3 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna alınıb

2026-cı ildə daha 3 beynəlxalq şirkət elektron qaydada DVX-nin portalında vergi uçotuna alınıb. Bunlar İsveçrənin “Epic Games Commerce GmbH”, Almaniyanın “Contabo GmbH” və ABŞ-nin “Chess.com LLC” şirkətləridir. Bununla da elektron qaydada vergi uçotuna alınmış rəqəmsal xidmət təqdim edən qeyri-rezidentlərin sayı 10-a çatıb. Bu isə həmin şirkətlərdən xidmət alan fiziki şəxslər üçün əlavə ƏDV tutulmasının aradan qaldırılması deməkdir.

Belə ki, Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə əsasən, həmin şirkətlərə edilən ödənişlər zamanı vətəndaşların vəsaiti hesabına banklar tərəfindən əlavə ƏDV məbləğı artıq hesablanmır.

Qeyd edək ki, qeyri-rezident şirkətlərin ƏDV qeydiyyatına alınması ötən ildən başlayaraq Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində yaradılmış xüsusi portal vasitəsilə həyata keçirilir. Beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış portalın əsas məqsədi elektron ticarət xidməti göstərən transmilli şirkətlər üçün məsafədən və sadələşdirilmiş uçot imkanlarının yaradılması, onların fəaliyyət göstərdikləri və iqtisadi dəyər formalaşdırdıqları ölkədə yaranan ƏDV öhdəliklərinin bəyan edilməsini və ödənilməsini təmin etməkdir.

Son xəbərlər
Digər xəbərlər