2024-cü ildə dövlət büdcəsindən subsidiyalar üzrə 48 istiqamətdə (qurum və bölüşdürülməmiş xərclər) 1045.5 mln. manat vəsaitin ayrılması proqnozlaşdırılıb ki, bu da 2023-cü ilin yenidən baxılmış göstəricisi ilə müqayisədə 636.3 mln. manat (37.8%) azdır.
Bu barədə Hesablama Palatasının 2024-ci ilin dövlət büdcəsinin layihəsinə verdiyi rəydə bildirilib.
Cari illə müqayisədə növbəti ildə həm dövlət, həm qeyri-dövlət, həm də hüquqi şəxslərə digər subsidiyalar üzrə azalma proqozlaşdırılıb, mütləq və nisbi ifadədə ən böyük azalma dövlət müəssisələrinə subsidiyalar üzrə nəzərdə tutulub. Dövlət müəssisələrinə subsidiyaların əhəmiyyətli azalması nəticəsində bu istiqamətdə xərclərin cəmi subsidiyalarda payının azalaraq 41.2% təşkil edəcəyi, hüquqi şəxslərə digər subsidiyaların isə ən yüksək xüsusi çəkiyə sahib olacağı proqnozlaşdırılıb.