2017-ci ilin bitməsinə sayılı günlər qalıb. Ötən bir il ərzində dünya iqtisadiyyatı bəzi ölkələrdə dinamik inkişafa meyllilik, bəzilərində sanksiyalar, digərlərində böhran ili kimi yadda qaldı. Müsbət dinamikanı neftin qiymətinin yüksəlməsini fonunda xüsusi vurğulamaq lazımdır.
Bəs 2017-ci il Azərbaycan iqtisadiyyatında nə ilə yadda qaldı?
Mənbə bu suala cavab almaq üçün iqtisadçılara müraciət edib.
İslahatlar ili…
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, 2017-ci il ölkəmiz üçün daha çox islahatlarla yadda qalıb:
“Cənab prezident 2016-cı ilin dekabrında “Strateji yol xəritəsi”ni imzaladı. Bununla əlaqədar olaraq bir çox islahatlara start verildi. Mən 2017-ci ili islahatların başlanğıc ili elan edərdim. Bu il həm iqtisadi, həm sosial, həm də siyasi islahatlar həyata keçirildi. İlkin olaraq Prezident Administrasiyasında müşavirlik institutu ləğv olundu, əvəzində köməkçilik institutu yaradıldı. Bir sıra şöbələr, paralel strukturlar, nazirliklər birləşdirilərək, optimallaşdırıldı. Nazirlər Kabinetində struktur dəyişikliyi gerçəkləşdirildi. Bütün bunlar ilkin islahatlar idi. 2017-ci il daha çox dəyişikliklərlə də yadda qaldı. Doğrudur, artıq yola saldığımız ildə iqtisadi sahədə çox böyük uğurlarımız olmasa da, tempi müəyyən qədər qoruyub saxlaya bildik. İlin yekunlarına əsasən, ÜDM-də müəyyən azalmalar ola bilər”.
Deputat hesab edir ki, bu il ərzində 2018-ci il üçün yaxşı baza yaradılıb:
“Azərbaycanda hazırlanan proqramlara əsasən, sənaye məhəllələri, sənaye parkları tikilməyə başladı. Bu il ərzində bütün dünyaya səs salan “Bakı-Tbilisi-Qars” dəmir yolunun istifadəyə verilməsi xüsusi vurğulanmalıdır. Bu proyektə dünya, Orta Asiya, Şərqi Asiya dövlətləri ciddi maraq göstərirlər. Bu, unikal bir layihədir. Mənim fikrimcə, 2018-ci ildə bizi müəyyən çətinliklər gözləyir. Amma 2017-ci ildə qoyulan baza bu çətinliklərin üstündən gəlməkdə bizə kömək olacaq. Hətta bunun hesabına 2018-ci ili ÜDM-də 1-2 faiz artımla başa vurmaq da mümkün ola bilər”.
Sabitləşən məzənnə
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Tahir Mirkişilinin sözlərinə görə, 2017-ci il Azərbaycan üçün iqtisadi cəhətdən əlamətdardır:
“Bu ilin ilk 9 ayının göstəricilərinə uyğun olaraq, son iki ildə ilk dəfə tədiyyə balansının cari əməliyyatlar hesabında 1.1 mlrd. dollar profisit yaranıb. 2015-ci ildə defisit 222.5 mln. dollar, 2016-ci ildə isə 1.363 mlrd. dollar təşkil edib. 2017-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında defisit 200 mln. dollar və ya 5% azalıb.
2017-ci ildə ölkədə makro-iqtisadi sabitlik təmin olundu, manatın məzənnəsi sabitləşdi və manat məzənnəsinə olan iqtisadi təhlükələr aradan qalxdı. 2017-ci ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 26.5% artıb. İxracın həcmi isə 50% artıb. Xarici ticarət dövriyyəsində ixracın payı 61%-ə çatıb, ixrac idxalı 4.7 mlrd. dollar üstələyib. Keçən dövr ərzində ölkədə qeyri-neft sektoru 2.4%, geyri-neft sənayesi 3.5%, kənd təsərrüfatı məhsulları istehsalı isə 4% artıb. 2017-ci il ərzində artırılan dövlət büdcəsinin gəlir və xərcləri müvafiq olaraq 16.766 mlrd. və 17.941 mlrd. manat olub, büdcənin icrası proqnozlara uyğun gəlir. Sənayeləşmə proqramı çərçivəsində Neftçala Sənaye Məhəlləsi yaradılıb və yeni sənaye məhəllələrini yaradılması istiqamətində işlərə start verilib. Sumqayıt Kimya Sənaye Parkında qeydiyyatdan keçmiş rezidentlərin sayı 15-ə, cəlb edilıcək investisiyaların həcmi 2.7 mlrd. dollara, parkda çalışan insanların sayı isə 8000-ə çatıb. Sənaye parkında ölkədə ilk dəfə olaraq Blokçeyn texnologiyaları əsasında müasir Data Mərkəz tikilib”.
226 mindən çox yeni iş yeri
Deputat qeyd edib ki, 2017-ci ilin son 9 ayı ərzində ölkədə 226 mindən çox yeni iş yeri yaradılıb:
“2016-cı ildə 22% azalan inşaat sektorunun canlandırılması üçün 2017-ci ildə mühüm işlər görülüb. Köhnə binaların sökülərək yerində yenilərinin tikilməsi yönümündə sahibkarlara verilən dövlət dəstəyi nəticəsində Bakıda hazırda 100-ə yaxın yeni bina inşa olunur. Bu layihələr həm inşaat sektorunu canlandırıb, həm də yeni iş yerlərinin açılmasını təmin edib.
Sosial sahədə də mühüm layihələr kimi 2017-ci ildə Azərbaycanın 1-ci vise-prezdenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün 1026 mənzildən ibarət 11 yaşayış bınasının inşasına başlanılıb. Bu il Cocuq Mərcanlı kəndində infrastruktur tamamilə bərpa edilib, 50 yaşayış evi, məktəb istifadəyə verilib”.
Regiona səs salan layihə
Parlament üzvü “Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsinin işə düşməsini xüsusi vurğulayıb:
“Layihə nəinki Azərbaycan, bütövlükdə regionun iqtisadi tarixində mühüm yer tutdu. Layihə çərçivəsində yüklərin və sərnişinlərin daşınması ölkələrə tranzitdən xeyli gəlir götürməyə imkan verəcək. Eyni zamanda, Azərbaycan ixrcatçılarına öz məhsullarının şərq və qərb bazarlarına birbaşa və ucuz nəql etməyə imkan yaradıb.
2016-cı ildə Azərbaycanda ÜDM 3.1% azalsa da, 2017-ci ilin ÜDM həcminin ilin sonuna 0.3% artması gözlənilir. 2017-ci ildə iqtisadiyyatın sabitləşməsi növbəti illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edəcək”.
“Mərkəzi Bankın manatla bağlı yürütdüyü siyasət alqışalanan deyil”
İqtisadçı-alim Vüqar Bayramov bildirib ki, 2017-ci il post-neft dövründən fərqli il oldu:
“2015-2016-cı illərdə manatın məzənnəsindəki stabilliyin qorunması baxımından daha çox problemlər müşahidə edilmişdi. 2017-ci ilin 2-ci ayından etibarən milli valyutanın məzənnəsinin stabilləşməsi müşahidə olundu. Nəticədə manat, ilin ötən müddətində daha stabil məzənnəyə malik oldu. Post-neft dövründə manatın məzənnəsi bütövlükdə iqtisadi proseslər üçün çox əhəmiyyətli faktora çevrildi. Məzənnənin stabilləşməsilə bağlı Mərkəzi Bank tərəfindən aparılan, xüsusilə də pul bazasının məhdudlaşdırılması siyasəti alqışlanan deyil. Mərkəzi Bank pul bazasının optimallaşdırılması siyasətini həyata keçirməlidir. Amma 2017-ci ilin geridə qalan ayları göstərdi ki, dollarlaşma səviyyəsinin 90 faizə çatması, bank depozitlərində 2016-cı ilin sonunda xarici valyutada depozitlərin 80 faizi ötməsi əks-dollarlaşma prosesinə başlanmasına zəmin yaratdı. Əks-dollarlaşma prosesi zamanı bazarda dollar təklifinin artırılmasını müşahidə etdik. Ümumilikdə Mərkəzi Bank ötən müddətdə daha optimal pul-kredit həyata keçirməyə çalışmalı idi”.
Postunu itirən kadrlar…
Ekspert qeyd edib ki, 2017-ci il həm də kadr dəyişikliyilə yadda qaldı:
“Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsilə Ziya Məmmədovun vəzifədən göndərilməsi, daha sonra vergilər nazirinin əvəzlənməsini yada salmaq istərdim. 2017-ci ildə keçmiş komandadan olan nazirlərin ikisi əvəzləndi ki, bu da kadr islahatları baxımından olduqca vacib idi. Sözsüz ki, biz kadr islahatlarının həyata keçirilməsi və davam etdirilməsinin tərəfdarıyıq. Əslində növbəti ildə də kadr islahatlarının davam etdirilməsi məqsədəuyğundur.
2017-ci il həm də “Strateji yol xəritəsi”ndə nəzərdə tutulan yeni strukturların yaradılması ilə yadda qaldı. Bununla yanaşı, struktur islahatları zamanı bir-birini təkrarlayan qurumların birləşdirilərək optimallaşdırılmasının tərəfdarıyıq. Ümid edirik ki, 2018-ci ildə bir-birini təkrar edən qurumların ləğvi, yaxud birləşdirilməsi də davam etdiriləcək”.
“İslahatlar 2018-ci ildə də davam etdirilməlidir”
İqtisadçı göstəricilər baxımından 2017-ci ili müsbət qiymətləndirib:
“Qeyri-neft ixracı 20 faizə qədər artdı. Eləcə də qeyri-neft artımı ÜDM-də artım tempi qorunub saxlandı. Azərbaycan ixracatı idxalda 4, 5 milyard dollar çoxaldı. Dövlət Neft Fondunun valyuta ehtiyatlarını artırmaq mümkün oldu. Nəticədə həm də neftin revolver qiymətinin yüksək olması, xüsusilə 2017-ci ilin II yarısında daha yüksək qiymətlərin müşahidə edilməsi Azərbaycan dövlət gəlirlərinin artırılması baxımından əsas faktorlardandır. Neftin yüksək qiymətləri əvvəlki illərlə müqayisədə daha çox dövlət gəlirlərinin artmasında müşahidə edildi ki, bu da ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaratdı. Makroiqtisadi rəqəmlərə, valyuta məzənnələrinə istinad etsək, 2017-ni stabil il kimi qiymətləndirə bilərik. Stabillik həm də növbəti illərdə iqtisadi artıma nail olunması baxımından vacibdir. Həm strateji yol xəritəsində nəzərdə tutulduğu kimi, həm bütövlükdə qeyri-neft sektorunun inkişafı ilə bağlı prioritet rəqəmləri nəzərə alsaq, hökumət 2017-ci ilin yekunlarından növbəti illlərdə iqtisadi artıma keçidi təmin etməlidir ki, bu da daha sürətli iqtisadi islahatların aparılmasını tələb edir. Makroiqtisadi inkişafa nail olmaq baxımından 2018-ci ildə daha geniş miqyaslı islahatların aparılması məqsədəuyğundur”.