Könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun məbləği müəyyənləşib.
Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.
Qanuna 33-6-cı (Könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri) maddəsi əlavə olunur.
Maddəyə əsasən, könüllü dövlət daktiloskopik qeydiyyatının aparılmasına görə 20, könüllü dövlət genom qeydiyyatının aparılmasına görə isə 250 manat dövlət rüsumu müəyyən edilir.
Layihədə xatırladılıb ki, dövlət daktiloskopik və genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılır.
Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
-dövlət daktiloskopik qeydiyyatı – insan şəxsiyyətinin eyniləşdirilməsi üçün daktiloskopik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət;
-dövlət genom qeydiyyatı – insan şəxsiyyətinin eyniləşdirilməsi üçün genetik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət;