7 C
Baku
Tuesday, January 7, 2025

2025: yeganə müəyyənlik qeyri-müəyyənlikdir

Bu il haqqında proqnoz vermək öncəki illərə nisbətən daha çətindir, daha məsuliyyətlidir. Çünki, əmin olduğumuz yeganə müəyyənlik elə  qeyri-müəyyənlikdir.

2025-ci ildə bir neçə önəmli istiqamətdə hadisələrin necə cərəyan edəcəyi bütün dünyanı yaxından maraqlandırır. Formalaşmış bütün qeyri-müəyyənliklərə bir yazıda toxunmaq qeyri-mümkün olsa da, qlobal iqtisadiyyatın və Yaxın Şərqin taleyinin bundan sonrakı axarını dəyişdirəcək 2 qeyri-müəyyənliyə qısa da olsa toxunmağa çalışacağıq.

İlk ən böyük qeyri-müəyyənliyi 20 yanvardan sonra Trampın hansı siyasətləri yürüdəcəyi ilə bağlıdır. İlk prezidentliyi dövründə Tramp haqqında işlətdiyim və özünü doğruldan ifadələrdən biri onun sağı göstərib solu vurmaq bacarığıdır. İkinci ifadə isə Trampın birinci prezidentliyi dövründə istədiklərini həyata keçirməyə mane olan 2 qüvvənin mövcud olması idi. Birinci qüvvə öz komandasında praqmatik, daha balanslı siyasət tərəfdarlarının mövcudluğu idi ki, bu da bəzi siyasətlərin həyata keçirilməsi və icrasında müəyyən sədlərin formalaşmasında önəmli rol oynamışdı. İkinci qüvvə isə ABŞ dərin dövlətinin ikinci qanadı idi ki, bu qanadın baxış bucaqları və yanaşma tərzləri kəskin fərqlənir. Tramp birinci qüvvənin mane olma risklərini yeni seçdiyi komandası ilə xeyli yumşaltdı. Hətta yeni komandada Trampın özündən də radikal Trampçılar var. İkinci qüvvənin müəyyən dərəcədə neytrallaşdırılmasında isə Ilon Maskın (İlon Maskın özünə yeni seçdiyi adı: Kekius Maximus) üzərinə vəzifələr qoyulub. Tramp və arxasındakı böyük güclər bu dəfə daha hazırlıqlı və birinci prezidentlik dövründə ortaya çıxan riskləri yumşaltmaqla daha qərarlı bir şəkildə siyasətlərini yürüdəcəklərinin mesajlarını verirlər.

TARİF SİYASƏTİ…

Trampın həyata keçirməyi nəzərdə tutduğu siyasətlərlə bağlı verdiyi mesajlarda müəyyən ziddiyyətlər var. Əslində məhz bu ziddiyyətlər Trampın bu qədər ilk baxışda açıq və səmimi görünən açıqlamalarına baxmayaraq əslində necə bir siyasət yürüdəcəyi və həmin siyasətlərin hansı nəticələr doğuracağı ilə bağlı qeyri-müəyyənliklərin artmasına səbəb olur. Tramp tarif siyasətini həyata keçirəcək. Bu siyasətin həyata keçirilməsi ehtimalı çox yüksəkdir və burada şübhələr minimumdur. Lakin, tarif siyasəti ABŞ-də inflyasiyanı ciddi şəkildə tətikləyəcək. Tramp bunu aşağı enerji qiymətləri ilə müəyyən dərəcədə kompensasiya edəcəyini bildirir. Neft qiymətlərini endirməklə buna tam deyil, qismən nail olmaq olar. Tramp ABŞ-nin neft-qaz sənayesinə açıq mesaj verir ki, neft-qaz hasilatını maksimum artırın. Neftin bir barelinin 50-60 dollar aralığında olacağını nəzərdə tuturuq və azalan neft qiymətlərinin gəlirlərinizə mənfi təsirlərini artıracağınız hasilatla kompensasiya edə bilərsiniz. Əsas ziddiyyət budur ki, şist neftin maya dəyəri ştatlara, süxurlara, hasilatın həcminə və sair amillərə görə 42-60 dollar arasında dəyişir (bu səbəbdən seçki kampaniyasının əvvəllərində səsləndirdiyi 40-50 dollar proqnozlarını son aylarda 50-60-a qədər artırdı). Hətta 50-60 dollar aralığı bəzi şist neft istehsalçıları üçün rentabelli olmayacaq. Bu ziddiyyətin həll yolu var? Bəli 2 yolu var. Birinici və daha real olanı, neft bazarından qismən (imkanlarından daha az neftin hasilatı və ixracı baxımından) kənarda qalan Venesuela, İran, İraq, Liviya kimi ölkələrdən neft ixracının artırılması yolu ilə təklifin artırılması. Burada bütün maraqların həm toqquşduğu, həm də üst-üstə düşdüyü ölkə İrandır. İkincisi isə, tarif və ticarət müharibələri ilə Avropa, xüsusilə Çində iqtisadi inkişafın yavaşlamasına nail olmaqla tələbin azaldılması. Qlobal neft bazarında gündəlik ortalama tələbin sabit olaraq 1-1.5 milyon barel azalması neft qiymətlərinə ən azı 15 dollara qədər təsir göstərə bilər. Alternativ olaraq, əgər ABŞ şist neft istehsalçıları neft hasilatını artıraraq gündəlik 14-15 milyon barelə (hazırda bu göstərici gündəlik 13.57 milyon bareldir) çatdırsalar bu halda neft-qazın ixracı üçün qlobal bazar payının artımı labüddür ki, burada da növbəti addım atıldı. 31 dekabr, 2024-cü il tarixdə Ukrayna üzərindən Rusiya qazının nəqlini nəzərdə tutan müqavilənin vaxtı bitdi və bu müqavilə uzadılmadı. Ukrayna qaz nəqlini saxladı (qeyd edək ki, hazırda Rusiyanın Avropa qaz bazarında payı 10%-dən azdır. Hətta bu rəqəmin 5-6%-ə qədər enməsi ilə bağlı göstəricilər mövcuddur). Hər bir halda Avropada qaz ehtiyatlarının qışda tələb olunan səviyyədən az olması (31 oktyabr 2024-cü ildə anbarlarının 95%-i dolu olan Avropa Birliyində bu göstərici hazırda 80% ətrafındadır) və yanvar-fevral aylarının soyuq keçəcəyi proqnozları qaz qiymətlərinə kifayət qədər ciddi təsir göstərməkdədir. İndiyə qədər Rusiyanın 40%-dən 5-6%-ə qədər enən payını əvəzləyən ölkə ABŞ olmuşdur. Bu siyasətin davam edəcəyi ilə bağlı Tramp açıq siqnallar vermişdir. Burada ortaya ikinci ziddiyyətli məqam çıxır. Rusiya-Ukrayna müharibəsini 24 saata dayandıracağını bəyan edən Tramp Rusiya qazının Avropaya nəqlinin bərpasında nə dərəcədə maraqlıdır? Qlobal güclər bu məsələdə nə dərəcədə güzəştə gedərlər?

GÜCLÜ, YOXSA ZƏİF DOLLAR?

Digər ziddiyyətli məqam dollarla bağlıdır. Tramp istehsal və ixracatı artırmaq məqsədilə daha ucuz dollara üstünlük verəcəyini bəyan edir. Lakin, tarif siyasəti inflyasiya təzyiqi yaradacağı üçün FED-in faiz endirimlərinə daha zəif və aşağı sürətlə gedəcəyi halda, hətta faizlərin artırılacağı ilə bağlı ehtimallar da mövcuddur, dollar yenə bahalı valyuta olmaqda qalacaq. Çünki, Avropa İttifaqında (Aİ) 2025-ci ildə iqtisadi artım 0.9% gözlənilir. Lakin, Trampın tarif tətbiqləri və ticarət müharibələrinin Aİ-nin iqtisadiyyatını 1% kiçildəcəyi proqnozlaşdırılır. Bu halda ən yaxşı halda Aİ-nin iqtisadiyyatı böyüməyəcək. Böyük ehtimalla isə 0.1% kiçiləcək. Deməli Avro bir valyuta olaraq onsuz da zəifləyəcək. Britaniya funtu, Yaponiya yenasının da güclənmə ehtimalları aşağıdır. Çinin isə problemləri kifayət qədər olacaq. Deməli dollar həm yüksək faizlər səbəbindən, həm də digər valyutaların mənsub olduqları iqtisadiyyatların kiçilməsi və zəifləməsi səbəbindən güclənəcək. Bu isə ABŞ-ın ixracına və istehsala mənfi təsirlərini göstərəcək. Tramp isə bunun əksini istəyir. Əsas ziddiyyət və qeyri-müəyyənlik yaradan bu dilemma necə həll olunacaq? Onu da qeyd edək ki, dünya iqtisadiyyatı üçün yüksək dollar faizləri ciddi problemlər formalaşdırmaqda, ayrı-ayrı ölkələrin öz xarici borcları üzrə əsas məbləğ və faizlərin ödənilməsində ciddi probemlərin davam etməsi ehtimalı yüksəkdir. Qısa Arayış: Azərbaycan son illərdə xarici borcun daxili borcla əvəzlənməsi siyasəti nəticəsində bu vəziyyətə hazırlıqlı oldu və yüksək dollar faizləri ölkə büdcəsi üçün ciddi bir yük formalaşdırmır. Daha bir məqamı da vurğulayaq ki, Tramp dollara qarşı de-marş edən ölkələrə qarşı sıfır tolerans sərgiləyəcəyi siqnalını da vermişdir.

“YENİ TORPAQLAR”

2025-ci ilin digər ən böyük risklərindən biri isə Tramp və İlon Mask arasında fikir ayrılığının olacağı ilə bağlıdır.

Trampın Kanada (nəzərə alsaq ki, Böyük Britaniya Kralı III Charles Kanadanın dövlət başçısı hesab olunur, deməli Trampın bu mesajları Britaniyanın Çinlə bağlı siyasətinə ABŞ dərin dövlətinin mövcud olan etirazlarının pərdə önünə çıxarılmasıdır), Qrenlandiya, Meksika, Çin, Yaxın Şərq, o cümlədən Suriya ilə bağlı yürüdəcəyi siyasətlər (bəzi məqamlar aydınlaşsa da nəticələri) hələ tam aydın deyil. Kanada ilə bağlı mesajları Britaniya ilə Yaxın Şərqdə nüfuz dairələrinin bölgüsü ilə bağlı bazarlıq cəhdi də (unutmayaq ki, Tramp biznesmendir) ola bilər.

TÜRKİYƏ VƏ YAXIN ŞƏRQ…

Türkiyəni, bizi, bütün bölgəni, qonşularımızı yaxından maraqlandıran və 2025-ci ilin ən böyük qeyri-müəyyənliklərindən biri hesab edilən Suriya məsələsinə gəlincə. Burada Tramp (o cümlədən ABŞ-ın müxtəlif güc mərkəzləri) sağı göstərib solu vurmaq xarakterini ortaya qoyacaq. Tramp bizim Suriyada nə işimiz var deyir. Doğru. Amma Suriyanı nəzarətsiz qoyacağıq demir. ABŞ Suriyanın neft-qazla zəngin bölgələrində (öncəki məqaləmdə bu məqama toxunduğum üçün təkrara yol vermirəm) PKK/PYD qruplarını yerləşdirib və dəstəkləməkdə davam edir. Bu ərazilərin nəzarət altında saxlanılması Suriyanın iqtisadiyyatının nəzarət altında saxlanılması deməkdir. Bu bölgənin Suriyadan ayrılması isə Yaxın Şərqdə yeni bir xəritənin yaranması demək olar. PKK/PYD-nin oradakı varlığını leqallaşdırmaq, ona don geyindirib əsaslandırmağın yeganə yolu isə PKK/PYD-nin İŞID-la “mübarizə aparan önəmli bir qrup” kimi təbliğatının davam etdirilməsidir. Deməli, ABŞ-da ilin ilk günlərində İŞID-la “bağlılığı” olan terror hadisələri təsadüfi deyil. İŞID mövcuddur, dirçəlir, onunla mübarizədə bizə PKK/PYD lazımdır mesajı verilir. Lakin, Suriya məsələsini mürəkkəbləşdirən məsələlərdən biri də budur ki, ABŞ Türkiyəni də narazı salmaq istəmir. Türkiyə ABŞ-a çox lazımdır. Türkiyə olmasa, ya ABŞ yenə milyardlarla dollar xərcləyərək Rusiya və İranın yenidən Suriyaya geri dönməməsini və radikal islam dövlətinin yaranmamasını təmin etmək üçün Suriyada olmalıdır (Əfqanıstanda 20 il milyardlarla dollar xərclədikdən sonra mübarizə apardığı Talibana hakimiyyəti təhvil verib çıxmağa məcbur oldu. Eyni səhvi Suriyada etmək istəmir), ya da Türkiyə ilə sıx əməkdaşlıq etməlidir. Nəzərə alınmalıdır ki, Türkiyə ABŞ və Qərbin əlində partlayan Suriya məsələsində (milyonlarla qaçqınları da özündə saxlamaqla Avropanı qorumaq daxil olmaqla) əsas ölkə olduğunu və Suriyanın yenidən qurulmasında iştirak etməyə ən çox haqqı olan ölkə olduğunu sübut etmişdir. Rusiya və İran isə məhz Suriyada öz mövqelərini, nüfuzlarını bərpa etmək məqsədilə pərdə arxasından da olsa strateji müttəfiqliklərini möhkəmələdəcək və genişləndirəcəklər. Bu amillər nəzərə alındıqda, Türkiyə, ABŞ və İsrailin maraqlarının Suriya məsələsində üst-üstə düşməsi vacibdir. Bu maraqların üst-üstə düşməsini əngəlləyəcək bir neçə amil vardır. Bunlardan biri də Suriyadakı yeni hakimiyyətin dünyəvi deyil, şəriət qanunlarına üstünlük verərək dini dövlət yaratmaq meyllərinin olub-olmayacağıdır. Suriyanı yaxından izləyən biri kimi qeyd edə bilərəm ki, artıq bu meyllər var və konkret olaraq orta məktəb dərsliklərindəki dəyişikliklər bu sahədə ciddi qayğılar formalaşdırır. Bütün qeyd olunanları nəzərə aldıqda demək olar ki, Suriya hökuməti diplomatik kanallarla əməkdaşlıq siqnalları versə də, bu siqnallar müəyyən dərəcədə nəzərə alınsa da, daxili siyasətində razılaşdırılmış kursdan kənara çıxaraq atacağı addımlar da dünya birliyi, xüsusilə Suriya məsələsində ən önəmli rola malik 3 dünyəvi qanunlarla idarə olunan ölkə, ABŞ, İsrail və Türkiyə (Türkiyə dini meyllər sahəsində həddindən artıq tolerantlıq göstərərsə bu onun Suriyadakı mövqelərinə ciddi zərbə vurar, Suriyanın ərazi bütövlüyü məsələsində fikir ayrılıqları dərinləşə bilər) tərəfindən izlənilir və nəzərə alınır. Burada ümidverici məsələ isə Suriyanın iqtisadi modelinin Türkiyə iqtisadi modelinə uyğun qurulacağı ilə bağlı ilkin razılıqların olmasıdır.

2025-ci ilin ən böyük 2 qeyri-müəyyənliyinə (ABŞ-nin iqtisadi-siyasi kursu və Suriya məsələsi) toxunmağa çalışdım. ABŞ-Çin tarif müharibələrinin qlobal iqtisadiyyata təsirləri, ciddi iqtisadi problemlərlə üzləşən Aİ-nin vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, Çin-Tayvan münasibətlərində ABŞ-nin tutacağı mövqe, Yaxın Şərqdəki hadisələrin davamı, ən əsas məsələlərdən biri İran məsələsi (yuxarıda təsadüfən qeyd etmədim ki, bütün maraqların həm toqquşduğu, həm də üst-üstə düşdüyü ölkə İrandır) kimi qeyri-müəyyənliklər əlbəttə dərin təhlillər tələb edir. Bu təhlillərin nəticələrinə isə gələcək yazılarda toxunmağa çalışarıq.

2030-cu ilə qədər konturlarının aydınlaşması nəzərdə tutulan Yeni Düzənə gedən yolda 2025-ci ilin nə qədər həlledici və tarixi bir il olacağını görmək üçün çox deyil, cəmi 363 günə ehtiyacımız var.

Müəllif:
Elman Sadıqov
iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər