Amerika Bankirlər Assosiasiyasının iqtisadçıları hesab edirlər ki, 2025-ci ildə ABŞ-də tənəzzül ehtimalı Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini yumşaltmağa başlaması səbəbindən aşağıdır, bununla belə zəifləyən əmək bazarı və problemli kreditlərin artması ciddi təhlükəyə çevrilə bilər.
ABA-nın yarımillik hesabatında ekspertlər gələn il Amerika iqtisadiyyatında daralma ehtimalını cəmi 30% səviyyəsində qiymətləndirirlər. Onlar deyirlər ki, FED-in yüksək faiz dərəcələri “yumşaq eniş”ə kömək edə bilər.
“MarketWatch” qeyd edir ki, “yumşaq eniş” halları tarixən nadirdir. Tipik olaraq iqtisadiyyatı “sərinlətmək” üçün dərəcələrin artırılması tənəzzülə səbəb olur.
İqtisadçılar xüsusilə əmək bazarındakı vəziyyətdən narahatdırlar, çünki şirkətlər son vaxtlar açıq vakansiyaların sayını və yeni işçilərin işə qəbulunu kəskin şəkildə azaldıblar. İşsizlik nisbəti 4.2% -ə yüksələrək üç ildən çoxdur ki, ən yüksək həddə çatıb.
Narahatlığa səbəb olan digər səbəb isə yüksək inflyasiya illərindən sonra aşağı gəlirli amerikalı ailələrin borc yükünün artmasıdır. Bu, kredit kartları, avtomobil kreditləri və digər istehlak kreditləri üzrə gecikdirilmiş ödənişlərin faizinin artmasına səbəb olur. İstehlak xərcləri ABŞ ÜDM-nin üçdə ikisindən çoxunu təşkil edir.
Bununla belə, vaxtı keçmiş ödənişləri olan kreditlərin payı hələ də uzunmüddətli orta səviyyədən aşağıdır və iqtisadiyyata ciddi təzyiq yalnız nəzərəçarpacaq dərəcədə yüksəldiyi halda gözlənilə bilər.