26 C
Baku
Saturday, July 27, 2024

“2016-cı ildə Azərbaycanda inflyasiya ikirəqəmli səviyyədə olacaq”

Dünya Bankı (DB) 2016-cı ilin yekunları üzrə Azərbaycanda inflyasiyanı ikirəqəmli səviyyədə proqnozlaşdırır. Bunu bankın Avropa və Mərkəzi Asiya regionu üzrə baş iqtisadçısı Hans Timmer bu gün Buxarestdə videokonfrans zamanı deyib.

“Bu il Azərbaycanda inflyasiya ikirəqəmli səviyyədə olacaq. 2017-2018-ci illərdə vəziyyət o qədər də qorxulu olmayacaq, belə ki, inflyasiya idxal qiymətlərinin kəskin şəkildə artması ilə əlaqədar yaranmışdı. Hazırda qiymətlərin balanslaşması prosesi gedir”, – deyə o, “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab olaraq bildirib.

Region ölkələrində milli valyutanın məzənnəsinin qeyri-sabitliyi ilə bağlı ümumi vəziyyəti şərh edən H.Timmer qeyd edib ki, sabit məzənnə heç də həmişə uğurlu iqtisadiyyatın əlaməti deyil. “Buna görə də hər hansı iqtisadi şoka reaksiya üçün milli valyuta çevik məzənnəyə malik olmalıdır”, – deyə baş iqtisadçı vurğulayıb.

O əlavə edib ki, “milli valyutanın bazarda tələb və təklifin nisbəti əsasında özünün real dəyərini tapmasına” şərait yaratmaq lazımdır.

Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 12,1% səviyyəsində proqnozlaşdırır.

2015-ci ildə ölkədə orta illik inflyasiya 4% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər