müştərinin və ya digər şəxslərin məlumatlandırılmasına səbəb olacağına ehtimallar olduqda, müştəri uyğunluğu tədbirləri dayandırılmalı və müştəri haqqında məlum olan məlumat və sənədlər də əlavə edilməklə, bu barədə maliyyə monitorinqi orqanına məlumat verilməlidir. Fəaliyyətinin xüsusiyyətləri, risk dərəcəsi və səciyyəviliyi nəzərə alınaraq, bu Qanun qüvvəyə minənədək yaranmış və bu Qanun qüvvəyə mindiyi gündən sonra davam edən işgüzar münasibətlər üzrə müştəri uyğunluğu tədbirləri tətbiq edilməlidir. Bu halda qeyd edilən tədbirlərin daha əvvəl tətbiqi, tətbiq edilmə vaxtı və tezliyi, habelə əldə olunan məlumatların yetərliliyi nəzərə alınmalıdır.
Aşağıdakı hallar istisna olmaqla, əvvəllər həyata keçirilmiş müştəri uyğunluğu tədbirlərinə güvənilə bilər və müştəri uyğunluğu tədbirlərinin təkrar həyata keçirilməsi tələb edilmir:
– əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda;
– müştəri və ya benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumat və sənədlərinin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda:
– müştərinin işgüzar profili ilə uzlaşmayan əhəmiyyətli dəyişikliklər olduqda;
– mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatlar həyata keçirildikdə;
– Müştəri uyğunluğu tədbirlərinin davamlı olaraq tətbiq edilməsi zəruri olduqda.
Müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı meyarların (faktorların) qiymətləndirilməsi əsasında, risk qiymətləndirmələrinin nəticələrini əsas götürməklə riskin aşağı olduğu müəyyən edildikdə bu qanunda göstərilən hallarda və maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq sadələşdirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiqinə yol verilir. Sadələşdirilmiş müştəri uyğunluğu tədbirlərinə dair tələblər risk qiymətləndirməsi əsasında maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir. Peşəkar fəaliyyət çərçivəsində üçüncü şəxslərə hüquqi şəxsləri və ya onların filial və nümayəndəliklərini təsis etmək, hüquqi şəxslərin qanuni təmsilçisi qismində çıxış etmək, hüquqi şəxslər və ya onların filial və nümayəndəlikləri üçün hüquqi ünvan təmin etmək kimi xidmətləri göstərən şəxslər şirkətin xidmət təminatçıları hesab edilir. Xarici ölkədə (ərazidə) təsis edilən (qeydiyyatdan keçən) hüquqi şəxsin kənar idarəçisi qismində çıxış edən şirkətin xidmət təminatçıları, fəaliyyət istiqamətlərinə uyğun olaraq, öhdəlik daşıyan şəxslərlə işgüzar münasibətlər qurarkən, şirkətin xidmət təminatçısı qismində iştirak etdiyini bəyan etməli v bununla əlaqədar zəruri bütün məlumat və sənədləri təqdim etməlidirlər.
Xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxslər fəaliyyət istiqamətlərinə uyğun olaraq öhdəlik daşıyan şəxslərlə işgüzar münasibətlər qurarkən xarici hüquqi təsisatın idarəçisi olduğunu bəyan etməli və idarəçisi olduğu xarici hüquqi təsisatın əmlak strukturu, təsisçisi, benefisiarı (benefisiarları, benefisiarlar qrupunu), digər idarəçiləri (olduğu təqdirdə), xarici hüquqi təsisat təminatçıları (olduğu təqdirdə) və ya eyni və ya oxşar hüquq və vəzifə daşıyan şəxslər haqqında məlumat və sənədləri və xarici hüquqi təsisatın təsis sənədinin surətini təqdim etməlidirlər.