11 C
Baku
Monday, November 25, 2024

2016-cı il dövlət büdcəsi və yaxud da böhranı şiddətləndirən virus

Müəllif:Aqşin İbişov

“Digər əsas məsələ isə qənaət siyasətindən və qənaət sözündən maksimum uzaq qaçmaq və panika yaratmaqdan ehtiyat etmək lazımdır. İqtisadiyyatda psixoloji faktorlar və kütləvi panika sağalmaz ola bilər. Bu gün ehtiyac olmadığı halda belə panika havası ilə bəzi şirkətlərdə ixtisarlar gedir. Bizdə isə sağ olsun böhranlı vaxtlarda maliyyə institutlarımız özləri ən gözəl panikanı yaradır, qaş düzəldim deyə göz vurub çıxardırlar”

Əsas məsələ aydın sezə bilməkdir. Keçən yazıda da bunu göstərmək istəmişdim. İqtisadi böhran nədir və bundan hansı yolla daha tez xilas olmaq olar məsələsi parlaq şəkildə bilinməlidir, qeyri-müəyyənlik olduğu halda çaşqınlıq qaçılmaz olur.
İqtisadi böhran bir xəstəlikdir, düzgün müalicə edilməsə şiddətlənər və hətta ölümcül ola bilər. Yəni işsizlik, yoxsulluq, özbaşınalıq, qanun tanımamazlıq, borcların ödənməməsi halları, siyasi qeyri-stabillik, davamlı seçkilər və siyasi hakimiyyətin tez-tez dəyişməsi, dövlətin başqa dövlətlərdən asılı hala düşməsi və müstəqilliyin itirilməsinə kimi gedib çıxar. Bütün bunları nəzərə aldıqda böhran ölkə üçün öhdəsindən gəlinməli olan əsas hədəfdir. Hədəfi isə uzun və əlçatmaz edən yolun uzunluğu deyil, ona hansı yolla gediləcəyinin bilinməməsidir. Bu gün verilən qərarlar və qanun layihələri də bu bilinməzliyi, qaranlıq vizyonu və həll yolu barədə ortaq ağılın olmadığını göstərir. Tutaq ki, vergi orqanlarına ən ümdə səlahiyyət verilsə, verilsə ki, daha çox vergi yığılsın, yığılsın ki, ucuzlaşan neft qiyməti vergilərlə kompensasiya edilsin, bu zaman sahibkarların sıxışdırılması və müəssisələrin bağlanması qaçılmaz olacaq.  Müəssisələrə bir dəfəyə elə vergi cəriməsi yazılıb, ondan elə vergi istənəcək ki, müəssisə fəaliyyətini dayandıracaq, işçiləri işsiz qalacaq. Bu, ölkə iqtisadiyyatının digər tərəfləri ilə yanaşı, elə verginin yığılması cəhətdən zərərli bir haldır; müəssisə davamlı fəaliyyət göstərsə, onun fəaliyyət vergiləri, işçilərin maaş vergiləri və s. uzun müddətə müəssisənin fəaliyyəti boyunca alınacaqdır və bu vergi də əlbəttə, o müəssisəni bağlamaq həddinə gətirən bir dəfəyə alınan vergidən daha çox olacaqdır. Yaxud da əksi edilsə, sahibkarlara həddindən artıq rahatlıq verilsə, onlar vergidən boyun qaçırsalar, bu dəfə də daha pisi baş verə bilər, büdcə gəlirləri formalaşmaz, dövlət fəaliyyətini yerinə yetirə bilməz, təhsil və səhiyyə sistemi çökər.
Digər əsas məsələ isə qənaət siyasətindən və qənaət sözündən maksimum uzaq qaçmaq və panika yaratmaqdan ehtiyat etmək lazımdır. İqtisadiyyatda psixoloji faktorlar və kütləvi panika sağalmaz ola bilər. Bu gün ehtiyac olmadığı halda belə panika havası ilə bəzi şirkətlərdə ixtisarlar gedir. Bizdə isə sağ olsun böhranlı vaxtlarda maliyyə institutlarımız özləri ən gözəl panikanı yaradır, qaş düzəldim deyə göz vurub çıxardırlar. Burada dünyaya rus-sovet modelli gözlüklərlə  baxmağın da rolu böyükdür. İki ölkənin ciddi göstərici fərqlərinə baxmayaraq, Rusiyada devalvasiya oldu deyə, bizdə də Mərkəzi Bank öz üzərində devalvasiya təzyiqini hiss etdi, üstəlik də devalvasiyanı əlavə panika yaradaraq etdi və manatın üstündəki gərginlik və rezervlərin əriməsi olmalı olduğundan dəfələrlə artıq oldu. Mərkəzi Bank son genişləyici siyasətləri ilə sanki səhvlərindən dərs çıxarmışa bənzəyir.  Yəqin ki, Neft Fondunun da qızıla, əmlaka, çin yuanına olan zərərli investisiyaları da rus-sovet iqtisadi təfəkkürünün məhsuludur. Neft Fondunun səhvlərindən dərs çıxarıb-çıxarmadığına əmin deyiləm. Ümumiyyətlə dövlət işi səhvlərdən dərs çıxarma yeri də deyil, edilən bir səhv milyonların taleyi deməkdir. Vergi orqanları isə sahibkarlığı dəstəkləyici son fərmanlara qədər müəssisələri   bağlaya-bağlaya gəlirdilər, fərmanlardan sonra isə sanki yumşalma var. Maliyyə Nazirliyi isə əvvəldən böhranı düzgün analiz etməməklə bərabər, indi də səhv siyasəti ilə böhranın öhdəsindən gəlməyə müqavimət göstərməkdədir. “Qənaət” və “məzənnə rejimini dəyişmək” kimi səhv böhran siyasəti və panika yaradan ifadələr maliyyə nazirinin çıxış və müsahibələrindən əksik olmur .
Maliyə nazirliyinin əsas işlərindən biri olan büdcə layihəsində isə bu zərərli böhran siyasəti öz pik həddinə çatmışdır.  Büdcə dövlətin iqtisadi siyasətini aparmaqda ən güclü silahlardan biridir, bu gün isə biz keçən ilə nisbətən 25% azaldılmış büdcə ilə bu silahı özümüzə doğrultmuşuq. Onsuz da 35%-lik devalvasiya oldu, büdcədə olan bu azalma nəyə lazım idi? Büdcədə bu səviyyədə azalma yersiz idi, hətta bir miqdar artım olmalı idi, artım olmasa belə iqtisadiyyata sistem köçürtmək kimi olan az gərlirlilərin, müəllimlərin, həkimlərin, təqaüdçülərin gəlirlərində və bir də inşaat sektorunu dirçəldəcək ipoteka kimi sosial layihələrin büdcəsində artım nəzərdə tutulmalı idi. Bu artımlar hərbi büdcənin və yeyintiyə açıq olan bəzi büdcə təşkilatlarının büdcəsinin azaldılması ilə kompensasiya edilməli idi. Hərbi büdcəmiz Ermənistanın məcmu büdcəsini keçməlidir deyə, biz büdcə formalaşdırmamalıyıq, xalqın və ölkənin faydasını düşünərək büdcə hazırlamalıyıq. Bizdə isə hazırki layihədə hərbi büdcə artırılıb, əksinə iqtisadiyyata stimul verəcək məsələlərdə büdcə azaldılıb.
“Neft gəlirlərinin azaldıldığı bir vaxtda büdcəni necə azaltmamaq olar” sualına isə cavabım sadədir. Vergi bazasını artırmaqla. Diqqətli olun vergi dərəcələrini yox, vergi bazasını. Yəni indiki kimi daha çox vergi yığmaq üçün qüvvədə olan vergilərin dərəcəsini artırmaq lazım deyil, bu sahibkarlığa zərərlidir, yeni vergiləri qüvvəyə salmaq lazımdır. Misal üçün dəyəri müəyyən məbləğin üstündə olan daşınan və daşınmaz əmlak vergiləri. Qısacası milyonluq villa tikdirmisən, yüz minlik maşınlar istifadə edirsənsə lap gözəl, ancaq buna uyğun da vergi verməlisən. Bizdə belə olsa ən çox vergini qərar mexanizmlərinin başında olanlar verəcəklər deyə bu yola getmək istəmirlər. Bundandır ki, bəzi iqtisadçılar da büdcənin azaldılmalı olmasından, qənaət siyasətinin labüdlüyündən bəhs edib dururlar. Nəticə olaraq onu bildirmək istəyirəm ki, əvvəldə ciddi səhvlər edilsə də, sonradan sanki bəzi məsələlər dərk edildi kimi gəlir mənə, buna görə də sahibkarlığa dəstək fərmanları verildi, gömrük rüsumlarında bəzi dəyişikliyə gedildi, ancaq büdcə məsələsi hələ məsələlərin dərk edilmədiyi vaxtlarda hazırlanıb qəbul edildi.  Buna görə yaxşı olar ki, hələ ki yeni ilə keçməmiş, büdcə layihəsinə yenidən baxılsın və böhran vəziyyətinə uyğun büdcə layihəsi işlənib hazırlansın. Yoxsa 2016-cı il dövlət büdcəsi böhranı şiddətləndirən virus funksiyasını yerinə yetirəcək.
Son xəbərlər
Digər xəbərlər