12 C
Baku
Thursday, March 28, 2024

2022-ci il dövlət büdcəsinin əsas göstəriciləri açıqlanıb

2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 389 milyon manat və yaxud 5,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 2 milyard 134,3 milyon manat və yaxud 8,6 faiz çox, 2021- ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 170 milyon manat və yaxud 0,6 faiz azdır.

Bu, Azərbaycan Respublikasının 2022-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir.

Qeyd edilib ki, dövlət büdcəsinin xərcləri 29 milyard 879 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 336 milyon manat və ya 4,7 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 462,7 milyon manat və yaxud 13,1 faiz çoxdur.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 63 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 53 milyon manat və ya 1,7 faiz az, ilin sonuna gözlənilən icra göstəricisi ilə müqayisədə isə 2 milyard 47 milyon manat və ya 3 dəfə çoxdur. Kəsirin ÜDM-də xüsusi çəkisi 3,5 faiz olmaqla cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 0,3 faiz-bənd az proqnozlaşdırılmışdı.

Dövlət büdcəsinin gəlirləri neftin 1 barrelinin orta ixrac qiymətinin 50 ABŞ dolları olması şərtilə proqnozlaşdırılır.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertlər çıxılmaqla dövlət büdcəsinin gəlirləri 14 milyard 106 milyon manat nəzərdə tutulur ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 879 milyon manat və ya 6,6 faiz çox, gözlənilən icrası ilə müqayisədə isə 680 milyon manat və ya 4,6 faiz azdır.

2022-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 54,8 faizi və ya 14 milyard 690 milyon manatı neft sektorunun, 45,2 faizi və ya 12 milyard 126 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə neft sektorunun gəlirləri (ARDNF-dən transfert daxil olmaqla) 914 milyon manat və ya 6,6 faiz, qeyri-neft sektorunun gəlirləri isə 475 milyon manat və ya 4,1 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə neft sektorunun gəlirləri 304 milyon manat və ya 2,1 faiz çox, qeyri-neft sektorunun gəlirləri 474 milyon manat və ya 3,8 faiz az, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə neft sektorunun gəlirləri 687,9 milyon manat və ya 4,9 faiz, qeyri-neft sektorunun gəlirləri isə 1 milyard 446,4 milyon manat və ya 13,5 faiz çoxdur.

Neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 86,5 faizini və ya 12 milyard 710 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 13,5 faizini və ya 1 milyard 980 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə büdcə ödənişləri 1 milyard 350 milyon manat və neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi 630 milyon manat nəzərdə tutulur ki, bu da vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların müvafiq olaraq 68,2 və 31,8 faizini təşkil edir.

Qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 56,4 faizini və ya 6 milyard 840 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 35,1 faizini və ya 4 milyard 260 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 8,5 faizini və ya 1026,0 milyon manatını digər gəlirlər təşkil edir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə proqnozlaşdırılan daxilolmaların məbləği ÜDM-in 10,2 faizi həcmində olmaqla 8 milyard 820 milyon manat nəzərdə tutulur ki, bu da cari il üzrə təsdiq olunmuş göstəricidən 1 milyard 570 milyon manat və ya 21,7 faiz, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 376 milyon manat və ya 4,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 1 milyard 432,8 milyon manat və ya 19,4 faiz çoxdur.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 4,9 faizi həcmində olmaqla 4 milyard 260 milyon manat nəzərdə tutulur ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 360 milyon manat və ya 9,2 faiz, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 95 milyon manat və ya 2,3 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 321,8 milyon manat və ya 8,2 faiz çoxdur.

2022-ci il dövlət büdcəsinin xərcləri 29 milyard 879,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1 milyard 336,0 milyon manat və ya 4,7 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 462,7 milyon manat və ya 13,1 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 34,5 faiz təşkil edəcəkdir. Son 5 ildə (2018-2022-ci illər) dövlət büdcəsinin xərcləri 31,4 faiz və ya 7 milyard 147,4 milyon manat artmışdır.

Büdcə kəsiri

2022-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 63 milyon manat məbləğində nəzərdə tutulur. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 3,5 faiz təşkil edəcəkdir ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 0,3 faiz-bənd azdır. Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar (114 milyon manat), daxili və xarici borclanma (1 milyard 693 milyon manat), 2022-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı (1 milyard 256 milyon manat) hesabına həyata keçiriləcəkdir.

İcmal büdcənin gəlir və xərcləri

Azərbaycan Respublikasının 2022-ci il üçün icmal büdcəsinin gəlirləri 27 milyard 677,4 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 3 milyard 849,3 milyon manat və ya 16,2 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 212,2 milyon manat və ya 13,1 faiz çoxdur. İcmal büdcənin xərcləri 32 milyard 906,4 milyon manat olacaqdır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 743 milyon manat və ya 5,6 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 746,3 milyon manat və ya 12,8 faiz çoxdur.

2022-ci il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 10 milyard 589,7 milyon manat nəzərdə tutulur ki, bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 2 milyard 588,5 milyon manat və ya 32,4 faiz çox, gözlənilən icra göstəricisi ilə müqayisədə isə 1 milyard 235,3 milyon manat və ya 10,5 faiz azdır.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il üçün büdcəsinin xərcləri 12 milyard 755,7 milyon manat təşkil edəcəkdir ki, bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 535,2 milyon manat və ya 4,4 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 351,6 milyon manat və ya 2,8 faiz çoxdur.

Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 306,8 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 160,7 milyon manat və ya 3,1 faiz, gözlənilən icra göstəricisi ilə müqayisədə 573,8 milyon manat və ya 12,1 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 558,5 milyon manat və ya 11,8 faiz çoxdur. Fondun xərclərinin potensial hissəsini əmək pensiyalarının, müavinətlərin ödənişi, sanatoriya-kurort müalicəsi, əhaliyə sosial sahədə xidmətlərin göstərilməsi xərcləri, həmçinin Fondun aparatının və digər struktur bölmələrinin saxlanılması ilə bağlı xərclər təşkil edəcəkdir.

İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri bərabər olaraq 180,4 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 22,6 milyon manat və ya 14,3 faiz çoxdur.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 569,6 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 63,1 milyon manat və ya 12,5 faiz çoxdur

Qarşıdakı günlərdə Milli Məclisdə 2022-ci il üçün dövlət büdcəsinin müzakirəsi başlayacaq və qəbul ediləcək. Ardınca Azərbaycan Pezidenti dövlət büdcəsini təsdiq edəcəkdir.

MənbəMarja
Son xəbərlər
Digər xəbərlər