2025-ci ilin yekunlarına görə, Azərbaycanda fəaliyyət göstərən banklar təxminən 1 mlrd. 161.6 mln. manat xalis mənfəət əldə ediblər. Halbu ki, 2024-cü ildə 1 mlrd. 76.4 mln. manat xalis mənfəət əldə etmişdilər.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Eyni dövrdə bank sektorunun cəmi aktivləri 57.1 mlrd. manat səviyyəsinə yüksəlib. İl ərzində aktivlərdə artım təxminən 7.7%, balans kapitalında isə 11% qeydə alınıb ki, bu da sektorun maliyyə dayanıqlığının gücləndiyini göstərir.
2025-ci ilin yanvar–dekabr aylarında bankların cəmi öhdəlikləri 49.7 mlrd. manat, balans kapitalı isə 7.3 mlrd. manat olub. Hesabat ili ərzində öhdəliklər 7.2%, balans kapitalı isə təxminən 0.7 mlrd. manat artım nümayiş etdirib. Banklar il ərzində 1.9 mlrd. manat əməliyyat mənfəəti formalaşdırıb və dövlət büdcəsinə təxminən 317 mln. manat mənfəət vergisi ödəyiblər.
2025-ci il dekabr ayının sonuna ölkədə 22 bank fəaliyyət göstərib. Bank şəbəkəsi üzrə 502 filial, 87 şöbə və 3,486 ATM qeydə alınıb. Hesabat ayında bank sektorunda çalışanların sayı 369 nəfər artaraq 27.4 min nəfərə, ilin əvvəlindən isə təxminən 2 min nəfər artımla 8% yüksəlişə çatıb.
Hesabat ayında bankların kredit portfeli 30.1 mlrd. manat olub. Aylıq artım təxminən 378 mln. manat, illik artım isə 2.6 mlrd. manat təşkil edib. Kredit portfelinin strukturunda biznes kreditləri üstünlük təşkil edir – 16.1 mlrd. manat (53.6%). Bunun ardınca istehlak kreditləri 9.4 mlrd. manat (31.1%), ipoteka kreditləri isə 4.6 mlrd. manat (15.3%) səviyyəsində formalaşıb.
Bankların öhdəliklərinin strukturunda depozit portfeli əsas paya malikdir. Depozitlər 38.2 mlrd. manat olmaqla, cəmi öhdəliklərin təxminən 77%-ni təşkil edib. Bunun 21.9 mlrd. manatı hüquqi şəxslərin, 16.3 mlrd. manatı isə fiziki şəxslərin depozitlərinin payına düşüb.
Fiziki şəxslərin əmanətlərinin 11.2 mlrd. manatı (68.5%) milli valyutada, 5.1 mlrd. manatı (31.5%) isə xarici valyutada yerləşdirilib. Əmanət portfelinin 10.3 mlrd. manatı müddətli əmanətlərdən ibarət olub. Dekabr ayında müddətli əmanətlər təxminən 352 mln. manat, tələbli əmanətlər isə 124 mln. manat artıb.
2025-ci ilin dekabr ayında bank sektorunda unikal müddətli əmanətçilərin sayı 3.2 min nəfər, ilin əvvəlindən isə təxminən 43.6 min nəfər artaraq 29%-lik yüksəliş nümayiş etdirib. Bu dinamika əhalinin bank sektoruna etimadının artdığını göstərən əsas göstəricilərdən biri hesab olunur.
Hüquqi şəxslərin depozit portfelində isə tələbli depozitlər üstünlük təşkil edib. Bu kateqoriya üzrə depozitlər 16.6 mlrd. manat olmaqla, hüquqi şəxslərin depozitlərinin təxminən 76%-ni təşkil edib.






