Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə müvafiq olaraq 186 milyon manat və 155 milyon manat artırılıb.
Banker.az xəbər verir ki, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində öz əksini tapıb.
Sənədə əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0.7 % çox), xərclərinin isə 41 milyard 703.6 milyon manat (+0.7 %) olacağı gözlənilir.
Son nəticədə dövlət büdcəsində 3 milyard 94.6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1.4 % çoxdur.
2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə ilkin variantla müqayisədə 144.1 milyon manat çox – 44 milyard 969.4 milyon manat, xərclərinin isə 156.2 milyon manat çox – 48 milyard 839.3 milyon manat olacağı gözlənilir.
Bunlar, 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2.3 % və 2.5 % çoxdur.
Son nəticədə icmal büdcədə 3 milyard 869.3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5.2 % çoxdur.






