16 iyun 2023-cü il tarixində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən səsə qoyularaq bəyənilib.
Banker.az xəbər verir ki, qəbul edilmiş qanuna əsasən, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30 mlrd. 774 mln. manata qarşı 3 116,5 milyon manat və ya 10.1 faiz artırılaraq 33 mlrd. 890.5 mln. manat təşkil edəcək.
Dövlət büdcəsinin təsdiq olunmuş 33 mln. 353.3 mln. manat məbləğində xərcləri 3 mln. 271.5 milyon manat və ya 9.8 faiz artırılaraq 36 mlrd. 624.8 milyon manata çatdırılacaq.
Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2 milyard 579.3 milyon manata qarşı 155 milyon manat və ya 6 faiz artırılaraq 2 milyard 734.3 milyon manat olacaq. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2.5 faiz həcmində olacaq.
Yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri isə 43 milyard 60.1 milyon manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 10 milyard 34.4 milyon manat və ya 30,4 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41 milyard 269.9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 300.5 milyon manat və ya 8.7 faiz çoxdur.
İcmal büdcə 4 milyard 943.6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6 milyard 733.9 milyon manat əlavə gəlirlər hesabına 1 milyard 790.3 milyon manat profisit yaranacaq.