2026-cı il Fiziologiya və Tibb üzrə Nobel mükafatı sinir hüceyrələrinin işini işıq vasitəsilə idarə etməyə imkan verən optogenetika metodunun yaradılmasına görə Peter Hegemann, Georg Nagel və Karl Deisserotha verilib.
Banker.az Nobel Komitəsinə istinadən xəbər verir ki, bu metod canlı beyində sinir hüceyrələrinin yaddaş, hisslər və davranışların formalaşmasında necə iştirak etdiyini öyrənməyə imkan verir.
Kəşf birhüceyrəli yosundan başlayıb
Peter Hegemann və Georg Nagel 2000-ci illərin əvvəllərində işıq mənbəyinə doğru hərəkət edən birhüceyrəli “Chlamydomonas” yosununu araşdırarkən “channelrhodopsin” adlı xüsusi zülal aşkar ediblər.
Bu zülal mavi işıqla işıqlandırıldıqda hüceyrə membranında kanal açır və elektrik yüklü ionların hüceyrəyə daxil olmasına imkan verir. Nəticədə elektrik impulsu yaranır. Alimlər müəyyən ediblər ki, bu zülal başqa hüceyrələrə yerləşdirildikdə həmin hüceyrələri də işığa həssas etmək mümkündür.
Karl Deisseroth isə “channelrhodopsin” genini siçovulların sinir hüceyrələrinə yerləşdirərək mavi işıqla sinir siqnalını işə sala bilib. O, bu nəticəni 2005-ci ildə dərc edib, 2007-ci ildə isə metodu canlı siçanların beynində tətbiq etməyə nail olub.
Beyni işıqla idarə etmək mümkün oldu
Sinir hüceyrələrinin işıq vasitəsilə idarə olunması üsulu sonradan “optogenetika” adlandırılıb və qısa müddətdə nevrologiyanın əsas tədqiqat metodlarından birinə çevrilib.
Bu texnologiya alimlərə konkret yaddaş, emosiyalar və davranışlarla əlaqəli sinir dövrələrini müəyyən etməyə imkan verib. Metod nevroloji və psixiatrik xəstəliklərin öyrənilməsində də geniş istifadə olunur.
Hazırda optogenetikanın görmə qabiliyyətini itirmiş insanlarda görmənin qismən bərpası üçün tətbiqi üzərində də klinik tədqiqatlar aparılır.
Nobel Komitəsinin sədri Per Svenningsson bildirib ki, optogenetika beynin xəritəsini əvvəllər yalnız xəyal edilə bilən dəqiqliklə öyrənmək imkanı yaradıb.
Mükafat laureatlarının işi müasir nevrologiyada yeni dövrün əsasını qoyub və beynin necə işlədiyini anlamaq üçün elmə tamamilə yeni alət verib.
Nobel mükafatları isveçli ixtiraçı Alfred Nobelin vəsiyyəti əsasında 1901-ci ildən təqdim olunur. Fiziologiya və Tibb üzrə Nobel mükafatının laureatlarını Stokholmdakı Karolinska İnstitutunun Nobel Assambleyası seçir. Nobel mükafatı medal, diplom və pul mükafatından ibarətdir. Nobel Fondunun son açıqlanan məlumatına görə, bir Nobel mükafatının məbləği 11 milyon İsveç kronudur (1.1 mln ABŞ dolları).







