6 C
Baku
Sunday, December 15, 2024

2022-ci ilin neft bazarı daha cəlbedici olacaq – Şərh

Dünya birjalarında neft qiymətləri bahalaşır. Hər gün dünya birjalarında neft qiymətlərində müəyyən dəyişikliklər baş verir. Bu gün ucuzlaşan qiymət sabah rekord yüksəliş göstərir və ya əksinə. Görəsən, neft bazarında nə baş verir? Mütəxəssislər 2022-ci il üçün nə proqnozlaşdırırlar?

Banker.az xəbər verir ki, Mövzu ilə bağlı “Kaspi” qəzetində məqalə yayımlanıb.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, neft qiymətlərinə təsir edən bir neçə faktor var: “Birinci faktor OPEK və müttəfiqlərinin hasilat siyasətidir. İkinci faktor Amerika Birləşmiş Ştatları, Kanada, Norveç, Braziliya və digər dövlətlərin gündəlik hasilat həcmləridir. Üçüncü faktor Yaxın Şərqdə və digər bölgələrdəki geosiyasi durumdur. Gərginlik davam edəndə neftin tədarükündə müəyyən problemlər yaranır. Digər bir mühüm faktor isə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin mərkəzi banklarının uçot dərəcələri ilə bağlı verdikləri qərarlardır”.

Z.Vəliyev bildirir ki, neft ehtiyatlarında azalmaların baş verməsi də qiymətlərə təsir edir: “Böyük Britaniya, İspaniya, İtaliya, Almaniya, xüsusən də Amsterdam, Rotterdam, Antverpen kimi enerji rayonlarında həm ehtiyatda olan neft həcmləri, həm də aviasiya və avtomobil yanacağının ehtiyat həcmlərində kifayət qədər azalmalar müşahidə olunur. Qarşıdakı aylarda neft emalı zavodlarının xammalla yüklənməsində bir dinamika müşahidə olunmalıdır. Bu mümkün olmasa, qlobal tələbat qarşılana bilməz və qiymətlərdə yenidən artım baş verər”.

Z.Vəliyev deyir ki, bazarı araşdıranda görürük ki, 2022-ci ildə həm xam neftə, həm də neft məhsullarına tələbatda artım müşahidə olunacaq: “2020 və 2021-ci ildə avtomobil yanacağına olan tələbatda geriləmələr müşahidə olundu. Halbuki, 2019-cu ildə avtomobil benzininə qlobal tələbat gündəlik 47 milyon bareldən yuxarı idi. 2021-ci ildə avtomobil benzininə olan tələbat təxminən 2019-cu il səviyyəsinə qayıtdı. Yalnız təyyarə yanacağına olan tələbat 2020 və 2021-ci ildə 2019-cu illə müqayisədə kifayət qədər aşağı idi. 2019-cu ilin statistik göstəricilərinə baxsaq, görərik ki, aviasiya yanacağına qlobal gündəlik tələbat 7.8 milyon barel olub. Keçən il bu göstərici ortalama 5.6 milyon civarında idi. Bazar iştirakçılarının verdikləri proqnoza görə bu il tələbat keçən illə müqayisədə 1.5 milyon bareldən çox olacaq”.

Z.Vəliyevin sözlərinə görə, ümumilikdə bu il ərzində neftə olan gündəlik tələbatın artacağı proqnozlaşdırılır: “OPEK katibliyinin qlobal neft bazarları ilə bağlı hazırladığı icmalda, Beynəlxalq Enerji Agentliyinin verdiyi proqnozlarda göstərilir ki, 2022-ci ildə neftə olan tələbat keçən illə müqayisədə 4.2 milyon barel artıq olacaq. Yəni neftə olan tələbat gündəlik 100 milyon barelə çatacaq. Cari ilin üçüncü və dördüncü kvartalında neftə olan tələbat 100 milyon bareli də keçəcək. Lakin bunlar proqnoz göstəricilərdir”.

Z.Vəliyev bildirir ki, gələcəkdə neft qiymətlərində daha da yüksəlmələr ola bilər: “Qarşıdakı aylarda aviasiya yanacağına, digər neft məhsullarına olan tələbatda artım olarsa, neft qiymətlərində dəyişiklik olacaq. Fevral ayında dövlətlər bazara əlavə neft həcmləri çıxararlarsa, onda müəyyən enmələr müşahidə edilə bilər. 2022-ci il neft bazarları 2021-ci illə müqayisədə daha cəlbedici olacaq. Çünki neft məhsullarına olan tələbatda indidən müəyyən dinamika müşahidə edilməkdədir. Bu ilin sonuna kimi də bu dinamika davam edəcək”.

 

 

Son xəbərlər
Digər xəbərlər