2019-cu il Azərbaycanın sığorta bazarında, xüsusən qanunvericilik sahəsində dəyişikliklərlə yadda qaldı. Belə ki, bu ildə aqrar sığorta və icbari tibbi sığorta haqqında qanun layihələrinin qəbul edilməsi bazarda müəyyən gözləntilərin formalaşmasına səbəb oldu. Eyni zamanda 2019-cu ildə daşınmaz əmlakın icbari sığortası ilə bağlı bir sıra tətbiqlərin həyata keçirilməsi aktuallaşdı.
Banker.az xəbər verir ki, Report 2019-cu ildə ölkənin sosial-iqtisadi həyatında baş verən proseslərin Azərbaycanın ümumi sığorta bazarı üçün hansı təsirlərlə nəticələnməsi, il ərzində sektor üzrə qəbul edilən qanunların və aparılan dəyişikliklərin bazarda hansı perspektivlərə yol açması və 2020-ci ildə bu sahədə gözlənilən nəticələr, eyni zamanda atılmalı olan addımlarla bağlı mütəxəssislərin fikirlərini öyrənib.
Sığorta üzrə ekspert İlkin İbrahimov 2020-ci ildə sığorta bazarındakı gözləntilərlə bağlı verdiyi açıqlamada bildirib ki, bu il icbari tibbi sığorta ən çox sığorta haqqları toplanan sahə olacaq: “2018-ci ilə nisbətən 2019-cu il sığorta bazarı üçün sığorta haqqlarının az olması ilə yadda qaldı. Bu, Vergilər Məcəlləsinə edilmiş müəyyən dəyişikliklər ilə əlaqədar idi. Lakin ölkədə sığorta bazarı ilə bağlı qanunvericilikdə fundamental dəyişikliklər oldu. Bunlara misal olaraq həm icbari tibbi sığorta, həm də aqrar sığorta haqqında qanun layihəsinin hazırlanıb qüvvəyə minməsini göstərə bilərik. Eyni zamanda, ötən il daşınmaz əmlakın icbari sığortası ilə bağlı mühüm addımlar atıldı: sığorta şirkətləri ciddi olaraq bu məsələ ilə məşğul olmağa başladılar. Nəticədə ilin sonunda əhalinin daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şəhadətnamələrini əldə etməsi prosesi sürətləndi.
Sığorta üzrə ekspert İlkin İbrahimov:
“Bu il üçün daşınmaz əmlakın icbari sığortası haqqlarının artacağı ehtimal olunur”.
2020-ci ilin yanvarın 1-dən etibarən aqrar sığortanın ölkədə tətbiqi rəsmi olaraq qüvvədədir. Hazırda bu sığorta növünün ümumi strukturunun tam formalaşdırılması prosesləri gedir. Ehtimal olunur ki, ilin ikinci yarısından etibarən aqrar sığortanın tətbiqi həyata keçiriləcək.
Digər tərəfdən, 2020-ci ildən etibarən ölkədə icbari tibbi sığortanın dövlət tərəfindən tətbiq edilməsi çox təqdirəlayiq addımdır. Ötən illərdə həyatın yaşam sığortası ilə bağlı toplanan sığorta haqqları digər sığorta növlərinə nisbətən daha çox olurdu. Bu il isə icbari tibbi sığorta ən çox sığorta haqqları toplanan sahə olacaq. Çünki bu sahəyə həm dövlət tərəfindən vəsait ayrılacaq, həm də vətəndaşlardan sığorta haqqları toplanacaq. 2020-ci ildə daşınmaz əmlakın icbari sığortası ilə də bağlı artım olacağı gözlənilir. Əvvəlki illərdə bu sığorta növü üzrə sığorta haqqları azlıq təşkil edirdi”.
2019-cu il üzrə ölkədə sığorta bazarının ümumi vəziyyətini “Report”a şərh edən sığorta mütəxəssisi Xəyal Məmmədxanlı bildirib ki, ötən ildə bazar üzrə aparılan müzakirələr və atılan maarifləndirici addımlar növbəti illərdə öz müsbət nəticəsini verə bilər:
2018-ci illə müqayisədə keçən il ərzində sığorta bazarında kiçilmə müşahidə olundu. Bunun da əsas səbəbi həyatın yaşam sığortası üzrə olan azalmalar idi. Belə ki, həyatın yaşam sığortası ilə bağlı qanunvericilikdə edilən müvafiq dəyişikliklərdən sonra burda çox ciddi şəkildə azalmalar oldu. Ötən il bazarın müsbət cəhətlərindən biri olaraq qeyri-həyat üzrə könüllü sığorta növlərində artım qeydə alındı. Mənim üçün əsas sevindirici tərəf budur. Çünki mən icbari sığortalar üzrə yığımların artmasını bazarın inkişafı hesab etmirəm. Könüllü sığortalarda bir qədər dinamiklik baş verdi. KASKO sığortası, tibbi sığorta, aqrar risklərin sığortası, əmlak sığortası və digər könüllü sığorta növlərində müəyyən bir canlanma yaşandı. Nəticədə, ümumilikdə bazarın stabilliyi qorundu. Amma rəqəmlər baxımından bazarın kiçildiyini deyə bilərəm. Halbuki biz ilin əvvəllərində ötən il üçün daha böyük rəqəmlərin olacağını proqnozlaşdırmışdıq.
2019-cu il əsasən insanların sığorta barəsində danışdığı bir il oldu. Xüsusən ilin son iki ayı daşınmaz əmlakın icbari sığortası ilə bağlı müzakirələrlə yadda qaldı. Yəqin ki, bu müzakirələr və maarifləndirici addımlar gələcək illərədə öz nəticəsini verəcək. Artıq insanların bir çoxu əmlak sığortası ilə maraqlanmağa başlayıb”.
Sığorta üzrə ekspert Xəyal Məmmədxanlı:
“2020-ci ildə sığorta bazarında minimum 10%-lik artım gözləyirəm”.
Bu il üçün gözləntilərdən danışarkən X.Məmmədxanlı qeyd edib ki, 2020-ci ildə sığorta bazarında minimum 10%-lik artım proqnozlaşdırılır: “Doğrudur, bu artımda əsasən aqrar sığortanın və daşınmaz əmlakın icbari sığortasının rolu olacaq. Amma hər halda, icbari sığorta növlərinin belə inkişafı daha sonrakı mərhələdə könüllü sığorta növlərinin stimullaşdırılmasına gətirib çıxarır. Odur ki, bazarın vəziyyətini stabil hesab etmək olar. Sevindirici hallardan biri də sığorta şirkətlərinin sayında azalmanın olmamasıdır. Daha öncəki illərdə demək olar hər il müəyyən sığorta şirkətlərinin bazarı tərk etməsinin şahidi olurduq. Keçən il isə bazar stabilləşdi və hətta iki yeni sığorta şirkəti də yarandı. Böyük ehtimal ki, bu ildən bazarda müəyyən bir inkişaf tendensiyası müşahidə edəcəyik”.
Onun sözlərinə görə, 2019-cu ili avtomobillərin icbari sığortası üzrə çox mənfi bir il hesab etmək olar. Bu sığorta növü, tarixində ilk dəfə olaraq 2019-cu ildə zərərli sığorta növlərindən birinə çevrilməyə başladı. Önümüzdəki illərdə yol nəqliyyat hadisələri azalmasa və ya sığorta haqqları artırılmasa bu sığorta növü bazar üçün problemli bir sığorta növünə çevriləcək. Demək olar ki, artıq sığorta şirkətlərinin əksəriyyəti bu sığorta növü üzrə zərərdədirlər. Bunun səbəbi yol-qəza hadisələrinin sayının həddən çox olması, avtomobillərin ehtiyat hissələrinin dəfələrlə bahalaşması, mövcud sığorta tarifləri və mövcud sığorta məbləğlərinin isə reallığa cavab verməməsidir. Əvvəllər bir hadisə vaxtı 200-300 manat xərc çıxırdısa, bu gün eyni hadisədə çıxan xərc min manatdır. Nəticədə sığorta şirkətləri yığdıqları sığorta haqqından daha çox sığorta ödənişi həyata keçirirlər. Bu zaman sığorta şirkətləri zərərdə olduğuna görə sığorta ödənişlərində azaltmalar etmək kimi xoşagəlməz hallara yol verirlər. Bu da müştəriləri narazı salır. Ona görə də icbari sığortalar baxımından olmasa da, könüllü sığortalar baxımından 2019-cu ili uğurlu il hesab etmək olar.
KASKO sığortası üzrə 2018-ci ilki azalmalardan fərqli olaraq 2019-cu il artım oldu. Bu işdə “KASKO BUTİK” layihəsinin apardığı maarifləndimə və təbliğat işlərində önəmli rolu var. KASKO sığortası bazarında 2018-ci illə müqayisədə 5 milyon manatlıq bir artım var. Bu artımın 2020-ci ildə də davam edəcəyini düşünürəm.
Könüllü tibib sığorta bazarı ilə bağlı vəziyyət tam müəyyən deyil. Bu bazarın hansı istiqamətdə inkişaf edəcəyi icbari tibbi sığorta mexanizminin effekltivliyindən asılı olacaq. İcbari tibbi sığorta mexanizmi effektiv işləsə, ola bilsin ki, könüllü tibbi sığorta bazarında müəyyən azalmalara səbəb ola bilər. Bu mexanizmin işləmədiyi təqdirdə isə könüllü tibib sığorta məhsullarına daha çox maraq yaranmış olacaq”.
X.Məmmədxanlı bildirib ki, dünyada yüzlərlə sığorta növü olsa da Azərbaycanda yalnız 5-6 sığorta növünün inkişafını görürük: “Aviasiya risklərindən sığorta, dəniz risklərindən sığorta, məsuliyyət risklərinin sığortası kimi sığorta sektorunda rəqəmlər demək olar ki, hər il eyni şəkildə qalmaqdadır. Halbuki bu bazarlarda da böyük potensial var. Ötən il müxtəlif sığorta növləri üzrə yeni məhsullar görsək də, yeni sığorta növü görmədik”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu il maliyyə sektorunda görəcəyi işləri açıqlayarkən bildirib ki, sığorta sektorunda effektiv tənzimləmə və nəzarəti təmin etmək, icbari və könüllü sığorta sistemlərinin inkişafı ilə maliyyə bazarlarının digər seqmentlərinin inkişafına əlavə impulslar verilməsi AMB-nin vacib prioritetlərindən olacaq.
Qurum bəyan edib ki, sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi, sığorta yığımlarının artırılması, yeni sığorta alətlərinin tətbiqi, sığorta nəzarəti sisteminin təkmilləşdirilməsi, sığortalıların hüquqlarının qorunması, hüquqi və fiziki şəxslərin könüllü sığortadan istifadəsinin təşviqi, sığorta sistemində neqativ halların qarşısının alınması ilə sektora edimadın artırılması kimi istiqamətlərdə fəaliyyət göstəriləcək. Qeyd olunan istiqamətlərdə irəliləyişə nail olmaq üçün sığorta fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi işləri görüləcək.
AMB-nin bəyanatında qeyd olunub ki, 2020-ci ildə yeni institusional əsaslarda kənd təsərrüfatı sığortasının inkişafı ölkədə aqrar sektorun inkişafına mühüm dəstək olacaq, bu sahədə defolt risklərinin diversifikasiyasına şərait yaratmaqla uzunmüddətli investisiya planlaşdırılmasına təkan verəcək: “Nəzarətin təkmilləşdirilməsi məqsədi ilə sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığortaçıların və xarici sığorta brokerlərinin, onların Azərbaycandakı nümayəndəliklərinin, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin reyestrinin aparılması təmin ediləckr. Sığorta ilə bağlı təbliğat-təşviqat işlərinin davam etdirilməsi, nəzarət çərçivəsində sığortaçılarda səyyar yoxlamaların həyata keçirilməsi də planlaşdırılır”.
Xatırladaq ki, keçən ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 570,5 mln manat sığorta haqqı toplayıb, 225,5 mln manat sığorta ödənişi həyata keçirib. Könüllü sığorta bazarı üzrə haqlar 387 mln manat, ödənişlər isə 159,7 mln manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 183,5 mln manat, ödənişlər isə 65,8 mln manat olub.
Oktyabr ayında sığorta haqqları və sığorta ödənişləri sentyabr ayı ilə müqayisədə müvafiq olaraq 8,7% və 9,4% azalıb. Sentyabrda isə avqust ayı ilə müqayisədə sığorta haqqları 12,35%, sığorta ödənişləri isə 25,8% artıb. Belə ki, sığorta haqqları oktyabrda 48 mln manat, sentyabrda 52,6 mln manat, avqustda 46,8 mln manat, sığorta ödənişləri isə oktyabrda 23,7 mln manat, sentyabrda 26,2 mln manat, avqustda 20,8 mln manat təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə keçən il sığorta haqqları 7,6% azalıb, sığorta ödənişləri isə 9,5% artıb. Könüllü sığorta bazarı üzrə sığorta haqqlarında 14,13% azalma,sığorta ödənişlərində 6,6% artım qeydə alınıb. İcbari sığorta bazarı üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarında 10,25%, sığorta ödənişlərində isə 17,07% artım olub.
Qeyd edilən hesabat dövrü ərzində ən çox sığorta haqqları ardıcıl olaraq “Paşa Həyat Sığorta” ASC (180,1 mln manat), “Paşa Sığorta” ASC (132,6 mln manat), Dövlət Sığorta Kommersiya Şirkəti (43,6 mln manat), “Atəşgah Həyat” Sığorta Şirkəti (31,1 mln manat), “Atəşgah” Sığorta Şirkəti (30,4 mln manat) tərəfindən toplanılıb. Ən çox sığorta ödənişləri isə ardıcıl olaraq “Paşa Həyat Sığorta” ASC (74,3 mln manat), “Paşa Sığorta” ASC (43,6 mln manat), “Atəşgah” Sığorta Şirkəti (16,3 mln manat), Dövlət Sığorta Kommersiya Şirkəti (13 mln manat), “AtaSığorta” ASC (12,4 mln manat), “Atəşgah Həyat” Sığorta Şirkəti (10,7 mln manat) tərəfindən ödənilib.
©Report