25 C
Baku
Sunday, June 16, 2024

2014-cü ildə qlobal iqtisadi artımın 3.6% olacağı proqnozlaşdırılır –Təhlil

İqtisadi fəallıq.  2013-cü ilin son rübündə dünya iqtisadiyyatında artan iqtisadi fəallıq və artım templəri 2014-cü ilin ilk rübündə nisbətən sabitləşməyə başlamışdır. Bu iqtisadi canlanma  əsasən Amerika Birləşmiş Ştatları (ABŞ) və digər inkişaf etmiş ölkələrdə (İEÖ) ilin sonuna yığılan istehsal ehtiyatları hesabına baş vermişdir. Qeydə alınan bu artım templəri ümumi sənaye istehsalı və dünya ticarətində artıma səbəb olsa da, 2014-cü ilin ilk rübü ərzində dayanıqlılıq nümayiş etdirməmişdir. Bununla yanaşı, dünyada  məcmu tələbin zəif olması səbəbindən İEÖ-də inflyasiyanın artım tempi azalmışdır. BVF 2014-cü il üçün Hindistan, Çin və digər qabaqcıl Asiya ölkələri istisna olmaqla İEOÖ-in iqtisadi artım proqnozlarını azaltmışdır.

2014-cü ildə qlobal iqtisadi artımın 3.6% olacağı proqnozlaşdırılır ki,  bu da həmin il üçün əvvəlki proqnozdan 0.1 % bəndi aşağıdır. BVF dünya ticarətinin artım tempi ilə bağlı proqnozunu 0.1 % bəndi azaldaraq 4.3% endirmişdir. Bunun  əsas səbəbi İEOÖ-in ticarətinin artım sürətinin azalacağı gözləntisidir. İEÖ-də maliyyə bazarlarında stabillik müşahidə olunsa da, inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) maliyyə vəziyyəti kapital axınının azalması və məzənnə ucuzlaşması səbəbindən bir az sərtləşmişdir. Yaponiya xaric olmaqla İEÖ-də fiskal siyasət sabit olmuş və fiskal konsolidasiya zəifləmişdir.Xarici ticarət.  2013-cü ilin sonunda qeyd olunan iqtisadi artımla sürətlənən dünya ticarət dövriyyəsinin artımı 2014-cü ilin əvvəlində nisbətən zəifləmişdir. Buna baxmayaraq, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) 2014-cü il üçün 4.7% artım proqnozu Beynəlxalq Valyuta Fondunun (BVF) 4.3% göstəricisindən daha nikbindir. BVF həmçinin, 2014-cü il üçün İEOÖ-in ticarət dövriyyəsinin artım proqnozlarını idxal üçün 0.7, ixrac üçün isə 0.4 faiz bəndi azaltmışdır. Biznes inamı.  2013-cü ilin son rübündən iqtisadi fəaliyyətdə olan canlanma ilə əlaqədar konyuktur  göstərəiciləri yaxşılaşsa da, 2014-cü ilin  əvvəlindən etibarən yenidən stabilləşmişdir. Qlobal ixrac sifarişləri indeksi yanvar  ayında dünya üzrə   54-dən artıq olsa da, fevralda 52-dən bir az artıq olmuşdur ki, bu göstərici hələ də neytral artım (50) səviyyəsindən yuxarıdır. Bu azalma həm İEÖ, həm də İEOÖ-də olan azalma hesabına baş vermişdir. Qeyd edək ki, yanvar ayından etibarən İEOÖ-in sənaye istehsalının artım tempində səngimə müşahidə olunur. Müşahidə olunan bu meyillər cari ilin ikinci rübündə iqtisadi mühitin daha da mülayimləşəcəyini vəd edir.

Əmək bazarı. Qlobal maliyyə böhranından sonra dünyada işsizliyin səviyyəsi artan trend üzrə davam edir.  Beynəlxalq  Əmək Təşkilatının (BƏT) hesablamalarına görə 2013-cü ildə dünyada 2012-ci illə müqayisədə işsizlərin sayı daha 5 mln. nəfər artaraq, 202 mln. nəfərə çatmışdır. Təşkilatın məlumatına  görə,  əgər cari meyil davam etsə, 2018-ci ildə ümumi işsizlər ordusunun sayı 218 mln. nəfərə çatacaqdır. BVF-nun açıqlamalarına görə, 2014-cü ildə Avrozonada işsizlik səviyyəsi 12.1%-dən 11.9%-ə, ABŞ-da 7.4%-dən 6.4%-ə enəcək, Çində və digər qabaqcıl Asiya ölkələrində isə müvafiq olaraq 4.1% və 4% olacaqdır. Dünya üzrə işləyən  əhalinin gəlirlərinin qeyri-bərabərliyi ciddi problem olaraq qalır. BƏT-in açıqlamalarına görə hələ də 1.1 mlrd. işləyən  əhali gündəlik 2 ABŞ dollarından aşağı qazanca malikdir.

Maliyyə bazarları.  2014-cü ilin ilk rübündə İEOÖ-in maliyyə bazarlarında qeyri-sabitlik davam etmişdir. Bu ölkələrə kapital axınları azalmış, kapitalın dəyəri artaraq iqtisadiyyata investisiya qoyuluşunu azaltmışdır. ABŞ-da Federal Ehtiyat Sisteminin (FES) 2013-cü ildə açıq bazar əməliyyatlarının həcminin tədricən azaldılması haqqında bəyanatından sonra uzunmüddətli faizlər (həmçinin ipoteka faizləri) artmışdır. İEÖ-in  əmlak bazarlarında vəziyyət qənaətbəxş olaraq qalmış, qiymətlərin gəlirlərə nisbəti böhrandan  əvvəlki səviyyəyə çatmışdır. Avrozonada İtaliya və İspaniyanın dövlət istiqraz faizləri azalmışdır.

Əmtəə bazarları.  Dünyada qlobal tələbin aşağı olması, həmçinin Şimali Amerikada neft hasilatının artması səbəbindən neftin qiyməti 2013-cü ilin müvafiq dövrünə nəzərən 1.9%,  bütövlükdə, əmtəələrin qiymətləri  0.4% azalmışdır. BVF-nin proqnozlarına görə, 2014-ü ildə neftin ümumi qiymətinin 104.2 dollar  olacağı, qeyri-yanacaq  əmtəələrin qiymətinin isə ümumi olaraq 3.5% azalacağı gözlənilir.İnflyasiya.  2014-cü ilin ilk rübündə ABŞ və Avrozonada inflyasiya ümumi olaraq 1.5% olmaqla hədəfdən və uzunmüddətli trenddən aşağı olaraq qalmışdır ki, bunun da  əsas səbəbi zəif daxili tələb və azalan əmtəə qiymətləridir. Avrozonada inflyasiya hətta 1%-dən aşağı səviyyəyə enmişdir. Yaponiyada Abenomiks iqtisadi siyasətinin tərkib hissəsi olaraq yapon yeninin ucuzlaşması ilə inflyasiya nisbətən artmışdır, amma hələ də hədəflənən 2%-dən aşağıdır.BVF-nin hesablamalarına görə, İEOÖ-də cari 6% inflyasiya 2015 ilədək 5.25%-ə enəcəkdir. Çində iqtisadi artımın mülayimləşməsi səbəbilə əmtəə istehlakının və inflyasiyanın uzun müddətə azalacağı ehtimalları mövcuddur.

Siyasət qərarları. 2014-cü ilin ilk rübündə İEÖ-də dəstəkləyici monetar siyasət davam etdirilir. ABŞ-da uzunmüddətli faizlər artan dinamikaya malik olsa, Yaponiya və Avrozonada mərkəzi banklar aşağı faiz dərəcələrini qorumaqla yumşaq siyasət həyata keçirirlər. ABŞ-da 2015-ci ildə FES-in faiz dərəcələrini artıracağı gözlənilir. BVF-nun proqnozuna görə, bir çox İEÖ-də fiskal konsolidasiya siyasəti 2014-cü ildə nisbətən yumşalacaqdır. Bunun əsas səbəbi bu ölkələrdə ümumi borc səviyyəsinin nisbətən stabilləşməsidir. İstisna hal olaraq Yaponiyada isə bu ildən fiskal konsolidasiya siyasəti davam etdiriləcək.  İEOÖ-in  əksəriyyətində isə büdcə kəsri böhrandan  əvvəlki dövrdən yuxarıdır. BVF-nun məsləhətinə əsasən əsaslandırılmış fiskal islahatlar İEOÖ-də fiskal dayanıqlığı möhləmləndirə, iqtisadi artımı stimullaşdıra və azalan yığım səviyyəsini yüksəldə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər