31 C
Baku
Thursday, August 11, 2022

AMB manatın məzənnəsinin qorunmasını niyə vacib olduğunu açıqlayıb

İnflyasiya hədəfinə nail olmaq üçün pul siyasətinin aralıq hədəfləri olaraq məzənnə, pul təklifi və faiz dərəcələrindən qərarların transmissiya xüsusiyyətləri nəzərə alınmaqla istifadə ediləcəkdir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2021-ci il üzrə pul siyasətinə dair bəyanatında deyilir.

AMB qeyd edir ki, pul siyasəti yürüdülərkən manatın məzənnəsinin inflyasiyaya qısa və ortamüddətli ötürücülüyü diqqətdə saxlanılacaq.

“İstehlakda idxal mallarının əhəmiyyətli paya malik olması məzənnənin başlıca inflyasiya amili olmasını şərtləndirir. Növbəti ildə də valyuta bazarında tarazlıq tədiyə balansının vəziyyətindən, dövlətin valyuta tələbi və təklifindən, habelə iqtisadi subyektlərin məzənnə gözləntilərindən asılı olacaqdır. Zəruri hallarda bundan sonra da valyuta bazarında tarazlığı təmin etmək üçün hökumətlə birlikdə qabaqlayıcı tədbirlər görüləcəkdir. Valyuta tənzimlənməsinin optimallaşdırılması işləri 2021-ci ildə də diqqətdə saxlanılacaqdır”.

AMB digər lövbər olan pul təklifi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında proseslər nəzərə alınmaqla tənzimlənəcəyini bildirir.

“Faiz dəhlizinin parametrləri haqda qərarlar makroiqtisadi proqnozlar və risk balansı nəzərə alınmaqla qəbul ediləcəkdir. Pul siyasətinin izafi yumşalmasının mümkün neqativ nəticələri nəzərə alınmaqla risklərin qiymətləndirilməsi zamanı konservativ mövqe saxlanılacaqdır. 2021-ci ilin ilk rübündə inflyasiyaya azaldıcı təsir göstərən amillərin üstünlüyünü qoruyacağı gözlənilir. Bu dövrdə dünya ərzaq qiymətlərində bahalaşma və epidemiya əleyhinə xərclərin artması məcmu tələbin azalması hesabına neytrallaşa bilər. Ortamüddətli dövr üzrə isə məcmu tələbin və beləliklə iqtisadi artımın bərpası inflyasiya proseslərinə təsir edən başlıca amillərdən biri olacaqdır. Manatın məzənnəsinin sabitliyinin qorunması həm qısa, həm də ortamüddətli dövrdə makroiqtisadi sabitliyin əsas lövbəri rolunda çıxış edəcəkdir”.

Son xəbərlər
Oxşar xəbərlər