“Chainalysis” şirkəti kriptovalyuta sənayesində kibercinayətlərə dair illik hesabatını təqdim edib. 2025-ci il üzrə ümumi zərər 3,4 milyard dolları ötüb. Bütün itkilərin təxminən 70%-i üç ən iri insidentin payına düşüb ki, onlara 1,5 milyard dollar məbləğində “Bybit” birjasının “hack” edilməsi də daxildir.
Təsdiqlənmiş hücumların sayı azalsa da, onların vurduğu zərər artıb. “Chainalysis”in qiymətləndirməsinə görə, KXDR (Şimali Koreya) ilə əlaqəli qruplaşmalar il ərzində 2,02 milyard dollar dəyərində kriptovalyuta oğurlayıb. Bu, əvvəlki illə müqayisədə 51% çoxdur və müşahidələr tarixində ən yüksək göstəricidir.
Oğurlanmış vəsaitlərin əhəmiyyətli hissəsi mərkəzləşdirilmiş servislərin payına düşüb, Birinci rübdə bu cür hallar bütün itkilərin 88%-ni təşkil edib.
2025-ci ildə şəxsi kriptocüzdanların komprometasiyası ilə bağlı 158 min hadisə qeydə alınıb, ümumi zərər isə 713 milyon dollar olub. Bir il əvvəl bu göstərici 1,5 milyard dollar təşkil edib. Zərərçəkənlərin sayı 80 mindən çox olub.
“DeFi” sahəsində protokolların “hack” edilməsi nəticəsində itkilər nisbətən aşağı səviyyədə qalıb. “Chainalysis” bunu protokolların təhlükəsizliyinin yaxşılaşdırılması ilə əlaqələndirir. Hesabatda “Venus Protocol” nümunə kimi göstərilir: hücum cəhdi bir neçə dəqiqə ərzində dayandırılıb.
Hakerlər sosial mühəndislik üsullarından, o cümlədən öz IT əməkdaşlarını şirkətlərə yerləşdirməkdən daha fəal istifadə edirlər. Oğurlanmış vəsaitlərin yuyulması ən çox çindilli OTC-servislər, körpülər (bridgelər) və mikserlər vasitəsilə həyata keçirilib. Böyük oğurluqlardan sonra vəsaitlərin nağdlaşdırılması üzrə orta dövr təxminən 45 gün çəkir.
Hesabatdakı nəticələr blokçeyn məlumatlarının, zərərçəkənlərin, sənaye iştirakçılarının və hüquq-mühafizə orqanlarının təqdim etdiyi informasiyanın təhlilinə əsaslanır.








