10 C
Baku
Thursday, December 12, 2024

2013-cü ildə banklarımız nə ilə yadda qaldı

Əjdaha ili ilə müqayisədə yola saldığımız ilan ili banklarımız üçün daha sakit keçdi. Ən azından gözləntilərdən fərqli olaraq, bu il heç bir bank öz fəaliyyətini dayandırmadı və ya iflas faktı olmadı.  Məsələn 2012-ci ilə nəzər saldıqda, Royal Bankın iflası, Bank Technique-də rəhbər dəyişikliyi  və sonrakı rebrendinq, Kapital Bank tərəfindən sovet dövründə batmış əmanətlərin qaytarılması kimi hadisələrin bank sektoruna ciddi təsirlər qoyduğunu görə bilərik. Amma bu tip hadisələr baxımından 2013-cü il xüsusi heç nə ilə yadda qalmadı.

Halbuki hamı məcmu kapital tələbini yerinə yetirə bilməyən bankların bağlanacağını gözləyirdi. Lakin Mərkəzi Bankın İdarə Heyətinin 14 noyabr 2013-cü il tarixli qərarı ilə banklara məcmu kapitalın 50 mln. manata çatdırılması üçün 01 yanvar 2015-ci ilədək möhlət verildi.

Həmçinin 2012-ci il bazara yeni taksit kartların daxil olması istehlak kreditləri bazarında dəyişikliklərə rəvac vermişdi. Bu il isə həmin kartlar bazarda öz mövqelərini daha da gücləndirdi. Bazarda genişlənmə baxımından Albalı, Bolkart və World Card daha uğurlu oldu.

Bolkart MasterCard tərəfindən dəstəkləndikdən sonra öz sərhədlərini daha da genişləndirdi. Unibank isə MilliKart ilə əməkdaşlıq çərçivəsində “Qoşul, Fərqlən, Faydalan” layihəsini işə saldı.

Amma ilin ən fərqli plastik kart məhsulu isə ”Qiblə Kart” qeyd etmək olar. Üzərində yerləşdirilmiş xüsusi kompasla Qibləni göstərən bu kart Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı departamenti tərəfindən təqdim edilmişdir. Hər kəs bank tərəfindən islam bankçılığı əsasında kreditlərin verilməsini gözləsə də, bu prosesə start verilmədi.

İslam Bankçılığı məhsulları içərisində “Gülab ətirli Zəvvar kartlarını” da qeyd etməyi vacib bilirik. Bu kart isə  AFB Bank tərəfindən Həcc ziyarətinə gedən zəvvarlar üçün təqdim edilmişdir.

Nağdsız ödənişlərlə bağlı bazardakı yeniliklər sırasında isə AccessBankın “Pullar kartınıza qayıdır” kampaniyasını qeyd etmək olar. Bu kampaniya yeni AccessQazanc layihəsi çərçivəsində həyata keçirilir. Layihə üzrə əməkdaşlıq edən ticarət nöqtələrində AccessBank-ın plastik kartları ilə ödəniş etdikdə, ödənilmiş məbləğin 17%-ə qədəri sizin kartınıza geri qayıda bilər.

Bu il həmişəki kimi bazarda kreditlərin bahalığı müzakirə obyekti oldu. Hətta məsələyə Mərkəzi Bankın sədri də münasibət bildirərək qeyd etdi ki, istehlak kreditləri digər kredit məhsulları ilə müqayisədə daha bahalıdır: “Bu gün əhalinin böyük əksəriyyəti banklara borcludur. Bank depozitlərinin faizləri ilə kredit faizləri arasında olduqca böyük – 20-25% fərq var. Bu məsələ mütləq öz həllini tapmalıdır. Bəlkə bankların özlərinin problemləri var”

Bunun nəticəsi olaraq, Azərbaycanda sığortalanan əmanətlərin maksimum faizi 01 avqust 2013- cü il tarixində 12%-dən 10%-ə endirildi.

Qeyd edək ki, banklar krediti faizlərinin yüksəkliyini cəlb etdikləri depozitlərin onlara baha başa gəldiyi ilə əsaslandırır.

Beləliklə bu addım depozitlər üzrə faizlərin aşağı düşməsinə öz təsiri göstərdi.
Bu il daha çox gündəmdə olan məsələlər bankların öz məcmu kapitallarını artırması, yeni səhmdar cəlb edilməsi, istiqrazların emissiyası olmuşdur.

Emissiyalar ilə bu linkdə daha ətraflı tanış ola bilərsiniz.

İlin sonuncu ayı isə Moody və  Fitch beynəlxalq reytinq agentlkləri tərəfindən bir sıra bankların reytinqləri təzələndi. Reytinqləri təzələn banklar sırasında Xalq Bank, Bank Technique, AccessBank, Azərbaycan Beynəlxalq Bankı, Bank of Baku və Kapital Bankı qeyd etmək olar.

Qeyd edək ki, hazırda Azərbaycan kommersiya bankları arasında beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş ən yüksək reytinq məhz AccessBanka məxsusdur.
Qarşıdan gələn ildə banklarımıza bol uğurlar və maliyyə dayanıqlığı arzu edirik. Gələn ildə müştərilərə xidmət keyfiyyətinin daha da yaxşılacağına və yeni bank məhsulları ilə sevinəcəyimizə ümid edirik.

Son xəbərlər
Digər xəbərlər