Biz artıq Azərbaycan bank icması adından 2030-cu ilə qədər dayanıqlı layihələrə 2 milyard manat maliyyə vəsaiti ayırmaq niyyətimizi bəyan etdik.
Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda bildirib.
O qeyd edib ki, bununla yanaşı, Dünya Bankı Qrupunun İqlim və İnkişaf Hesabatına əsasən, Azərbaycanın karbon emissiyalarını sürətlə azaltmaq üçün 2060-cı ilə qədər bank sektoru tərəfindən təqribən 30 milyard manatlıq investisiya tələb edilməkdədir.
“Bu maliyyələşmə təmini üçün isə ciddi institusional çərçivənin formalaşdırılması, yaşıl istiqrazların təşviqi, beynəlxalq inkişaf banklarının cəlbi və yaşıl maliyyələşmə fondlarının yaradılması labüddür. Mərkəzi Bank institusional çərçivənin yaradılması təşəbbüsünü öz öhdəsinə götürərək son illərdə dayanıqlı maliyyələşmənin təmini üçün vacib tənzimləyici qaydaların, təlimatların və tövsiyələrin hazırlanması üzərində çalışır. Sözügedən istiqamətdə ilk təşəbbüslərdən biri kimi elektrik və hibrid avtomobillər maliyyələşdirilməsi üzrə əlçatanlığın artırılması istiqamətində işləri qeyd edə bilərik. 3 il əvvəl start götürən bu proses nəticəsində Mərkəzi Bank tərəfindən requlyativ güzəştlər tətbiq edilib və banklara bu istiqamətdə kreditlərin ayrılması üzrə tövsiyələr verilib. Nəticədə 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17,8 faiz olduğu halda, cari ilin iyunun 30-na müvafiq göstərici 59,9 faiz təşkil edib”, – deyə ABA qeyd edib.