Fermerlər sahələrdən bol məhsul götürürlər
Bu il tütünçü fermerlər sahələrdən bol məhsul götürürlər. Aqrotexniki qulluq qaydalarına düzgün riayət edilməsi, şitil, gübrə və dərman təminatının yüksək səviyyədə təşkili sayəsində 2020-ci ildə tütünçülükdə orta məhsuldarlıq göstəriciləri yüksəlib.
Bu il Azərbaycanda 3144 hektar sahədə tütün əkilib, 3141,5 hektar sahədə bitiş alınıb. Bu günədək sahələrdən 5949,8 ton tütün yığılıb. Fermerlər məntəqələrə 5078,2 ton quru tütün təhvil veriblər. Hazırda tütün üzrə orta məhsuldarlıq 18,9 sentner təşkil edir. Sahələrdə yığım davam edir, mövsümün yekununa kimi orta məhsudarlıq göstəricisinin daha da artacağı gözlənilir.
2020-ci ildə Azərbaycanın 12 rayonunda və Naxçıvan Muxtar Respublikasında tütün əkilib. Əkin sahələrinin yarıdan çoxu ənənəvi tütünçülük bölgələrindən olan Şəki, Qax və Oğuz rayonlarının payına düşür. 2020-ci ildə Şəkidə 1108 hektar, Qaxda 496,5 hektar, Oğuzda isə 269 hektar sahədə tütün əkilib. Tütün üzrə orta məhsuldarlıq Şəkidə 32,1 sentner, Qaxda 13,5 sentner, Oğuzda 14,8 sentnerdir. Zaqatala, Balakən, Qəbələ, Tovuz, İsmayıllı, Goranboy, Lerik, Masallı və Yardımlı rayonlarında da fermerlər sahələrdən bol məhsul götürüblər.
Hazırda sahələrdə yığım davam edir, tütün yarpağı yığımının optimal müddətdə başa çatdırılması gözlənilir.