İqtisadçı Elman Sadıqovla başa çatmaqda olan 2023-cü ili qısa təhlil etməyə və qarşıdan gələn 2024-cü ildə ehtimalları, gözlənti və proqnozları əhatə etməyə çalışdıq.
— Elman müəllim, 2023-cü il daha çox siyasi məsələlərin iqtisadi məsələləri üstələdiyi bir il kimi yadda qaldı. Qlobal medianın gündəmini iqtisadi məsələlərdən dəfələrlə çox siyasi məsələlər tutmaqdadır. Qlobal siyasət qlobal iqtisadiyyatı üstələyir deyə bilərik?
— Bəşəriyyət yaranandan bu günə qədər atılan hər bir siyasi addım, aparılan müharibə əslində iqtisadiyyata, iqtisadi maraqlara xidmət edib. Atılan hər bir siyasi addım enerji, zaman, vəsait tələb edib. Yəni, hər bir siyasi addım əslində sabahın iqtisadiyyatına xidmət edəcək bir investisiyadır. Bu gün də belədir. Nə qədər böyük iqtisadi maraqlar, dəyişikliklər gözlənilirsə, atılan siyasi addımlar o qədər uzunmüddətli, aparılan müharibələr əhatə dairəsinə görə o qədər şiddətli olur. Bəşəriyyət yeni bir düzənin qurulması prosesinin hələ ilkin fazasından keçir. Bütün baş verən siyasi hadisələr sabahın iqtisadi mənzərəsinin konturlarını müəyyən edir. Bu səbəbdən pandemiyadan sonrakı dövrdə 3-5 il ərzində daha çox siyasi hadisələrin ön planda olması və olacağı təbiidir. Siyasəti investisiya kimi təsəvvür etsək, nəzərə almalıyıq ki, böyük investisiyaların yatırılma müddətləri də uzun olur.
❝Böyük əksəriyyət düşünür ki, neftin qiyməti bazarda digər əmtəələr kimi tələb-təklif əsasında formalaşır❞
— Sizin 2022-ci ilin sonunda 2023-cü il üçün səsləndirdiyiniz əsas iqtisadi proqnozlarınız iqtisadi sahələrdə stabilliyin olacağı, inflyasiyanın düşəcəyi, FED-in faiz dərəcələrində ən yüksək faiz həddinin 5.5% ətrafında olacağı, qlobal iqtisadiyyatın 6%-dən yuxarı faiz həddinə davam gətirə bilməyəcəyi üçün bu faizə qədər artıma inanmadığınız, hətta 6%-ə qədər artım olarsa bunun qısamüddətli olacağı, 5.5% həddinin də uzunmüddətli olmayacağı, ən əsası isə neft qiymətlərində ciddi çöküşün olmayacağı və stabil qiymətlərin hakim olacağı bir bazar olacağını proqnozlaşdırmışdınız. 2023-cü ilin son ayındayıq və proqnozlarınız özünü doğrultdu. 2024-cü il haqqında nə demək olar?
— Ümumiyyətlə, proqnoz vermək çətindir və konkret hesablamalara əsaslanmayan proqnoz vermək isə qətiyyən doğru deyil. Proqnoz əslində təhlillərə və hesablamalara əsaslanmalıdır. Niyə FED-in uçot faiz dərəcəsi üçün 5.5%-i ən yüksək hədd hesab etmişəm, niyə qlobal iqtisadiyyat 6% və daha çox faiz dərəcələrinə çətin tab gətirər, niyə neft qiymətlərində stabillik gözləyirdim və sair proqnozların konkret əsasları, hesablamaları və cavabları mövcuddur. Məsələn, neft qiymətlərini götürək. Böyük əksəriyyət düşünür ki, neftin qiyməti bazarda digər əmtəələr kimi tələb-təklif əsasında formalaşır. Neftin qiymətinin formalaşması prinsipləri (əslində fərqli bir qiymət formalaşdırılması prosesi ilə qızılda da oxşar vəziyyətdir) fərqlidir. Burada proses əksinə gedir. Neft idxalatçıları və ixracatçılarının mənafelərinin kəsişdiyi ortaq bir qiymət müəyyən olunur, bazarda tələbi dəyişmək mümkün olmadığı üçün məhz təklif həmin qiymətə uyğun tənzimlənir. Təklifi artırmaq və ya azaltmaq istiqamətində isə ciddi potensial imkanlar mövcuddur. Burada əsas məsələlərdən birincisi hər iki tərəfi qane edən qiymətin olması və ikincisi həmin qiymətləri müəyyən edə bilməkdir. 2023-cü il üçün idxalatçı və ixracatçıların mənafelərinin üst-üstə düşdüyü qiymət aralığı aydınlaşmışdı. Fundamental amilləri gücləndirən məsələ statistik modellərin də qiymətlərin stabilləşərək ilboyu sabit (flat) bir şəkildə müəyyən qiymət aralığında seyr edəcəyini göstərirdi. Özünü doğrultdu. Proqnozlarda 2024-cü ildə isə 1-ci rübdən fərqli olaraq 2 və 3-cü rübdə başqa, 4-cü rübdə isə tamamilə fərqli proseslərin və qiymət diapazonlarının olacağı gözlənilir. Ən yüksək və aşağı hədlərə qədər qiymət sıçrayışları ehtimalı yüksəkdir. Mənafelər toqquşur. ABŞ yenidən hasilatı artırmaqla neft bazarında payını artırmağa çalışır. Səudiyyə Ərəbistanı Vəliəhdi Salmanın “2030 vizyonu” adlı iqtisadi inkişaf planı üçün 100 milyard dollarları məhz yüksək proqnozlaşdırılan (1 barrel/80 dollar) və satılan neft gəlirləri ilə xərcləyir, kompensasiya edir. Hətta Səudiyyə Ərəbistanı bu yaxınlarda bir neçə Avropa bankından 11 milyard dollar sindikatlaşdırılmış daha bir kredit cəlb etdi. Avropa, ABŞ və bir sıra inkişaf etmiş iqtisadi güc mərkəzləri və dövlətləri inflyasiya hədəflərinə çatmaq üzrədirlər. Bu amil neft qiymətlərinin aşağı salınması təzyiqini azaltsa da, neft bazarında alternativ enerji və ənənəvi enerji güclərinin mübarizəsi, həmçinin neft bazarında pay bölgüsü ABŞ və OPEC+ arasında yenidən artmaqdadır. Lakin əsas sual neftin qiymət sıçrayışlarının necə olacağından daha çox il ərzində neftin gündəlik orta qiymətinin necə olacağı və neftin aşağı və yuxarı hədlərində hansı müddətlərdə qalacağıdır. OPEC+ ölkələrinin 2024-cü ildə manevrləri həllediciliyini getdikcə itirə bilər. Çünki, ABŞ azalan neft hasilatı nəticəsində bazarda yaranan boşluğu artırdığı neft hasilatı ilə doldurmağa çalışır. Bu olmadıqda isə müttəfiqi olan digər neft ölkələrinin potensialından istifadə edir. Bəzən də bazara kvotalarda və ya statistik göstəricilərdə göstəriləndən daha çox (sanksiya altında olan) neftin çıxarılmasına göz yumulur və sair. 2024-cü il həm siyasi, həm iqtisadi cəhətdən həm təlatümlü, həm də zəngin bir il olacaq. Təsəvvür edin ki, 2024-cü ildə ABŞ, Rusiya və ölkəmiz də daxil olmaqla dünyanın təxminən 60 ölkəsində seçkilər keçiriləcək.
❝2023-cü ilin ÜDM artımının zəif olacağı gözlənilirdi❞
— Ölkəmizin iqtisadiyyatına keçək. Dövlət Statistika Komitəsinin məlumatına görə, “Azərbaycanda iqtisadi artım tempi 0,8%-dən 0,5%-ə enib. 2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub”. Cəmi 0.5%-lik artımı nə ilə izah etmək olar?
— Bu məsələyə fərqli, hərtərəfli və obyektiv baxmağa çalışıram. 2023-cü ilin ÜDM artımının zəif olacağı gözlənilirdi. Niyə? Bu səbəbi daha yaxşı dərk etmək üçün 2022-ci ildə ÜDM-nin yüksək göstəricisinin səbəblərini təhlil etdikdə görürük ki, 2022-ci ildə 133.8 milyard manatlıq ÜDM-nin əsas səbəbləri Rusiya-Ukrayna müharibəsi nəticəsində dünya bazarlarında yüksək neft qiymətləri ilə yanaşı qiyməti az qala 6-7 dəfəyə qədər bahalaşan qaz qiymətləri və qaza olan yüksək tələb oldu. Qaz gəlirləri az qala neft gəlirlərinə yaxınlaşırdı. Bu isə azalan neft hasilatını artıqlaması ilə kompensasiya etdi. Biz qaz bazarında 2022-ci ilin anormal qiymətlərini 2023-cü ildə görmədik və əslində görə də bilməzdik. Neft hasilatımız, nəticədə isə SOCAR-ın neft gəlirləri və müvafiq olaraq neft gəlirləri üzrə büdcə daxilolmalarının (vergilərin) aşağı düşməsinin şahidi olmaqdayıq və bu temp böyük ehtimalla davam edəcək. Bütün bunların fonunda 2023-cü ildə neft-qaz sahəsində ÜDM-nin 2022-ci il ilə ciddi şəkildə rəqabətə girərək artım göstərəcəyini gözləmək doğru deyildi. Əksinə, yanvar-oktyabr aylarında netf sektorunda 2.3%-lik azalma müşahidə olunur ki, bu da gözlənilən idi. Burada məsələnin digər tərəfinə baxmalıyıq. Qeyri-neft sektorunda müşahidə olunan 3.1%-lik artım kifayətdir? İnkişaf etməkdə olan bir ölkə üçün bu temp məqbuldur? Biz bu tempi artırmaq üçün nə etməliyir? Bu tempin zəif olmasına mane olan amillər hansılardır? Xüsusilə son 2 sualın hər biri bir kitabın mövzusudur. Qısaca deyim. Əvvəla, resurs ölkələri üçün (burada Norveç və BƏƏ istisnadır) xarakterik olan cəhət budur ki, bu ölkələrdə qeyri-neft sektorunun artım tempi şaxələndirilmiş iqtisadiyyata malik inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının artım tempindən geri qalır. Primitiv olaraq yanaşdıqda düşünməliyik ki, neft-qaz gəlirləri qeyri-neft sektorunun inkişafını sürətləndirməlidir. Təəssüf ki, belə deyil. Neft-qaz gəlirləri əslində qeyri-neft sektoruna dəstəkləyici deyil, bir çox hallarda boğucu təsir göstərir.
—Səbəbləri nədir?
— Səbəblər çoxdur. Resurs gəlirləri ölkələrdə “Holland sindromu”nun formalaşmasına səbəb olur. İqtisadi sahədə formalaşan bu sindrom iqtisadi konyukturaya, yanaşma və düşüncə tərzlərinə, mentalitetə və sair sosial, psixoloji amillərə təsir edərək dərin iz buraxır. Sonra hökumət bu sindromun qırılması üçün addımlar atır, islahatlar aparır. Lakin, həmin islahatların həyata keçirilməsi zamanı yenə də illər öncə kök atmış və düşüncələri dəyişmiş həmin sindromun mənfi təsirləri bəzən açıq şəkildə hiss olunmasa da demək olar ki, bütün sahələrdə həlledici rol oynayır. Çünki, bu sindrom bütün sahələrə səssiz və ağrısız bir şəkildə metastaz vermə xüsusiyyətinə malikdir. Bu səbəbdən bizim əsas məqsədimiz bu təsirləri müəyyən edərək kənarlaşdırmaq, düşüncə və yanaşma tərzini kökündən dəyişməkdir.
— Son günlərdə ən çox müzakirə mövzularından biri də elektron ticarətin genişlənməsi fonunda şəxsi istehlak məqsədləri üçün aylıq 300 dollarlıq limitin azaldılacağı ilə bağlı fikirlərdir. Ticarətlə məşğul olan sahibkarlar narahatlıqlarını ifadə edirlər. Bununla bağlı nə deyə bilərsiniz?
— Şəxsi mövqeyimi bildirmədən sadəcə faktları və qəbul olunmuş həqiqətləri, reallıqları sadalayacam. Nəticə öz-özünə aydın olacaq.
Əvvəla, elektron ticarət Türkiyədə də, digər dövlətlərdə də mövcuddur və inkişaf edib. Əhali Türkiyədə də onlayn sifarişlər edir, karqo məhsulu evə gətirir. Türkiyədə də ticarət mağazaları var və bu məsələ onlara da təsir edir. Dünya dəyişir və onlayn ticarət artıq bir reallıqdır. Heç bir dövlət bu reallıqdan qaça bilməz, əksinə onlayn ticarəti sadalayacağım səbəblərdən genişləndirməyi düşünürlər. Məsələn, Türkiyə əslində istehlaka, nəticədə istehsalına müsbət təsir göstərən onlayn ticarəti daha da genişləndirmək marağındadır.
Məsələyə ölkəmizin baxış bucağından nəzər salaq.
Əvvəla, onlayn ticarət ölkədən valyuta axınıdır fikri tamamilə yanlışdır. Çünki, tələb olunan məhsul onsuz da alınacaq, ölkəyə gələcək. Ya mağazalar, ya da onlayn sifariş vasitəsilə. Əksinə, onlayn ticarət vasitəsilə konkret olaraq bir məhsul üçün vəsait ödənilir, vəssalam.
Ölkə burada vergi və rüsumlarda itirir fikri yanlışdır. Burada əsas amil əhalinin rifahı, qazanclarını daha səmərəli xərcləmələri, daha aşağı istehlak qiymətləri nəticəsində digər xərclərə, dərmanlara və ya daxili turizm, əyləncə, kafe və restoranlardan istifadəyə nisbətən daha çox vəsait qalma imkanlarının artmasıdır. Nəticədə sadalanan sektorlar qazanır və vergi ödəyir. Onlayn ticarətdə karqo şirkətləri qazanır və vergi ödəyirlər. Mağazalar vasitəsilə gətirilən və daha baha istehlak olunan məhsul üçün iqtisadi dəyər itkisi həmin məhsulun gətirilməsi üçün ödənilən gömrük və vergi rüsumlarını üstələyir. Bu məsələdə itirilən və qazanılan iqtisadi dəyər haqqında saatlarla danışmaq olar. Vaxt azlığı səbəbindən bu qədəri ilə kifayətlənək.
Sahibkarlıq zəifləyir. Məhz onlayn ticarət məsələsində söylənən bu fikir öncə qeyd etdiyim “Holland sindromu”nun beyinlərdəki qalığıdır. Ticarət düşüncəsindən istehsal-emal və xidmət sektorunun inkişafı düşüncəsinə keçməliyik. Texnologiyaların da sürətli inkişafı fonunda kiçilən dünyada ticarət dövrü artıq geridə qalmaqdadır. Digər tərəfdən nəzərə alaq ki, aylıq limit cəmi 300 ABŞ dollarıdır ki, bu da daha çox aztəminatlı şəxs və ailələrə xidmət edir. Daha bahalı və istehlakı zəruri olmayan məhsullar isə yenə də mağazalardan alınır. Digər tərəfdən ərzaq ticarətinə də təsiri demək olar ki, yox səviyyəsindədir. Türkiyədən qənd, çay, meyvə sifariş edib gətirirlər, yoxsa supermarketlərdən alırlar?
Gömrük sahibkarları qorumalıdır. Bəli, gömrüyün bir nömrəli vəzifəsi yerli istehsalı qorumaqdır. Amma ticarəti deyil. Əksinə, beynəlxalq ticarətin qaydalarına əsasən ölkədə istehsal olunmayan məhsula ümumiyyətlə gömrük rüsumları tətbiq olunmur. Qısası, mövcud vəziyyətdə ən ideal çıxış yolu istehsalın genişləndirməsi və bir çox məsələlərə yanaşma tərzinin dəyişməsidir.
—Hamını maraqlandıran sonuncu sual. Dəfələrlə müsahibələrinizdə Cənubi Qafqazda iqtisadi inkişaf və rifah Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanmasından birbaşa asılıdır. Son hadisələr bu məsələdə müəyyən ümidlər yaradıb. Nə düşünürsünüz?
— Məsələ ilə bağlı dəfələrlə fikirlər səsləndirdiyim üçün bu suala qısa cavab verəcəm. Nəhayət, həm Ermənistanın özü, həm Ermənistanı dəstəkləyən qüvvələr anladılar ki, xalqlarının rifahı qonşularla sülh şəraitində yaşamaqla mümkündür. Zəngəzur koridoru Cənubi Qafqaz üçün, Rusiya, İran, Türkiyə, o cümlədən Orta Asiya dövlətləri üçün, ümumiyyətlə isə bölgənin formalaşması üçün yaranmış bir şansdır. Bu şansdan vaxtında istifadə edilməsə Cənubi Qafqazı kənarda saxlayacaq alternativ bir variant meydana çıxacaq. Bu variantın mesajı əslində artıq verilib. Yeni formalaşan düzəndə və dünya iqtisadiyyatında daha əlverişli mövqe əldə etmək hazırda bölgə ilə bağlılığı olan dövlətlər də daxil olmaqla Azərbaycan və Ermənistanın marağında olan ən prioritet məsələdir.
— Elman müəllim, əslində mövzular və suallar çox olsa da, geniş oxucu kütləsini də maraqlandıran bir neçə əsas suala ətraflı və aydın cavab verdiniz. Müsahibəyə razılıq və suallara ətraflı və geniş cavablarınıza görə oxucularımız adından Sizə təşəkkürümüzü bildiririk.
— Maraqlı suallara görə mən də Sizə təşəkkür edirəm və fürsətdən istifadə edərək oxucularımızı qarşıdan gələn bayramlar, o cümlədən Yeni 2024-cü il münasibətilə təbrik edir, sağlıq, sülh, əmin-amanlıq və ruzi-bərəkət arzu edirəm.