11 C
Baku
Tuesday, November 26, 2024

2018-ci ildə vergi cinayətləri törədən 23 şəxs barəsində həbs qətimkan tədbiri seçilib

2018-ci ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində 363 cinayət işi başlanıb. “Report”un Vergilər Nazirliyindən əldə etdiyi məlumata görə, bu cinayət işləri qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, saxta aksiz markaların dövriyyəsi, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktları üzrə olub.

İstintaqı tamamlanmış cinayət işlərindən cəmi 102 iş 125 nəfər şəxs barəsində ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib. Məhkəməyə göndərilmiş işlərin 17-si çoxepizodlu olduğu üçün həmin işlərə eyni şəxslər tərəfindən törədilmiş cinayətlər üzrə istintaq edilən digər 116 cinayət işi birləşdirilib.

Hesabat dövründə əvvəlki illərlə birlikdə 339 cinayət işinin icraatı dayandırılıb, əvvəllər dayandırılmış 223 cinayət işi üzrə icraat təzələnib. İcraatına xitam verilmiş 169 cinayət işindən 79 iş üzrə bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödəyiblər.

Hesabat dövründə ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş 55 239 800 manat məbləğindən ziyandan ibtidai istintaq zamanı maliyyə sanksiyaları ilə birlikdə 20 944 700 manat məbləğin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

2018-ci il ərzində vergiləri ödəməkdən yayınma və qanunla istintaqı vergi orqanlarının səlahiyyətinə aid olan digər cinayətlər törətmiş 23 nəfər şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində vergiləri ödəməkdən yayınma və vergi orqanlarının səlahiyyətlərinə aid olan digər cinayətlərin törədilməsinə görə barələrində axtarış elan edilmiş 26 nəfər tutularaq istintaq idarəsinə təhvil verilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 155 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanına təqdim olunub.

2018-ci ildə vergi borcu 20 min manatdan çox olan, yəni cinayət tərkibi yaradan borclar üzrə yerli vergi orqanlarından daxil olmuş borc materialları ilə bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 29,5 mln. manat vəsait ödənilib.

Departamentin əməkdaşları tərəfindən hesabat dövründə müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən tibbi xidmətlər, idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicilərində nəzarət tədbirləri həyata keçirilib, külli miqdarda azaldılmış vergilər müəyyən edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər