Dünyanın mobil rabitə operatorlarının 2025-ci ilə qədər bu sektorun inkişafına yatıracağı sərmayənin ümumi həcmi 1,1 trilyon dollar təşkil edəcək.
Bu barədə mobil operatorları təmsil edən GSMA assosiasiyasının prezidenti Con Hoffman Çində keçirilən ümumdünya internet konfransının açılışında məlumat verib.
“Dünyada fəaliyyət göstərən mobil rabitə operatorları 2025-ci ilə qədər sektorun inkişafına 1,1 trilyon dollar ayıracaq. Həmin vəsaitin 18 faizi 5G şəbəkələrinə yatırılacaq”, – deyə Con Hoffman bildirib.
Onun sözlərinə görə, Çin yaxın beş ildə ABŞ, Cənubi Koreya, Yaponiya və Avropadakı bəzi bazarlarla birgə 5G rabitəsi sahəsinə liderlik edəcək. Artıq 47 ölkədə 5G-nin həm mobil, həm də stasionar olmaqla 106 standart şəbəkəsi istifadəyə verilib.
Hazırda bütün mobil rabitənin təxminən 7 faizi 5G vasitəsi ilə həyata keçirilir. Həmçinin bazarda 200-dən çox 5G texnologiya vasitəsi mövcuddur.








