22 C
Baku
Sunday, June 26, 2022

“28 faizlə kredit götürən sahibkardan nə uğur gözləmək olar?”

“Azərbaycanın xaricdə saxladığı valyuta ehtiyatından 1 milyard gətirərək Beynəlxalq Banka verilib. Bu çox müsbət haldır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib. Deputat deyib ki, bu, Azərbaycan vətəndaşlarında yerli banklara qarşı da inam yaradır: “Uzun illərdir ki, mən Mərkəzi Bankın sədri Elman Rüstəmova deyirəm ki, bu vəsaitlər niyə yerli banklara gətirilmir? Əgər biz öz pulumuzu yerli banklara qoymuruqsa, öz banklarımıza inanmırıqsa, o zaman kim banklarımıza inanacaq? Elman müəllim hər dəfə deyir ki, Azərbaycan iqtisadiyyatı bu qədər maliyyəni qəbul etmək gücündə deyil. Mən demirəm ki, vəsaitin hamısı gətirilsin. Müəyyən həcmdə gətirilə bilər. Azərbaycan sahibkarlarının buna ehtiyac var.QUDI1481029530

Bizim banklar gedib özləri kreditlər götürür və bəzən 18 faizə sahibkarlara kredit verirlər. 22-28 faizlə kredit götürən sahibkardan nə uğur gözləmək olar?”. Q.Həsənquliyev qeyd edib ki, Azərbaycan neft ölkəsi olduğu üçün burada kimya sənayesi inkişaf etdirilməlidir: “Kimya sənayesini inkişaf etdirmək üçün maliyyə lazımdır. Biz neft ölkəsiyik, amma avtomobil şinləri, avtomobil yağlarını xaricdən alırıq. Bu sahələrə vəsaitlər qoymalıyıq. Biz Türkiyəyə vəsaitlər qoymuşuq. Azərbaycanın özündə iş yerlərinin açılması üçün böyük müəssisələrə vəsait qoyulması lazımdır”.

Deputat vurğulayıb ki, 2017-ci ilin dövlət büdcəsinin 10 faizi (1,6 milyard manat) təkcə xarici borcların ödənilməsinə xərclənəcək: “Biz mətbuatdan oxuyuruq ki, tender keçirilir və bəzən 3-4 gün əvvəl yaradılan şirkətlərə dəyəri 100 milyon dollarlıq tenderlər verilir. Bizim Hesablama Palatası obyektiv yoxlamalar aparır, nəticə haqda bizə məlumatlar verir. Məlum olur ki, hansısa məbləğdə pullar geri büdcəyə qaytarlılır. Deməli kim istəsə büdcə pulunu mənimsəyəcək və ən pisi sonradan bunu büdcəyə qaytarmalı olacaq. Məncə, belə hallar olduqda hüquq mühafizə orqanları bu işlərlə məşğul olmalı, belə hallara yol verənlər cəzalandırılmalıdır”.

Modern.az

Son xəbərlər
Oxşar xəbərlər