Müxtəlif ölkələrin avtomobil istehsalçıları 2030-cu ilə qədər elektromobillərin və onlarla əlaqəli texnologiyaların inkişafına 515 milyard dollar sərmayə qoymağı planlaşdırırlar. Hesablamalara görə, 2019-cu ilin əvvəli ilə müqayisədə (300 milyard dollar) artım 70%-dən yuxarı qiymətləndirilir.
Elektrikli nəqliyyat vasitələrinə, onlar üçün akkumulyatorlara və s. planlaşdırılmış investisiyalar üzrə “Volkswagen” liderlik edir – o, 112 milyard dollar sərmayə qoymağı düşünür. Sonrakı yerlərdə “Daimler” (47 milyard dollar), “Stellantis” (36 milyard dollar), “Ford” (30 milyard dollar) və “GM” (28 milyard dollar) dayanır.
Analitiklər hesab edirlər ki, istehlakçıların elektromobillərə olan tələbatı avtomobil konsernlərinin iddialı planlarına uyğun gəlməyə bilər. “AutoForecast” şirkətinin analitiki Brayan Maksim bunu Soyuq müharibəyə bənzədir, çünki bir neçə şirkət bu proqramları işə saldıqları üçün digərləri də yeni qaydalara əməl etmək məcburiyyətində qalır.
Onun sözlərinə görə, “bu, bir çox avtomobil istehsalçılarını heç bir mənfəət gətirməyən avtomobil kateqoriyası üçün istehsal həcmlərini planlaşdırmağa məcbur edir”.