20 C
Baku
Thursday, May 23, 2024

2023-2026-cı illərdə 11 yeni Regional DOST Mərkəzi açılacaq

Ötən ilin dekabr ayında 5 saylı Bakı DOST Mərkəzinin açılışı ilə artıq paytaxt və Abşeron rayonu DOST xidmətləri ilə tam əhatə olunub. 2023-2026-cı illərdə 11 yeni Regional DOST Mərkəzinin, həmçinin 55 DOST filialının və SMART DOST məntəqələrinin yaradılması planlaşdırılır.

Bu barədə DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında bildirilib.

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST mərkəzinin açıldığını, Regional DOST infrastrukturunun qurulması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının sosial sahələr üzrə 154 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasına imkan verdiyini vurğulayıb.

Bu ilin ötən dövründə DOST Mərkəzlərində 165 minə yaxın, ümumilikdə ötən dövrdə 1 milyon 434 mindən çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsinin 98,5 faiz təşkil etdiyi bildirilib.

Qeyd olunub ki, Azərbaycanın uğurlu sosial islahat nümunəsi olan DOST təcrübəsi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Bunun təzahürü kimi, ötən il DOST Agentliyi 8 beynəlxalq mükafatla təltif edilib. Beynəlxalq müsabiqələrdə 2 layihə üzrə finalçı seçilən Agentlik 4 beynəlxalq ISO sertifikatı da əldə edib.

Regional DOST infrastrukturunun qurulması ilə bütün ölkə əhalisi, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin sakinləri DOST xidmətləri ilə tam əhatə olunacaq. Eyni zamanda, innovativ yanaşmaların və texnoloji həllərin tətbiqinin genişləndirilməsi, DOST xidmətlərinin inkişafı və istifadəçi rahatlığının təmin edilməsi, müyəssərliyin artırılması, beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

İclasda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin fəaliyyəti, cümlədən 2023-cü ilin ötən dövründə əhaliyə göstərilən DOST xidmətlərinə, Çağrı mərkəzi 142-nin fəaliyyətinə, Agentliyin hədəflərinə dair təqdimatla çıxış edib.

Müşahidə Şurasının iclasında DOST Agentliyinin fəaliyyəti ilə bağlı məsələlər, strateji məqsədlər və prioritetlər müzakirə olunub.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər