Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərmiş iki xarici şirkətin yerli strukturlarının ləğvi elan olunub.
Banker.az xəbər verir ki, Böyük Britaniyanın “Commonwealth Gobustan Limited” şirkətinin Azərbaycandakı filialı (VÖEN: 9900007571) və Britaniyanın Qərbi Hindistanının “Gobustan Operating Company Ltd” (Qobustan Əməliyyat Şirkəti) şirkətinin nümayəndəliyi (VÖEN: 9900007441) fəaliyyətini dayandıraraq ləğv olunduğunu elan edib.
Elanlara əsasən, hər iki qurumun kreditorları iki ay ərzində tələblərini AZ1018, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 75E, mənzil 1 ünvanına təqdim edə bilərlər.
“Commonwealth Gobustan Limited” şirkətinin filialı 27 aprel 1999-cu ildə dövlət qeydiyyatına alınıb və direktoru Vüqar Əliyev Faiq oğludur.
“Gobustan Operating Company Ltd” şirkətinin nümayəndəliyi isə 16 avqust 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Bu qurumun da direktoru Vüqar Əliyev Faiq oğludur.
Hər iki şirkət Azərbaycanın cənub-qərb Qobustan bölgəsində yerləşən neft-qaz yataqlarının işlənməsi məqsədilə həyata keçirilən Cənub-Qərbi Qobustanda hasilatın pay bölgüsü sazişi çərçivəsində fəaliyyət göstərib.
1998-ci ildə imzalanmış sazişə əsasən layihə SOCAR ilə xarici investorlar arasında həyata keçirilib. Layihənin əsas məqsədi mövcud yataqların bərpası, yeni ehtiyatların kəşfiyyatı və karbohidrogen hasilatının artırılması idi.
“Commonwealth Gobustan Limited” layihədə investor kimi iştirak edib, “Gobustan Operating Company Ltd” isə yataqlar üzrə əməliyyatların idarə edilməsini həyata keçirən operator şirkət kimi fəaliyyət göstərib.
Layihə çərçivəsində neft və təbii qaz hasilatı aparılsa da, sonrakı illərdə kommersiya fəaliyyətinin miqyası əhəmiyyətli dərəcədə azalıb.
2018-ci ildə “BP” Qobustanda hasilatın pay bölgüsü sazişində 61% iştirak payı əldə edib. Şirkət bu payı “Arawak Energy” şirkətinin törəmə müəssisəsi və “Vitol” qrupuna daxil olan “Commonwealth Gobustan Limited” şirkətindən satın almışdı. Sövdələşmə çərçivəsində “BP”, SOCAR-ın təsdiqi ilə müqavilə sahəsində perspektiv strukturların qiymətləndirilməsi məqsədilə bir kəşfiyyat quyusunun qazılmasını və həmin əməliyyatların operatoru olmağı da öhdəsinə götürmüşdü. Bu razılaşma ilə “Commonwealth Gobustan Limited”in layihədəki əsas iştirak payı “BP”yə keçmişdi.







