Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü ilk türkiyəli kosmonavtın 2023-cü ildə Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilməsi üçün hazırlıqlara başlandığını elan edib.
“Milli kosmik proqram çərçivəsində biz gələn il ilk vətəndaşımızın BKS-ə göndərilməsi üçün hazırlıqlara başlamışıq”, – dövlət başçısı Ankarada “Türkiyə Əsri” layihəsinin təqdimatında deyib.
Qeyd edək ki, bir müddət öncə yayılan məlumatlara görə, Türkiyə Kosmik Agentliyi noyabr ayına qədər BKS-də elmi işlərlə məşğul olacaq iki namizədi – əsas və ehtiyat kosmonavt hazırlamağı planlaşdırır. Onların hazırlanması Amerikanın “Axiom Space” şirkəti ilə birgə həyata keçirilir. Məhz bu şirkət həmçinin ilk türkiyəli kosmonavtı BKS-ə çatdıracaq.
Xatırladaq ki, Türkiyə Prezidenti 2021-ci ildə kosmonavtların hazırlanması və yerli raketin Aya göndərilməsini əhatə edən milli kosmik proqramın işə salındığını elan edib. Layihə təxminən 6 milyard dollara başa gələcək.