15 C
Baku
Tuesday, April 23, 2024

2021-2023 cü illər üçün makroiqtisadi proqnozlar fonunda Azərbaycan bank sektoru – BLOQ

2021-ci ilin pul və maliyyə sabitliyi siyasəti dünyada iqtisadi aktivliyin, qlobal əmtəə və maliyyə bazarlarındakı vəziyyətin perspektivləri ilə bağlı qeyri-müəyyənliklərin yüksək olduğu bir şəraitdə formalaşdırılır. Növbəti ildə də pandemiya ayrı-ayrı ölkələrin iqtisadi dayanıqlıq potensialını sınağa çəkəcəkdir. Risklər başlıca olaraq epidemioloji vəziyyətlə əlaqədar olmaqla xarici və daxili mühitə təsir potensialını saxlayır. Belə bir şəraitdə 2021-ci ildə makroiqtisadi və maliyyə sektorunun stabilliyinin qorunması makroiqtisadi və makroprudensial siyasətlərin əsasını təşkil edəcəkdir. Qüvvədə qalan epidemioloji risklər və dünya iqtisadiyyatındaki ümumi qeyri- müəyyənlik 2021-ci ildə bərpa prosesinin tədrici olacağını göstərir. Ölkələrin və iqtisadi sahələrin adaptasiya imkanlarının fərqliliyi, eləcə də dəyişilmiş mühit şəraitində yeni biznes modellərinin axtarılması da bərpaya təsir edən amil olacaqdır. Beynəlxaq Valyuta Fondunun açıqladığı proqnozlara görə, 2021-ci ildə qlobal iqtisadi artım 5.2% olacaqdır. İnkişaf etmiş ölkələr üzrə 3.9%, inkişaf etməkdə olan ölkələr üzrə 6% iqtisadi artım proqnozlaşdırılır. COVID-19 əleyhinə vaksinasiya prosesinin artıq başlaması bu proqnozların reallaşması ilə bağlı nikbinlik yaradır. Digər tərəfdən Azərbaycan iqtisadiyyatının uzunmüddətli dövrdə aşağı neft gəlirlərinə uyğunlaşması, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və qayıdış işlərinin reallaşdırılması ilə bağlı böyük çağırışlar formalaşmışdır.

“S&P Global Ratings ” beynəlxalq reytinq agentliyinin yeni proqnozuna əsasən, 2021-ci ildə ölkə iqtisadiyyatı bərpa olmağa başlayacaq və ÜDM-in gözlənən real artım tempi 2,9% səviyyəsində olacağı gözlənilir. Artım əsasən Azərbaycanın iqtisadiyyata göstərilən təzyiqləri yumşaldılmasına ayırdığı 3,5 mlrd. manatlıq stimullaşdırıcı paket, daxili istehlakın bərpa olunması və daha yüksək karbohidrogen ixracı hesabına baş verəcək. “S&P”nin gözləntilərinə görə, Azərbaycanda ÜDM-in real artım tempi 2022-ci ildə 5%, 2023-cü ildə isə 3% təşkil edəcək. Beləliklə, 2021-2023 illərdə Azərbaycanda iqtisadi artım orta hesabla 3,7%-ə bərabər olacaq. Dünyanın başlıca güc mərkəzlərində mərkəzi bankların kəmiyyət yumşaldılması siyasətlərinin davam etdiriləcəyi ehtimalı yüksəkdir. Aşağı faiz dərəcələri mühitinin bütün ilboyu davam edəcəyi gözlənilir. 2021-ci ildə Azərbaycanda iqtisadi fəallıq neftin qiyməti sabitləşdikcə artacaq. Bundan başqa, ölkə iqtisadiyyatı Qarabağın bərpasına yatırılan sərmayələr və çəkilən xərclərdən faydalanacaq. Qarabağda dəmiryolu, yeni ticarət yollarını bərpası yüklərin daşınması və ticarət dövriyyəsininin artmasına səbəb olacaq. Bu da öz növbəsində malların daşınmasını daha sürətli və daha az yol xərci ilə başa gəldiyi üçün istehlakçılara daha aşağı qiymətlərlə təklif olunması deməkdir.

2020-ci ildən başlayaraq neftə tələbin nisbətən artması, eləcə də əldə olunmuş OPEK++ razılaşmasının yenilənərək icrasının təsiri ilə neft qiymətləri bərpa olmağa başlamışdır. 2021-ci ildə vaksinasiya prosesinin genişlənməsi ilə iqtisadiyyatdakı qapanmaların açılması və tələbin daha da artacağı proqnozları neftin qiymətindəki artıma meyilli stabillik Azərbaycan iqtisadiyyatı üçün təkanverici rol oynayacaqdır. Hazırda neft qiymətlərindəki artıma meyilli stabillik və Cənub Qaz Dəhlizinin işə düşməsi ilə artan qaz ixracı daha çox ABŞ dollarının ölkəyə cəlb olunmasına, manatın digər valyutalar qarşısında dəyərini qorumağa kömək edəcəkdir.

Hər böhran özü ilə fürsətlər gətirdiyi kimi, pandemiya ilə birlikdə gələn iqtisadiyyatdakı böhran, bank sektorunu rəqəmsallaşmağa və online xidmətlərini daha çox inkişaf etdirməyə şərait yaratdı.

Bu inkişaf pandemiya dövründə bankların işini nisbətən müsbət tərəfə dəyişdi. Belə ki, maliyyə sisteminin əsas komponenti olan banklar iqtisadiyyatın təkanverici qüvvəsi hesab olunan bizneslərin maliyyələşdirilməsində ciddi problemlər yaşamadılar. Rəqəmsallaşma və online xidmətlərin daha sürətli inkişaf etməsi 2021-ci il və növbəti illər üçün bank sektorunu daha cəlb edici və müştərilər baxımından daha rahat və sürətli xidmət sahəsinə çevirəcək.

Əmanətlərin sığortalanması mexanizminin yeni çərçivəsinə dair yeni strategiyanın 2021-ci ildə reallaşdırılması bank sektoruna etimadı qoruyacaqdır. Strategiya fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin dəyişdirilməsilə yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitlər üzrə kompensasiya məbləğinin müəyyənləşdirilməsini və notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanmasını nəzərdə tutur. Nəzərdə tutulan dəyişikliklər əmanətçilərin mütləq əksəriyyətinin əmanətinin tam qorunmasına, banklarda risk idarəetməsinin təkmilləşdirilməsinə, bazar intizamı və rəqabət mühitinin gücləndirilməsinə, beləliklə bank sisteminin dayanıqlığının və əmanətçilərin mənafelərinin etibarlı qorunmasına imkan verəcəkdir. Bu mexanizm pandemiyadan sonra banklara olan inamı geri qaytaracaq və banklarda depozit məbləğini əhəmiyyətli dərəcədə artıracaqdır. Depozit məbləğinin artması banklara daha çox kreditləşməyə şərait yaradacaq. Daha böyük kredit portfeli bakların likvidlik riskini daha yaxşı səviyyədə saxlaya bilməsi üçün imkan deməkdir. Bu da öz növbəsində riskləri minimallaşdırmaq üçün kömək edəcəkdir.

Dağlıq Qarabağ münaqişəsinin əhəmiyyətli eskalasiyası fonunda ölkənin hərbi büdcəsinin xərclərinin artması, ev təsərrüfatlarının və sivil infrastrukturun bərpasına yönələcək dəstəyin iqtisadiyyata dəyəcək ziyanın yeni drayverləri olacaq. Belə ki, azad olunmuş ərazilərdə ciddi yenidənqurma və bərpa işləri ilə ölkədə tikinti sahəsindəki canlanma, daha çox insan üçün iş yeri və daha çox gəlir deməkdir. Bu isə özlüyündə, yüksək alıcılıq qabiliyyəti deməkdir. İnsanlar daha çox istehlak edəcək və tələb istehsalı artmağa məcbur edəcək. Kəpənək effekti yaradan bu tsikl ümumi bazarda canlanma yaradacaq. Bütün bu səbəblər bank sektoru üçün də canlanma deməkdir. 2021-ci il ev təsərrüfatlarının yığımlarının həm banklarda əmanət şəklində saxlanılması, həm də investisiya şəklində dövriyyəyə qaytarılması üçün fürsət ili olacaqdır. 2022-ci ildən başlayaraq azad olunmuş ərazilərdə bizneslərin yaradılması və sahibkarlıq fəaliyyəti üçün dövlət tərəfindən yaradılacaq əlverişli şərtlər, biznesmen və sahibkarları həmin ərazilərə investisiya etmək üçün daha çox təşviq edəcək. Bu halda biznes kreditləri, bankların təklif etdiyi digər məhsullara da maraq artacaqdır. Kapital həcmini böyüdən banklar üçün də həmin ərazilərdə filial, şöbə açaraq böyümək imkanları yaranır.

Nəticə olaraq, 2021-ci il və növbəti illər üçün Azərbaycan iqtisadiyyatı və bank sektoru üçün qeyri müəyyənliklərin və və risklərin qaldığını görürük. Buna baxmayaraq, qeyd etdiyimiz ümumi proseslərə baxsaq 2021-ci və 2023-cü illərdə Azərbaycanda üçün makroiqtisadi proqnozların və müsbət dəyişimdə olduğunun fərqinə varırıq. Bunları nəzərə alaraq, Azərbaycanın iqtisadiyyatı və bank sektoru üçün qısamüddətli proznozumuzda inkişaf və böyümənin olacağını deyə bilərik.

Müəllif: Qüdrət İbrahimov

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər