“London Stock Exchange”in məlumatına görə, 2025-ci ildə dünyada birləşmə və satınalmalar (M&A) üzrə əməliyyatların ümumi həcmi 4,5 trilyon dollar təşkil edib ki, bu da 2024-cü ilin göstəricisindən 50% çoxdur. Bu barədə “Financial Times” yazır.
Ümumilikdə media sənayesindən tutmuş sənaye sektorunadək müxtəlif sahələrdə hər birinin dəyəri ən azı 10 milyard dollar olan 68 iri sövdələşmə bağlanıb. Nəşrin versiyasına görə, ən böyük razılaşma 82,7 milyard dollar məbləğində planlaşdırılan “Netflix” ilə “Warner Bros. Discovery” arasında birləşmə olub.
Digər iri sövdələşmə rəqib “Union Pacific” tərəfindən “Norfolk Southern”in 88,26 milyard dollara alınmasıdır. Bu razılaşma ABŞ-dэ ilk transkontinental dəmir yolunun yaradılmasına imkan verəcək.
Həmçinin 2025-ci ildə Səudiyyə Ərəbistanının Suveren İnvestisiya Fondu “Electronic Arts”ı 55 milyard dollara alıb. “Google” kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Wiz” startapını 32 milyard dollara satın alıb. “AI Infrastructure Partnership” konsorsiumu (tərkibinə “BlackRock”, “Microsoft”, “Nvidia” və “xAI” daxildir) isə data-mərkəz operatoru “Aligned Data Centers”i 40 milyard dollara alıb.
Son 40 illik müşahidə tarixində 2021-ci ildə M&A əməliyyatlarının həcmi 2025-ci ilin göstəricisini üstələyib. Həmin il bu rəqəm rekord səviyyə olan 5,6 trilyon dollara çatıb. O vaxt “WarnerMedia” ilə “Discovery” arasında birləşmə elan edilmiş, dəmir yolu şirkəti “Canadian Pacific Railway” isə rəqibi “Kansas City Southern”i 31 milyard dollara almışdı.
2025-ci ildə M&A sövdələşmələrinin artması ABŞ prezidenti Donald Trump administrasiyasının antimonopoliya tənzimləməsini zəiflətməyə yönəlmiş siyasəti ilə bağlıdır.








