Qlobal iqtisadi proseslərdə gərginlik yenidən artmağa başlayıb.
ABŞ-Çin ticarət müharibəsinə yeni bir gərginləşdirici element də daxil oldu. Öz texnoloji imkanları (xüsusilə əhalinin kütləvi video müşahidəsinin təşkili) ilə insan haqlarının pozulmasında hökumətlərinə dəstək verən Çinin xeyli sayda şirkəti ABŞ-ın sanksiya siyahısına düşdü. Çin rəsmilərinin açıqlamalarından görünür ki, bu addımdan ticarət müharibəsi qədər narahatlıq var.
BVF isə dünən açıqladı ki, 2 ölkə arasında ticarət savaşı 2020-ci ildə qlobal ÜDM-i 700 mlrd. dollara qədər azaldacaq.
ABŞ iqtisadiyyatı ilə bağlı narahatçılıq da artır. Dünyanın ən əhəng iqtisadiyyatı likvidlik problemi ilə üzləşdib. FED REPO əməliyyatları vasitəsilə pul bazarına 150 mlrd. dollara yaxın vəsait inyeksiya etsə də, defisit probleminin həll olunmadığı görünür. Banklararası bazarda günlük kreditləşmə (overnayt Repo əməliyyatları) üzrə faizlər birdən-birə 4 dəfə artması FED-i bu addımı atmağa məcbur etmişdi.
Faiz siyasətinin yumşaldığı şəraitdə REPO dəstəyinin belə likvidlik defisiti problemini həll edəcəyi deyəsən mümkün görünmür. FED son 5 ildə ilk dəfə yenidən kəmiyyət yumşaldılmasına getməli olacaq.
2008-2014-cü illərdə çap maşını hesabına həyata keçirdiyi QE proqramı nəticəsində FED-in balansı 5 dəfə artaraq 900 mlrd. dollardan 4.5 mlrd. dollara çatmışdı.
QE proqramı FED tərəfindən aktivlərin maliyyə institutlarında alınması və onları böyük həcmdə likvidlik imkanın təqdim edilməsidir. Belə xəbərlər də var ki, ABŞ-ın hökumət istiqrazlarının ən böyük alıcıları Çin və Yaponiya bu bazarda iştiraklarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdıqları üçün FED çap maşını hesabına yerli maliyyə institutlarına dəstək verməklə hökumətin borclanmasına dəstək vermiş olur.
Son bir ildə isə balansın əvvəlki həcmə qaytarılması istiqamətində addımlar artıq yarımçıq saxlandı (600 mlrd. dollar azalma olmuşdu və balans 3.9 trln. dollara düşmüşdü).
Bu baş verənlər bütün bəyanatlara, bəzi makroiqtisadi göstəricilərin (işsizlik, inflyasiya) yaxşı olmasına baxmayaraq, 1 nömrəli iqtisadiyyatda narahatlıqlar olduğunu göstərir. Hətta FED-in son iclasının ictimaiyyət üçün açıqlanan protokollarının stenoqramı göstərir ki, qurumda olan peşəkarlar yaxın dövr üçün ABŞ-da yeni ressesiya riskini real sayırlar.
Eyni zamanda, Asiya və Avropanın iqtisadi nəhənglərinin demək olar ki, hamısında iqtisadi artımın zəifləməsi müşahidə edilir. Bunun üzərinə onu da əlavə edin ki, ötən həftə ABŞ neft hasilaıtnda yeni rekorda çıxdı – gündəlik hasilat 200 min barrel artaraq 12.6 mln. barrelə çatdı. Neft məhsullarının ixracı da ilin əvvəlindən 20% artaraq tarixi rekord göstəriciyə yetişib.
Bütün bu baş verənləri bizlə nə əlaqəsi?
Əsas narahatlıq odur ki, yeni bir ressesiya neft bazarını yenidən çalxalansa, ən böyük zərbəni dayanıqlı iqtisadi inkişafa malik olmayan resurs ölkələri alacaq. Azərbaycan iqtisasiyyatı 2015-2016-cı ilin iqtisadi şokundan hələ də özünə gələ bilmir.
2020-ci il maraqlı və gərgin il olacaq…
MÜƏLLİF:
Rövşən AĞAYEV