3 C
Baku
Saturday, December 14, 2024

Uğur hekayəsi. 200 şəhərdə ofisi, 400 min işçisi olan şirkətdə çalışan azərbaycanlı

Namiq Mustafayev: “Karyera, təcrübə üçün fədakarlıq etmək lazımdır”

İlk iş yerində 7 iş çalışıb. Həmin müddətdə o qənaətdəymiş ki, əgər işdə istifadə etdiyin texnologiya və verilən əməkhaqqı səni qane edirsə, iş axtarmağın çox da mənası yoxdur. Lakin sonradan bu fikrindən daşınıb. Deyir ki, yeni işlər yeni təcrübə, yeni tanışlıq, yeni kanallar deməkdir. Və o bu təcrübədən çıxış edərək ölkə xaricindən gələn iş təklifini dəyərləndirir. Müsahibimiz iki ilə yaxındır Latviyanın Riqa şəhərində yerləşən məşhur “Accenture” şirkətində proqramçı kimi çalışan azərbaycanlı Namiq Mustafayevdir.

– Namiq bəy, karyeranızla bağlı məlumatda ancaq “Veysəloğlu” Şirkətlər Qrupu yazılıb. İlk iş təcrübəniz də orda olub?

– Bəli, karyeramın başlanğıcı elə o şirkətdə olub. Mütəxəssis kimi işə götürdülər, sonra aparıcı mütəxəssis oldum, ardınca isə proqramlaşdırma komandasına rəhbərliyi mənə həvalə etdilər. 7 ilə yaxın orda çalışdım. Sonra isə Latviyaya – “Accenture” şirkətinə gəldim. Bu bir Amerika şirkətidir. Dünyanın 200 şəhərində ofisi, 350-400 min işçisi var.

– Tələbəlik illərində təcrübə xarakterli də olsa, işləməmisiniz?

– Yox, universiteti bitirib hərbi xidmətə getdim, qayıdandan sonra işə başladım. Mən Qafqaz Universitetində (İndiki Bakı Mühəndislik Universiteti) kompüter mühəndisliyi üzrə təhsil alırdım. Nədənsə, tələbə vaxtı fikrimi daha çox dərslərə yönəltdim, işləməyə çox da maraq göstərmədim.

– Adətən, bu cür adamlar iş mühitinə düşəndə tələbə vaxtı təcrübə yığmadıqları üçün peşmançılıq keçirirlər. 

– Universitetin çox güclü olimpiada komandası var idi, 3-4-cü kursda oxuyanda məni ora dəvət etdilər. Getsəydim, çox yaxşı alqoritmik biliklər əldə edərdim. Onun üçün peşmanam. Yaxud Avropa ölkələrindən birində magistr təhsili alsaydım, yaxşı olardı. Çünki bir ölkəyə getmək üçün ən yaxşı üsul təhsildir. Bir də mənim kimi tələb edilən ixtisaslar üzrə iş təklifi aldığın zaman gedə bilirsən. Tələbə vaxtı işləsəydim, çox yaxşı təcrübə qazanmış olardım. Mən hərbi xidmətdən qayıdandan sonra işə başladım. Təcrübəm olmasa da, verilən tapşırıqların öhdəsindən gəlirdim. Amma tələbə vaxtı işləsəydim, 2-3 il qabağa düşmüş olardım. İndi düşünürəm ki, tələbə vaxtı pulsuz olsa belə, gərək işləyərdim. Xüsusilə, İT sahəsində təcrübəni daha tez yığmaq çox kömək olur.

 

– Tələb edilən ixtisaslar üzrə iş təklifi almaq məsələsinə toxundunuz. Hazırda çalışdığınız şirkət sizə iş təklifini özü etmişdi?

– Bu tip böyük şirkətlərin işçi tapıb cəlb etmək üçün ayrıca işçiləri olur. Onlar daim şirkət üçün işçi axtarırlar. Təbii ki ilk olaraq ölkə daxilində uyğun kadrları cəlb edirlər. Ölkədə kifayət qədər mütəxəssis tapmayanda, artıq xaricdən axtarmağa başlayırlar. Bizim şirkət ölkə daxilindən sonra Rusiya, Ukrayna, Belorus bazarından kadr cəlb edib. Resurs tükənəndən sonra Orta Asiya ölkələrinə keçdilər. Bu şirkət işçiləri birbaşa tapmır, onlar ölkələrdə yerləşən məsləhətçi şirkətlərə necə bir kadr axtardıqları haqqında məlumat verirlər, yerli şirkətlər də tələblərə uyğun o kadrları tapıb onlara təqdim edirlər. Mənə də belə bir şirkət müraciət etmişdi. Düzü, hələ ki xaricdə çalışmaqla bağlı ciddi fikrim yox idi, amma təkliflə maraqlandım, araşdırdım. 3-4 mərhələli prosesi keçdikdən sonra iş təklif etdilər. Texniki müsahibələr, tapşırıqlar, bəzi real kodların üstündə işlədim. Bunları keçəndən sonra artıq dedilər ki, biz səninlə işləyə bilərik. Beləcə başladım və iki ildir ki burda çalışıram.

1547117839 namiq5

– Bəs ölkə xaricində çalışmağa getməklə bağlı tərəddüd etdiniz?

– İnsan təbii ki tərəddüd edir. Yeni həyata başlayırsan, hər şey bir növ sıfırlanır, nə olacağını bilmirsən. Ailəlisənsə, məsuliyyətdən dolayı tərəddüdün daha da artır. Amma karyera, təcrübə üçün fədakarlıq etmək lazımdır. Məncə, buna dəyir.

 

– 7 il bir şirkətdə çalışmısınız. İş yerini tez-tez dəyişən adam deyilsiniz?

– İşdə istifadə etdiyin texnologiya və maddi cəhətdən şirkət səni qane edirsə, iş axtarmağın mənası çox da yoxdur. Bu düşüncədə idim, amma artıq o fikirlərimdən vaz keçmişəm. Çünki yeni işlər yeni təcrübə, yeni tanışlıq, yeni kanallar deməkdir.

 

– Bir yerdə çox işləməyi komfort zona da adlandırırlar. Yəqin, komfort zonanı sevirsiniz…

– Əslində, insan təbiəti komfort zonaya tam uyğundur. Məndə də, yəqin ki belə olub. Hətta əvvəl çalışdığım yerdə bir müddət işlədikdən sonra gördüm ki, insan bir yerdə işlədikcə öz sistemini qurur və iş rutinləşir. Hər gün eyni işi gördükcə inkişafdan geri qalırsan. Və bizim ixtisasımızla bağlı texnologiyanı yaxından izləmirsənsə, çox geridə qala bilirsən. Komfort zona insanı rahatladır və geri düşməsinə səbəb olur. Bunu hiss edəndən sonra artıq komfort zonadan çıxmağa çalışırdım.

– 7 ildəki vəzifə irəliləyişinizi necə qiymətləndirirsiniz?

– İT sahəsində ümumiyyətlə, çox da vəzifə olmur. Ya proqramçısan, ya da menecer. Proqramçı olub kod yazırsan, ya da o tərəfə keçib menecmenti ilə məşğul olursan. İkinci variantda proqramlaşdırmadan uzaqlaşırsan. 30-35 yaşa qədər insanlar bunu seçmir, bu yaşlardan sonra yavaş-yavaş proqramlaşdırmadan uzaqlaşıb vəzifəyə meyilənə bilirlər. Ona görə hansı vəzifədə olmağın çox da əhəmiyyət daşımır.

 

– Latviyada işə başladınız. Fərqli ölkə, başqa mühit. İlk vaxtlar sizə çətin olmadı?

– İlk olaraq sıfırdan başlamaq, orda yerləşmək məsələsi var. Digər tərəfdən, mədəni şok da olur. Mənim böyüdüyüm mədəniyyətlə düşdüyün ölkənin mədəniyyəti fərqlidir. Ən azından, iş mühitində dostluq, qardaşlıq münasibəti gözləyirsən, burda elə deyil. İşlərini görüb çıxıb gedirlər. Bəzən “salam” vermədən gəlib işini görür, gedir. Belə məsələlərdə mədəni şok yaşayırsan. Üstəlik, yeni həyata başlayırsan, çevrə formalaşdırırsan. Nəyin nə olduğunu tutmaq bir az zaman tələb edir. Bunlar çətin deyil, amma mədəni şok ən çox çətinlik hiss etdiyim məsələdir.

 

– Adətən, bizdə ofisə daxil olan bütün işçilər hal-əhval tutmasalar, işə başlamırlar. Belə bir yerdən çıxan adam gedib “salam” vermədən otağa daxil olan adamların içinə düşəndə buna reaksiyası necə oldu?

– 6 ay, 1 il bir yerdə işlədiyiniz komanda yoldaşınızla səhər qarşılaşanda üzünü sənə çevirib “salam” verməyə bilir. Baxırsan ki, 1-2 ildir eyni layihədə çalışırlar, amma o adamların münasibəti saat 6-ya qədərdir, iş saatı bitəndən sonra bir-birini tanımırlar. Belə soyuqqanlılıqları var. Kimsədən bir gözlənti içinə girmirlər. Çətinlik deməyək, amma mənim üçün bu, çox da yaxşı hal deyil. Azərbaycanda işdə kiminsə problemi olsa, iş yoldaşlarından kimdənsə xahiş etsə, can-başla kömək edir. Burda rahat şəkildə “vaxtım yoxdur”, “kömək etmək istəmirəm” deyə bilirlər. Belə bir mühit var. Bu, bəzən insana yaxşı əhval-ruhiyyə vermir.

 

 

– Bəs rəhbərlərinizin işçilərə yanaşması necədir?

– Burda müdirə, departament direktoruna “siz” deyə müraciət etmək kimi məsələ yoxdur. Hər kəsə sadəcə adı ilə müraciət edirsən. Adam var ki, 150-200 işçisi var, adı Antondur, “müəllim”, “siz” deyə müraciət etmirsən. Bəlkə də rusca desən, “siz” müraciəti edərsən, amma ingilis dilində müraciət formasında bu yoxdur. Müdirlərin ayrıca otağı yoxdur, bir gün bir işçinin, sabah başqasının yanında oturur. Qapalı bir otaqları yoxdur. Bizim şirkətdə rəhbərlər işçilərlə dost kimi oturub söhbət edə bilirlər. Müdirlə məsafə saxlamaq kimi məsələləri də burda görmürəm.

 

– Ordakı iş mühitində bəyəndiyiniz daha nələr var?

– Texnoloji cəhətdən çox şey öyrənmişəm və bu, davam edir. Sərbəstlik var, evdən də işləyə bilirəm. Bizdəki kimi ayda bəlli icazə haqqı da yoxdur. İşçi istismar edilmir. İş saatından artıq işləməyə qoymurlar, əgər vacib iş olarsa, əlavə saxlasalar, buna görə pul ödəyirlər. Şirkətin yaratdığı ən böyük imkan özünü inkişaf etdirmək üçün olan mühitdir.

 

– Orda özünü inkişaf cəhətdən bu gün nələri edirsiniz?

– “Accenture”nin müştəriləri böyük şirkətlərdir. Hazırda “Volvo”nun böyük layihəsində çalışıram. Layihənin icrası üçün fərqli istəklər var. Onları da qarşılamaq üçün fərqli texnologiyalar, alətlər istifadə edirlər. Ona görə yeni texnologiyalar öyrənirsən. Bir layihə bitəndə başqasına başlayıram, orda da tələblər, istifadə edilən texnologiyalar başqa olur. Həmin layihədə qalmaq üçün özünü o yöndə də inkişaf etdirirsən. Nəticədə bir çox yeniliklər öyrənmiş olursan.

 

 

– İki il yaxındır ordasınız. Bu müddətdə özünüzdə hansı dəyişikliyi görürsünüz?

– Tanımadığım, mənimlə eyni mədəniyyəti paylaşmayan insanlarla işləməyi öyrəndim. Texnologiya ilə yanaşı, bir layihəni idarə etməyi, texnoloji olaraq dizaynını öyrəndim. Şirkətdə rəsmi dil ingilis dilidir, dil bilikləri cəhətdən də inkişaf oldu.

 

– İndiki işdə irəli getmək imkanları nə dərəcədədir?

– Bir yol xəritəsi var ki, irəliləmək üçün onları bitirməlisən. Ora bəzi təlimlər, treninqlərdə iştirak, sertifikatları almaq daxildir. İşlədiyin müştərilərin sənin haqqında rəyləri önəmlidir. İrəliləyiş zamanla bu formada baş verir. Vəzifəyə getmək kimsənin dodağı arasında deyil. Müəyyən meyarları keçdikcə baş verir.

– Ənənəvi sualımız: sizə görə uğurun sirri nədir?

– İlk olaraq çalışmağı deyərdim. Sual verə bilərlər ki, çox çalışıb nə isə əldə etməyənlər də var. Ona görə deyərdim ki, nə edəcəyini bilmək, şüurlu şəkildə çalışmaq lazımdır. Uğur qazanmaq üçün başqa faktorlar da var, amma əsas olan nəyi istədiyini bilib çalışmaqdır.

©Kaspi Qəzeti

Son xəbərlər
Digər xəbərlər