4 C
Baku
Thursday, February 22, 2024

2018-in ilk hərracında 4 dövlət müəssisəsi özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Komitədən Banker.az-a verilən məlumata görə, rəqabət mühitində keçən budəfəki hərracda Bakının Nərimanov rayonunda yerləşən sahəsi 50 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 15 min manat olduğu halda ən son 31 min 150 manat təklif edilib. Paytaxtın Nərimanov rayonunda yerləşən sahəsi 40 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsində də anoloji hal müşahidə edilib. Belə ki, adı çəkilən əmlakın ilkin start qiyməti 14 min manat olsa da 32 min manata sahibini tapıb.

Nəqliyyat vasitələrinin hərracında da rəqabət özünü göstərib. Belə ki, “QAZ-3102” markalı avtomobilin ilkin start qiyməti 2 min manat olduğu halda ən son 3 800 manata özəlləşdirilib. Bundan başqa, 2006-ci il istehsalı olan “Nissan Maxima”nın ilkin start qiyməti 2 min 775 manat olmasına baxmayaraq 5050 manata sahibini tapıb.

Qeyd edilməlidir ki, budəfəki hərracda ümumilikdə 21 dövlət əmlakı sahibini tapıb. Bunlardan 4-ü kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 2-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi özəlləşdirilib.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi müxtəlif iqtisadi sahələrdə əlverişlidir. Göyçay şəhərində yerləşən Təmir emalatxanası bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 660 kvadratmetrdən çox torpaq sahəsi isə 14 min 500 kvadratmetrə yaxındır.

Bundan başqa, Lerik rayonunda yerləşən Qosmalian süd qəbulu məntəqəsi də xidmət sahəsi üçün əlverişli obyektdir. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 90 kvadratmetrə yaxın, torpaq sahəsi isə 100 kvadratmetrdən çoxdur.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin hamısı paytaxt ərazisindədir. Bakıda özəlləşdirilən qeyri-yaşayış obyektinin 4-ü Nərimanovda, hər birində 3 olmaqla Səbail, Nəsimi və Suraxanı rayonunda, qalanları isə müvafiq olaraq Nizami, Xətai, rayonlarında yerləşir.

Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri sahəsi 18,6 kvadratmetr olan Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsidir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün privatization.az portalından “Nəticələr” bölməsinə daxil olmaq kifayətdir.

 

Hərracın qalibi 30 bank günü müddətində əmlakın pulunu ödəməlidir. Bundan sonra əmlak alıcının adına rəsmiləşdirilir. Məbləğ ödənilmədikdə isə hərracın nəticəsi ləğv edilir, beh geri qaytarılmır, əmlak isə satıcının sərəncamında qalır.

Son xəbərlər
Digər xəbərlər