Ünvanlı dövlət sosial yardımı (ÜDSY) dedikdə, dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımı nəzərdə tutulur. Aztəminatlı ailə dedikdə, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur. Ehtiyac meyarı dedikdə, ÜDSY-nin təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur.
Banker.az olaraq 2020-ci ildə ÜDSY-nin necə hesablanacağını araşdırdıq.
Misal: 4 nəfərdən ibarət ailənin orta aylq gəliri 400 manat təşkil edir. 2020-cu il üçün ehtiyac meyarının həddi 160 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 160*4=640 manat təşkil edir. Bu halda ailəyə 640-400=240 manat məbləğində dövlətdən sosial yardım təyin edilə bilər. (Ehtiyac meyarı 2019-cu ildə 143 manat təşkil edirdi, 2020-ci il üçün 17 manat artırılıb)
Ailə dedikdə, qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər nəzərdə tutulur.
Misal 1: 1 evdə 2 qardaşın 5 və 3 nəfərlik ailəsi qaz, işıq və su sayğaclarından birgə istifadə etməklə yaşayırlar. Bu halda həmin evdə yaşayanlar 1 ailə hesab edilir və ailə üzvlərinin sayı 8 nəfərdən ibarət olacaq.
Misal 2: 1 evdə ata və oğlunun 2 və 4 nəfərlik ailəsi birlikdə yaşayır. Lakin, onlar ayrı-ayrı qaz, işıq və su sayğaclarından istifadə edirlər. Bu halda onlar 2 ayrı ailə hesab edilir və ÜDSY almaq üçün müraciət etdikdə 2 ailə kimi gəlirləri ayrı hesablanacaqdır.
Ailənin gəlirləri dedikdə, ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, faktiki alınan alimentlərdən, kreditdən, şəxsi yardımçı təsərrüfatdan (iri və xırda buynuzlu malqara, ev quşları, arı ailəsi və s.)əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu nəzərdə tutulur.
Sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.
Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
Dövlətdən sosial yardımı hansı ailələrin alma hüququ var?
Orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan (2020-ci ildən ehtiyac meyarının həddi 160 manat təşkil edir) aşağı olan aztəminatlı ailələr ÜDSY almaq hüququna malikdirlər.
Orta aylıq gəliri onlardan asılı olmayan səbəblər dedikdə aşağıdakı hallar nəzərdə tutulur:
- Şəxsin əlil olması;
- Şəxsin əmək pensiyaçısı olması;
- Şəxsin birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;
- Şəxsin 23 yaşadək əyani təhsil alması;
- Şəxsin Dövlət Məşğulluq Xidmətinin yerli orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması;
- Şəxsin azadlıqdan məhrum edilməsi.
Aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində ünvanlı dövlət sosial yardım alırlar – Hansı ki, biz buna yuxarıda izah verdik misallarla.
ÜDSY təyin edilərkən, ailənin tərkibində nəzərə alınmayan ailə üzvləri:
ÜDSY təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır və onlara görə ÜDSY ödənilmir:
- tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);
- müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
- cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
- axtarışda olan şəxslər;
- Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları;
- əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).
Misal: 6 nəfərdən ibarət ailənin tərkibində 1 nəfər müddətli həqiqi hərbi xidmətdə olan və 1 nəfər uşaq evində olan şəxs var. Həmin ailənin orta aylıq gəliri isə 400 manat təşkil edir. Deməli, həmin 2 nəfər ailə üzvü kimi nəzərə alınmayacaq və ailə üzvlərinin ehtiyac meyarının məcmusu (6-2)*160=640 manat müəyyən ediləcək. Bu halda ailəyə 640-400=240 manat məbləğində ÜDSY təyin edilə bilər.
Necə müraciət etməli?
Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs ÜDSY-nin alınması üçün müraciət edə bilər. Bunun üçün aşağıdakı sənədləri əldə etməlidir:
- Yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışı;
- Həmin arayışa əsasən notariat orqanı tərəfindən təsdiq edilən təmsilçilik barədə ərizə.
Təmsilçi kompüter və ya mobil telefonlardan istifadə edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (www.sosial.gov.az) yerləşdirilmiş VEMTAS pəncərəsinə və ya elekron hökumət portalında (www.e-gov.az) ƏƏSMN-nin xidmətləri siyahısında “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” bölməsinə daxil olmaqla elektron qaydada Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) müraciət edir.
Vətəndaşlar tərəfindən “Ərizə-bəyannamə” doldurulan zaman diqqət edilməli məqamlar:
- Ailə tərkibinin düzgün göstərilməsi;
- Yaşadığı ünvanın düzgün göstərilməsi;
- Ailənin bütün növ gəlirləri və əmlakının dəqiq bəyan edilməsi;
- Müraciətdən əvvəl 12 ay ərzində kredit götürülübsə, bu barədə mütləq şəkildə məlumat verilməsi;
- Torpaq pay mülkiyyəti olduqda, bu barədə mütləq şəkildə məlumat verilməsi və sığortaedənin uçot nömrəsinin (SUN) göstərilməsi;
- Qaz, işıq, su, stasionar və mobil telefondan istifadəyə görə xərclərin dəqiq bəyan edilməsi.
Ünvanlı dövlət sosial yardımı təyin olunması və təyin olunmasından imtina edilməsi barədə:
ÜDSY-nin alınması üçün müraciətlər VEMTAS (yəni insan əqlinin köməyi olmadan sistem araşdırır) tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir.
VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların elektron qaydada yoxlanılması həyata keçirilir.
Məlumatlarda uyğunsuzluq olduqda, ÜDSY-nin təyin olunmasından imtina edilir, uyğunsuzluq olmadıqda, VEMTAS tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin (maddi-məişət şəraitinin müayinəsi dedikdə, Təmsilçinin “Ərizə-bəyannamə”də daxil etdiyi məlumatların DSMF-nin yerli şöbəsinin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən Təmsilçinin (müraciət edən) evində yoxlanılması nəzərdə tutulur) aparılması barədə tapşırıq göndərilir.
DSMF-nin yerli şöbəsinin ünvanlı sosial yardım üzrə işçisi ailənin maddi-məişət şəraitinin müayinəsini həyata keçirir və nəticələrini VEMTAS-a ötürür.
“Ərizə-bəyannamə”də göstərilən məlumatlar maddi-məişət şəraitinin müayinəsində öz təsdiqini taparsa, VEMTAS tərəfindən ailəyə ÜDSY-nin təyin olunması barədə, öz təsdiqini tapmadıqda isə ÜDSY-nin təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır.
ÜDSY onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.
Bəs ÜDSY təyin olunmasından hansı halda imtina edilir?
Aşağıdakı hallarda ÜDSY-nin təyin olunmasından imtina edilir:
- “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların VEMTAS üzərindən və ya maddi-məişət şəraitinin müayinəsinin nəticələrinin yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq olduqda;
- ÜDSY üçün müraciətdən əvvəlki son 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda;
- ÜDSY üçün müraciətdən əvvəlki son 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun (2020-ci il üçün 190 manat müəyyən edilmişdir) 12 mislindən çox, yəni 190*12=2280 manat məbləğində alqı-satqı etdikdə;
- Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);
- Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxılır);
- Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun (hazırda bu məbləğ 190 manat təşkil edir) 10 faizindən, yəni 190*0.1=19 manatdan çox olduqda.
Misal: adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği 19.0 manat olduğundan, 5 nəfərlik ailədə bu rəqəm 19*5=95 manat təşkil edəcək;
Digər ÜDSY-nin verilməsindən imtina səbəbi kimi, ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olması gətirilə bilir.
ÜDSY-nin verilməsi və verilməsinin dayandırılması nə zaman mümkündür?
ÜDSY ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə banklar vasitəsilə ödəniş kartı ilə ödənilir.
ÜDSY almaq hüququna baxılması zamanı ailənin tərkibi, əmlakı və gəliri haqqında məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, ÜDSY-nin verilməsi həmin gündən dayandırılır və həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir.
ÜDSY-nin verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə, ünvanlı dövlət sosial yardımı alan ailə bu barədə elektron formada VEMTAS-a və ya DSMF-nin rayon (şəhər) şöbəsinə 5 iş günü müddətində məlumat verməlidir.
Misal: ÜDSY təyin edilmiş ailə aşağıdakılar barədə məlumat verməlidir:
- ailə üzvlərindən hər hansı biri kredit götürdükdə;
- işləyən ailə üzvlərinin əmək haqları dəyişdikdə;
- işləyən ailə üzvlərindən hər hansı biri işdən çıxdıqda;
- işləməyən ailə üzvlərindən hər hansı biri işə düzəldikdə;
- uşaq doğulduqda;
- ailə üzvlərindən hər hansı biri vəfat etdikdə;
- ailə üzvlərindən hər hansı biri digər ünvana köçdükdə.
ÜDSY təyin edilmiş ailələr arasında mütəmadi monitorinqin keçirilməsi:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri tərəfindən şəhər və rayonlar üzrə seçmə qaydada monitorinq keçirilir. Əgər Nazirliyin nümayəndələri tərəfindən ÜDSY-nin verilməsinin dayandırılmasına (5-ci hissədə sadalanan hallar) səbəb ola biləcək hallar aşkar edildikdə, həmin ailəyə təyin edilmiş ÜDSY dayandırılır və ailənin ÜDSY-nin alınması üçün müraciət etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır. ÜDSY-nin dayandırılmasına səbəb olan hallar baş verdiyi tarixdən sonra ÜDSY-nin artıq ödənilmiş hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcəsinə qaytarılır.
*Qeyd edək ki, hər bir rayon (şəhər) üzrə ÜDSY alanların siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında yerləşdirlir.
Sabir Mirzəyev
İstifadə olunmuş ədəbiyyatlar:
– Ünvanlı dövlət sosial yardımı haqqında A.R.-nın Qanunu
– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
– E-GOV.az
– E-Qanun.az