2024-2027-ci illər ərzində xarici dövlət borcu üzrə həyata keçiriləcək əsas borc ödənişləri, habelə mövcud və yeni imzalanacaq kredit sazişləri çərçivəsində istifadələr nəzərə alınmaqla, 2027-ci ilin sonuna xarici dövlət borcunun 5.4 milyard ABŞ dolları və ya ÜDM-in 6.8 faizi həcmində olacağı proqnozlaşdırılır.
Banker.az bu barədə Maliyyə Nazirliyinin “2024-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sına istinadən xəbər verir.
2024-2027-ci illər ərzində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə emissiya olunacaq yeni dövlət istiqrazları, o cümlədən Aqrarkredit QSC-nin dövlət zəmanətli öhdəliklərinin dövlət borcu kimi təsnifləşdirilməsi nəticəsində daxili dövlət borcunun 2027-ci ilin sonunda 22.2 milyard manat və ya ÜDM-in 16.4 həcmində qərarlaşacağı gözlənilir.
Belə olan halda, 2027-ci ilin sonunda ümumi dövlət borcu 31.4 milyard manat və ya ÜDM-in 23.2 faizi həcmində olacağı proqnozlaşdırılır. 2023-cü ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 26803.6 milyon manat səviyyəsində olacağı gözlənilir və 119650.0 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 22.4 faizini təşkil edəcəkdir. Həmin dövrdə xarici dövlət borcu 10848.2 milyon manat (6381.3 milyon ABŞ dolları) və ya ÜDM-in 9.1 faizi həcmində, daxili dövlət borcu isə 15955.4 milyon manat və ya ÜDM-in 13.3 faizi həcmində olacağı gözlənilir. 2024-cü ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 27 milyard 678.0 milyon manat səviyyəsində olacağı gözlənilir və 118 milyard 383.3 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 23.4 faizini təşkil edəcəkdir. Həmin dövrdə xarici dövlət borcu 8 milyard 898.7 milyon manat (5234.5 milyon ABŞ dolları) və ya ÜDM-in 7.5 faizi həcmində, daxili dövlət borcu isə 2024-cü ilin sonuna 18779.4 milyon manat və ya ÜDM-in 15.9 faizi həcmində olacağı gözlənilir.
Beləliklə, ümumilikdə yeni çağırışlarla əlaqədar yaranan əlavə maliyyə tələbatının təmin edilməsi üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı həddinin 2024-cü ilin sonuna 24.0 faiz müəyyən edilməsi, ortamüddətli dövrün sonuna (2027-ci il) 17.5 faiz, dövlət borcunun ÜDM-ə nisbət göstəricisi üzrə isə 2027-ci ilin sonuna hədəflənən yuxarı həddin 30.0 faiz səviyyəsində olması təklif olunur.