Bir il ərzində, 2025-ci ilin aprel ayına olan məlumata görə, dünyada dollar milyarderlərinin sayı ötən illə müqayisədə 287 nəfər artıb. Bu, müşahidə tarixində ən böyük illik artımlardan biridir və yalnız 2021-ci ilə uduzur. Beləliklə, milyarderlərin ümumi sayı 2 919 nəfərə çatıb. Onların ümumi sərvəti 13% artaraq 15,8 trilyon dollara yüksəlib. Tədqiqat İsveçrənin UBS bankı tərəfindən dərc edilib.
Yeni milyarderlər arasında 91 nəfər sərvətini irsi yolla alıb, ümumi dəyəri 298 milyard dollar olan bu göstərici yeni rekord sayılır. Araşdırmaya əsasən, yaxın 15 ildə milyarderlər ən azı 5,9 trilyon dolları varislərinə ötürəcəklər.
ABŞ-də milyarderlərin sərvəti 18% artaraq 6,9 trilyon dollara çatıb, onların sayı isə 924 nəfərə yüksəlib — bu, dünya siyahısının təxminən üçdə birini təşkil edir. Bir il ərzində siyahıya 109 yeni ad əlavə olunub, 18 nəfər isə siyahıdan çıxıb.
Regionlar üzrə ikinci yeri Asiya-Sakit okean regionu tutur — burada milyarderlərin ümumi sərvəti 4,2 trilyon dollardır (+11,1%). Ardınca Avropa, Yaxın Şərq və Afrika regionu gəlir — 4,1 trilyon dollar (+10,4%).
Sahələr üzrə ən güclü artım istehsal sektorunda qeydə alınıb — burada milyarderlərin sərvəti 27,1% artaraq 1,7 trilyon dollara çatıb, bunun əhəmiyyətli hissəsi İlon Maskın payına düşür. İT sektorunda aktivlər 3 trilyon dollara (+23,8%), maliyyə sahəsində 2,3 trilyon dollara (+17%), istehlak malları və pərakəndə ticarət sahəsində isə 3,1 trilyon dollara (+5,3%) yüksəlib.






